“Qarabağ” klubu ətrafında müəmma: Ağdama köçmə, namaz qalmaqalı və ya İmarət stadionunun fonunda şəkil çəkdirmək tamaşası...

img

27-06-2025 [23:19]


Ağdam futbol klubu “Qarabağ” təzəlikcə işğaldan azad edilən bölgələrə səfər edib, görüşlər keçirib. 
Qurban Qurbanovun çalışdırdığı komandanın üzvlərinin belə səfərləri təqdirəlayiqdi. 

Mia.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov həmçinin Ağdamda vaxtilə “Qarabağ”ın oynadığı və ona məxsus olan “İmarət” stadionunun yeni tikintisinin fonunda novbəti dəfə şəkil çəkdirib. 
Qurbanov kimi, biz də stadionun tikintisinin tezliklə başa çatmasını gözləyirik.

Yeri gəlmişkən, məlumat üçün deyək ki, stadion 1952-ci ildə tikilib. 1993-cü ildə isə erməni işğalı zamanı yararsız vəziyyətə düşmüşdü. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən yeni "İmarət" stadionunun təməli qoyulub. Stadionun tikintisinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ildə nəzərdə tutulub. 
Yəni, vaxta az qalıb. Cəmi bir ilə stadion hazır olacaq.

Bəs sonra? Ağdam klubu oraya köçəcəkmi? 

“Araz-Naxçıvan” kimi onun da Bakıdan yapışıb qalmaq ehtimalı varmı?

Qurbanovun və ya klub rəhbərliyinin bu xüsusda nə düşündüyünü hələ bilmirik. Sözdə hamı getmək istəyir. Amma hələ tam məskunlaşmayan Qarabağ bölgəsində klubun bünövrə salacağına heç ictimaiyyət də inanmır. İddialı görünən komandanın Bakıdakı lüks düzəndən əl şəkib regiona gedəcəyinə ehtimal verən yoxdu. Hələ üstəlik, nəzərə alsaq ki, 2 il bundan əvvəl klubun direktoru Əmrah Çelikəl də Ağdam klubunun Ağdama köçməsi ehtimalını qeyri-müəyyən müddətə sıfırlamışdı, onda biz ümumiyyətlə, boşuna danışırıq. 

Qurbanov bəs niyə hər dəfə gedib stadionun fonunda dayanıb camaatı həvəsə salır, anlaya bilmirsən.

Digər tərəfdən, hələ görək, tikinti vaxtında başa çatacaqmı? Gələn ilə çox var. Məsələn, Gəncə stadionunda işlər “İmarət”dən daha gec başlamışdı, artıq bitmək üzrədi. Qurbanovsa hələ ki, şəkil üçün taxtaların fonunda dayanır.

Premyer Liqa klublarının Bakıya “yapışıb” qalması heç də strateji deyil. Biz regionda futbolun inkişafını istəmirikmi? İstəyirik. Avropa standartlarına uygun stadionu xəyal edirikmi? Edirik. Ona niyə region klubları bölgəni qoyub Bakıya qaçır, gələn də getmək istəmir. Məsələn, ev oyunlarını Tovuzda keçirən “Turan Tovuz”un niyə Kürdəxanada baza tikdiyinə sualına bəlkə də nə vaxtsa, cavab tapacam. 

“Qarabağ”ın bölgəyə səfəri həmçinin bəzi futbolçuların Q.Qurbanov başda olmaqla, məsciddə namaz qılması ilə diqqəti çəlb edib. Xüsusilə Qurbanovun oğlu Musanın pişnamazlığı (namaz qıldırmaq – Z.M.) xeyli müzakirələrə səbəb olub. Bu xüsusda əldə etdiyimiz maraqlı məlumata görə, Musa uşaqlıqdan Quranı oxuyur və kitabı əzbər bilir. Bundan əvvəl də o, atasına və komanda yoldaşlarına pişnamazlıq edib.

Digər tərəfdən, deyilənə görə, Qurbanov həm namaz fotosunun yayılmasından narazı qalıb: o, belə görüntülərin ictimaiyyət üçün olmadığı düşüncəsindədi.

Baş məşqçi haradasa haqlıdı: bu fotonun şərh edilməsi zamanı dini təriqətçilik fikirlərinin çoxluq təşkil etdiyini müşahidə etdik. Təbii ki, soyuq başla fikirləşəndə Qurbanovun komandasının hansısa dini mesaj vermək istəyindən uzaq olduğunu başa düşürsən. Amma gəl, bunu camaata da başa sal. 

Bu arada “Qarabağ”ın səfərinə seçilmiş medianın dəvət edilməsi də nəzərimizdən qaçmadı, desəm, səmimi olaram. Səbəbini kimdən soruşdum, bilmədilər. Zarafatcıl həmkarlarımız bu xüsusda da fərqlənib: onlardan biri özünü Qurbanovun ətrafına yığışan seçilmişlərə montaj edib.

Dodağım qaçdı.

Gələn dəfə mən də özümü belə fotolara montaj edəcəm. Yadigar qalsın.

Zülfiyyə Mustafayeva

MAİ.AZ


 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR