"Azərbaycana qədəm qoyan kimi anarxiya ilə üzləzirsən"

img

03-08-2011 [06:52]


[b]Vurğun Əyyub: "Burda əsəblərin korlanır, hər addımbaşı hörmətsizliklə, tərbiyəsizliklə qarşılaşırsan" [/b] Maddi sıxıntı və hakimiyyətin təzyiqləri səbəbindən bir müddət əvvəl Türkiyənin Qars vilayətindəki Kafkas Universitetində dərs demək üçün ölkəni tərk edən Müsavat Partiyasının Divan üzvü, filologiya üzrə fəlsəfə doktoru Vurğun Əyyub Azərbaycana qayıdıb. Vurğun bəydən öncə Türkiyədən gəlişinin səbəbini soruşub, qardaş ölkə ilə buradakı vəziyyəti müqayisə etməsini istədik. - Mən sonuncu dəfə Azərbaycana fevral ayında gəlmişdim, bir də indi gəlmişəm. Azərbaycanın sərhəddinə ayaq qoyan məqamdan özünü təhqir olunmuş hiss edir, düzənsizlik, bir sözlə, analoqsuzluq yaşamaq məcburiyyətində qalırsan. Təsəvvür edin ki, Naxçıvandan Bakıya təyyarə 50 dəqiqəyə uçur, amma biz yükümüzü 52 dəqiqə gözlədik. Bu da bunların analoqu olmayan inkişafı, təriflədikləri idarəçilik. Təkcə bu fakt kifayət edir ki, ölkədəki vəziyyəti anlayasan. Sadə bir fakt ölkədəki idarəetmənin hansı vəziyyətdə olduğunu göstərir. Yəni Azərbaycana qədəm qoyan kimi anarxiya ilə üzləşirsən... - Belə çıxır ki, gəlməyinizə peşman olmusunuz? - Mən demirəm ki, bu yaxşı bir xasiyyətdir. Amma mənim üçün gəzdiyim, dolandığım yer yox, doğulduğum yer vətəndir. Fevral ayının 20-dən Bakıdan getmişəm. Təsəvvür edin ki, hər həftəni, hər günü saymışıq ki, Bakıya gedəcəyik. Gəlirsən, amma burda əsəblərin korlanır, hər addımbaşı hörmətsizliklə, tərbiyəsizliklə qarşılaşırsan. Amma Vətəndir, onun bu halı adamın ürəyini ağrıdır. - Başqa bir ölkədə, başqa bir cəmiyyətdə yaşayırsınız, o cəmiyyətlə, bizim cəmiyyətin proseslərə yanaşmasında hansısa oxşarlıq varmı, ümumiyyətlə, müqayisə aparmaq olarmı? - Zaur bəy, siz çox geniş bir mövzuya toxundunuz. Çox ciddi fərqlər var. Məsələlərə baxış bucağımız tamamiylə fərqlidir. Onlar cəmiyyətin azad nümayəndələridirlər, baxışları da azaddır. Ola bilər ki, biz onların səhv düşündüklərini iddia edək, amma azad düşünürlər. Məsələ ondadır ki, öz düşüncələri ilə danışırlar. Təbii ki, orda məni də təmin etməyən məsələlər var. Lakin biz cəmiyyət olaraq tamamiylə fərqliyik. Ümumiyyətlə, Azərbaycan televiziyasından "biz çox inkişaf eləmişik", "bizim analoqumuz yoxdur",- sözlərini eşidəndə, mənim gülməyim gəlir. Bu, lovğalıqdan başqa bir şey deyil. Biz avtoritar düşüncə tərzinə alışmış adamlarıq, başqa cür düşünə bilmirik. Başqa cür düşüncəni də qəbul etmək gücündə deyilik. - Azərbaycanda qanunlara və insan haqlarına münasibət bəllidir. Bəs orada necədir? - Qanunu pozmaq istəyənlər istənilən ölkədə var. Çox təəssüf ki, bizdə bəzi "siyasi bülbüllər" bunu o cəmiyyətlərin və hakimiyyətlərin xüsusiyyəti kimi qələmə vermək istəyirlər. Bu da yanlış yanaşmadır. Təbii ki, Türkiyədə də qanunu pozmaq istəyənlər var, amma qanunu pozmaq istəyənin cəzası da var. Bizdə isə qanunu pozmaqdan qorxmurlar. Çünki qanunu pozanlar başda oturublar. Bütün fəaliyyətlərini də ona yönəldiblər ki, qanunlar pozulsun. Sanki bu qanunları pozulmaq üçün yazıblar. Bu mənada Türkiyədə vətəndaşın da, məmurun da qanuna hörməti var. Bilirlər ki, bu qanun varsa, ona əməl eləmək lazımdır. Qanun pisdirsə, vətəndaşı təmin eləmirsə, onun dəyişdirilməsi istiqamətində çalışırlar. Bunun üçün də bizim hakimiyyətin radikal adlandırdığı mitinqlərdən tutmuş, müraciət yazmaq, məhkəməyə müraciət eləmək və digər qanuni yollardan istifadə edirlər. - Bəs təhsil sistemində necə, demokratik mühit varmı? - Azərbaycanda bir nəfər tələbə ağlına gətirə bilərmi ki, müəllimin ona haqsızlıq etdiyini düşünüb, məhkəməyə müraciət eləsin? Belə bir nümunə yoxdur. Çünki Azərbaycanda müstəqil məhkəmə yoxdur. Türkiyədə isə hər bir tələbə öz haqqını istədiyi kimi qoruya bilir. Bəzən heç narazılığını sənin özünə də bildirmir. Tutaq ki, sənin ona verdiyin qiymətdən narazıdırsa, prosedurlara uyğun olaraq ta məhkəməyə qədər şikayətini edir. Bundan əlavə, ölkədə məhkəmə, bank-kredit sistemi o qədər gözəl qurulub ki, insanların bu məsələlərdə hansısa problemi yoxdur. Türkiyədə ailəyə münasibət də bizdən çox fərqlənir. Uşağa qarşı çox böyük sevgiləri var. Bu, yalnız təhsilli adamların münasibəti deyil. Bizi səhər-axşam servis avtobusu evdən-işə, işdən-evə aparıb gətirir. Universitetin bir işçisi var, 3 yaşlı uşağını da özü ilə aparıb gətirir. Uşağı səhər universitetin uşaq bağçasına qoyur, axşam da işdən çıxanda evə aparır. Həmin 3 yaşlı qız avtobusu bir-birinə vurur, amma ana bir dəfə də o uşağa səsini qaldırmır. Sadəcə olaraq, irad tutur ki, o olmaz, bu olmaz! Amma biz olsaydıq, o uşağı sillələyərdik. Onlar ailəyə çox bağlıdırlar. Məsələn, onlar hər şənbə-bazar günü ailəsini götürüb harasa gəzməyə gedirlər. Amma biz daha çox dostlarımızla məclislərdə oturmağı xoşlayırıq. Bu qeyd etdiklərim bəlkə də çox sadə, xırda məsələlər kimi görünə bilər, amma bunlar cəmiyyətin əsasıdır. - Siz həmin ölkəyə təhsil vermək məqsədi ilə getmisiniz, amma həm də siyasətçisiniz. Bir siyasətçi kimi oradakı siyasi ab-havanı necə qiymətləndirirsiniz? İctimai-siyasi durum barədə nə deyə bilərsiniz? - O ölkədə qanun universitet müəlliminə siyasətlə məşğul olmağı qadağan edir. Universitet daxilində mən heç bir siyasi fəaliyyətlə məşğul ola bilməzdim. Təbii ki, mən prosesləri izləyirəm. Ancaq müqayisə olunacaq hər hansı bir şey yoxdur. Türkiyəni Avropa ilə müqayisə edə bilərsiniz. Çünki Avropa demokratiyası, Avropa seçki sisteminə uyğun olaraq hansısa irəliləyişlər, hansısa çatışmazlıqları müqayisə etmək olar, amma bizimlə müqayisə etmək məntiqsizdir. Azərbaycanda seçki deyilən bir şey yoxdur. Türkiyədə isə seçim var, doğrudur-yanlışdır, bu başqa məsələdir, ancaq seçki prosesinin özü demokratikdir. Ola bilməz ki, bir telekanalda baş nazirin mitinqini müxalifət liderinin mitinqindən artıq göstərsinlər. Ola bilməz ki, hansısa bölgədə baş nazirin mitinqinə, görüşünə icazə versinlər, onu təşkil eləsinlər, amma müxalifət liderinə şərait yaratmasınlar. Azərbaycanda isə bütün telekanallar və radio ancaq hakimiyyətin qulluğundadır, müxalifətin üzünə qapalıdır. Təbii ki, Türkiyədə də insanların qapısına gedib nəyisə paylamaq, vəd vermək kimi qüsurlar var. Amma ümumən siyasi prosesləri, seçki sistemini Azərbaycanla müqayisə etmək yanlışdır. Yalnız hakimiyyətə yarınmaq məqsədi güdən adamlar belə bir müqayisə apara bilərlər. - Bəs Azərbaycan Türkiyədə necə qəbul olunur? - (Tələsik) Özümüzü aldatmayaq. Bu da yalan bir təbliğatdır ki, guya Azərbaycanı hər yerdə tanıdıblar. Bilirsiniz ki, Qarsda kökən olaraq Azərbaycan türkləri çoxdur. Amma heç onların da Azərbaycan haqqında dərin məlumatları yoxdur. Biz özümüzü çox şişirdirik, guya Türkiyənin işi-gücü qurtarıb bizimlə məşğul olmalıdır. Adamlar Qarsda hələ də elə başa düşürlər ki, Azərbaycan ayrı, Naxçıvan ayrı bir dövlətdir. - Axı, Qarabağdan - bu məsələdə Türkiyənin prinsipial mövqeyindən danışırlar... - Kimlər danışır? İki-üç nəfər siyasi adamlardan başqa heç kim belə fikir səsləndirmir. Universitetdə ali təhsil verən professor hələ Naxçıvanın Azərbaycanın tərkibində olduğunu bilmir. Bu savadsızlıqdan irəli gəlmir. Sadəcə, Türkiyə Azərbaycanı nəyə görə dərindən tanımalıdır? Bir balaca tanıyan da xətrinə dəyməmək üçün istehza ilə deyir ki, rejimin əlində qalıbsınız. Bəziləri də deyir ki, nə qardaş, qardaş deyirsiniz, Gürcüstanla bizim aramızda nəinki viza rejimi qalxıb, hətta artıq pasport məsələsi də yoxdur. Yüzlərlə adam tanıyıram ki, mənə deyirlər, hocam, biz Bakını gedib görmək istəyirik, nə qədər qapılarda sürünüb viza almalıyıq? Bizi boş yerə aldadırlar ki, ölkəni dünyada tanıdıblar, guya hər kəs Azərbaycandan ötrü əldən-ayaqdan gedir. Bunun da bir səbəbi odur ki, Azərbaycan diasporaları kifayət qədər fəal deyillər. Fəaliyyət əvəzinə, yalançı bir nümayiş var. Faktiki olaraq, Azərbaycanı tanıdan, onun mədəniyyəti, adət-ənənəsini təbliğ edən tədbirlərə çox az yer verilir. Ola bilər, mən çox sərt yanaşıram, amma bu sərt yanaşma ondan irəli gəlir ki, bizim hakimiyyətin rəsmi təbliğatı ilə reallıq çox fərqlidir. - Vurğun bəy, başqa mövzuya keçək. Neçə vaxtdır siyasi fəaliyyətdən kənardasınız, ölkəyə qayıtdıqda ictimai-siyasi arenada, müxalifət düşərgəsində hansısa dəyişikliklərin şahidi oldunuzmu? - Buna qiymət vermək mənim üçün bir qədər çətindir. Etik baxımdan da düz deyil. Adama deyərlər ki, gedib oturmusan Qarsda, hadisələrin içərisində olmadan proseslərə qiymət verməyə çalışırsan. Bu baxımdan bir qədər çətindir. Digər tərəfdən də detalları hələ indi-indi öyrənməyə çalışıram. Məsələn, viza məsələsini mən Müsavat Divanında söylədim. Əgər istəyiriksə Türkiyə vətəndaşının rəğbətini qazanaq, özlərini bizim arxamızda bilsinlər, müxalifət olaraq viza məsələsini qaldırmalıyıq və üzərinə getməliyik. Hakimiyyət nümayəndələri deyirlər ki, müxalifət mitinqdən başqa heç nə bacarmır. Amma Müsavat Partiyasından 10-a yaxın qanun layihəsi Milli Məclisə təqdim olunsa da, bunların heç birinə cavab verilməyib. Yadınızdadırsa, 2003-cü ildə İsa bəy televiziyada stolun üstünə Müsavat Partiyasının iqtisadi proqramları ilə bağlı kitab qoydu. Hakimiyyətdən bunların birinə də hələ ki reaksiya verilməyib. Təklif elədim ki, bütün bunları tarixi ilə göstərmək lazımdır. Bunların üstünə getmək və hakimiyyətdən cavab tələb etmək lazımdır. Pisdir, yaxşıdır, təkliflərimiz, proqramlarımız var, ona hörmətlə yanaşılmalıdır. Müxalifət gördüyü işi təqdim etməyi bacarmalıdır. Mən bilirəm ki, buna imkanlar azdır. Televiziyaya buraxmırlar, amma hər halda bunları mətbuatda davamlı olaraq verib təbliğatda istifadə eləmək lazımdır. - Son dövrlər müxalifətin bir araya gəlməsi istiqamətində atdığı addımları necə qiymətləndirirsiniz? - Müxalifətin toparlanması, bir araya gəlməsi müsbət haldır. Birləşmə prosesindən kənarda qalıb hay-küy salanlara isə diqqət yetirmək lazım deyil. - Axı, müxalifət təkcə AXCP ilə Müsavat deyil, bunlardan başqa da müxalif qüvvələr var... - Mən hesab eləmirəm ki, onlar müxalifətdir. Əgər siz hesab edirsinizsə, o başqa məsələdir. Əsl müxalifət AXCP ilə Müsavatı hesab edirəm, qalanlarını müxalifət cəbhəsinə soxulan qüvvələr kimi görürəm. Əgər onlar hesab edirlərsə ki, müxalifətdirlər, getsinlər öz birliklərini yaratsınlar. Nə Müsavat, nə də Cəbhə öhdəlik götürməyib ki mütləq bunlarla bir yerdə olmalıdır. - Müsavatın qurultayının yaxın aylarda keçiriləcəyi bildirilir. Başqanlıq iddianız var idi, yenə də posta iddialısınız? - Öncə onu deyim ki, yadıma gəlmir belə bir iddianı dilə gətirim. Amma məndən soruşanda demişəm ki, niyə də iddiam olmasın? Mən əslində komanda adamıyam. Mənim üçün fərqi yoxdur ki, başqan mən oldum, ya bir başqası. Hesab edirəm ki, Müsavat başqanı olacaq adam komanda prinsiplərinə əməl etməyi bacarmalıdır. Başqan ən azından Müsavatın indiki gücünü qoruyub saxlamağı bacaran adam olmalıdır. - İsa Qəmbərdən sonra belə şəxslər varmı və kimlərdir? Məncə, belə adamlar barmaqla sayılacaq qədərdir... - (Sözümüzü kəsərək) Mən də o fikirdəyəm ki, barmaqla sayıla biləcək qədərdir. Bir partiyada İsa Qəmbərdən sonra partiyanı idarə edə biləcək adamlar barmaqla sayıla biləcək qədər olmalıdır. - Konkretləşdirə bilərsinizmi? - Təbii ki, özüm də daxil olmaqla, mənim fikrimdə namizədlər var. Ancaq onu indi açıqlamayacağam. Zamanı gələcək, seçim prosesi öncəsi fikirlərimi deyəcəyəm. Müsavat Partiyasının başqa partiyalardan fərqi ondadır ki, hər bir namizədə, özünü partiya üzvlərinə də, cəmiyyətə təqdim eləməyə imkan yaradır. Mən də o zaman öz fikrimi deyəcəyəm. - Hazırda bu posta əsasən Arif Hacılı, Arzu Səmədbəyli və Vurğun Əyyubun adları çəkilir... - Başqa adlar da çəkilə bilər və çəkilir də. Mən mövqeyimi qurultay yaxınlaşanda bildirəcəyəm. Zaur ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR