Həsən Kərimov: ?AXCP-nin heç kimə yalvarmaq fikri yoxdur?

img

17-01-2011 [01:12]


Son seçkiləri uduzan müxalifət düşərgəsi ölkənin ictimai-siyasi proseslərini, növbəti mərhələdə nələr etməyi düşünməkdənsə, hələ də birləşmə məsələlərini müzakirə edir. Amma bu deyəsən, birlik istiqamətində aparılan danışıqlar da nəticəsiz qaldı. Hələlik rəsmi qərar olmasa da, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Müsavat-AXCP birliyinin baş tutmayacağını açıq şəkildə bəyan etdi və bildirdi ki, birlik istiqamətindəki müzakirələr başa çatıb, ortada isə birləşmə qərarı yoxdur. AXCP isə ?Mən səni sevəcəm, sən sevməsən də? prinsipindən əl çəkməyərək hələ də ümid edir. AXCP Ali Məclisinin sədri Həsən Kərimov da müsahibəsində Müsavatın qurultayına qədər dözəcəklərini deyir. - Hamıya məlum olduğu kimi, AXCP qurultayı bu məsələyə öz münasibətini bildirib və Müsavat Partiyası ilə heç bir şərt irəli sürmədən birləşmək haqqında qərarı var. İndi qərar vermək növbəsi qarşı tərəfindir. Qarşı tərəfdə isə bu məsələ hələlik yubanır. Bir sıra Müsavat funksionerlərinin mətbuata açıqlamasından da göründüyü kimi, məsələ hələ bir birmənalı şəkildə həll olunmayıb. Elə Müsavat funksionerlərinin açıqlamalarından görünür ki, birləşməyə mane olan qüvvələr var. Bütün bunlara baxmayaraq, biz ümidliyik ki, Müsavatın aşağı eşelonunda birləşmə tərəfdarları daha çoxdur, eyni zamanda sədr müavinləri, Divan üzvlərinin açıqlamaları da göstərir ki, birləşməyə meyl getdikcə güclənir. Hələlik qarşı tərəfin mövqeyini gözləyirik, onlar isə bu məsələnin qurultayda həll olunacağını bildirirlər. Bizim Rəyasət Heyətinin də qərarı var ki, Müsavatın qurultayına kimi müttəfiqlik münasibətlərimizi inkişaf etdirək. - Müsavatın birləşmə ilə bağlı qərarın olmadığını bildirirsiniz, amma Arif Hacılı bu günlərdə açıqlama verdi ki, Müsavat Partiyasında birləşmə ilə bağlı müzakirələr bitib. Yəni AXCP-Müsavat birliyi baş tutmayacaq. Bu açıqlamadan sonra nə gözləyirsiniz? - Bu, Arif Hacılının şəxsi fikridir. Arif Hacılı Müsavat Partiyası adından qərar verə bilməz. Qərarı Müsavatın Məclisi, Divanı, yaxud da qurultayı verəcək. Həmin açıqlamaya da Arif Hacılının şəxsi fikri kimi baxırıq. Onun bu cür açıqlamalar verməsinə baxmayaraq, sədr müavinləri, Divan üzvləri və digər rəhbər şəxslər bunun əksinə açıqlamalar verirlər ki, partiyada proses gedir və hələ də birləşməyə ümidliyik. Ona görə də çoxluğun fikrinə hörmətlə yanaşırıq. Biz Müsavata Partiyamızın rəsmi qərarını təqdim eləmişik, ancaq onlaran ali orqanlarının heç biri bizim məktuba cavab verməyib. Əgər rəsmi cavab verərlərsə, ondan sonra məsələyə münasibət bildirərik. - Axı Arif Hacılı Müsavatın əsas söz sahiblərindəndir. Beli bir şəxsin mövqeyi bu cürdürsə, bu birlik inecə baş tuta bilər, baş tutarsa, necə yürüyəcək? - Müsavat da, AXCP də demokratik təşkilatlardır. Ola bilər ki, partiyanın birinci şəxsinin də, ikinci şəxsinin də mövqeləri fərqli ola bilər, amma burada qərar verici orqanlar, Məclis və qurultay var. Qurultay nümayəndələrinin əksəriyyəti bu birliyə tərəfdar olacaqsa, mənə elə gəlir ki, Arif Hacılı tələsərək vaxtı qabaqlamamalıdır və bu kimi açıqlamalar verərək qurultay üzvlərinə təzyiq göstərməməlidir. Bu birlik baş tutandan sonra gələcəkdə partiyanın ad məsələsi, kimin sədr seçilməsi və digər məsələlər həll oluna bilər. Biz bunları texniki məsələ kimi qiymətləndiririk. Əsas birləşməkdir. Siyasi iradə ortalığa qoyularsa, bu məsələləri həll etmək asan məsələdir. - Arif Hacılının məlum açıqlamasında AXCP-yə ünvanlanan fikirlər səslənib. Qeyd olunur ki, onlar istəyirlər ki, İsa Qəmbər başqanlıqdan, siyasətdən getsin, Arif Hacılı kənarlaşsın, sonra Müsavatın bütün resurslarına sahib çıxsınlar. Sizin beəl bir istəyiniz varmı? - Mən Arif Hacılının belə bir açıqlama verməsinə çox təəssüf edirəm. AXCP-nin İsa Qəmbəri başqanlıqdan kənarlaşdırmaq və digər niyyətləri yoxdur. Biz müxalifətin birliyinə çalışmışıq. Biz Müsavatla eyni sosial bazaya malik olan, eyni məqsədə xidmət edən təşkilatıq. Çalışırıq ki, belə bir şəraitdə müxalifətin birliyinə nail olaq. Bu, nə Arif Hacılının, nə Həsən Kərimovun, nə Əli Kərimlinin, nə də İsa Qəmbərin istəyidir, bu, cəmiyyətin sosial sifarişidir. Arif Hacılının dediyi məsələləri isə qurultay həll edəcək. İsa Qəmbər də, Əli Kərimli də, digər istənilən şəxs namizəliyini verə bilər, ondan sonra başqanlıq məsələsi həll olunar. Bəri başdan belə bir fikiri ortaya atmaq, Müsavatda birləşmə ilə bağlı müzakirələrin başa çatdığını, birliyin baş tutmayacağı ilə bağlı fikirlər səsləndirmək Arif Hacılının birləşmək istəməməsindən irəli gəlir. - Əgər birləşmə məsələsi xalqın sosial sifarişidirsə, birləşməni istəməyənlən hansı nəyə xidmət edirlər? - Mənə elə gəlir ki, birləşməni istəməyənlər kiminsə dəyirmanına su tökməyə xidmət edir. Konkret hər hansı bir funksionerin adını çəkmək istəmirəm. Bu rejimin dəyişməsini istəməyən adamlar Müsavatla AXCP-nin birləşməsini istəmir. - Söhbət Arif Hacılıdan gedir... - (Sözümüzü kəsir) Mən kiminsə adını çəkmək istəmirəm. Bizim Müsavat Partiyası ilə müttəfiqlik münasibətlərimiz var. Ona görə də nə Müsavat Partiyasının daxili işlərinə qarışmıram, nə də funksionerlərinin açıqlamalarına ətraflı şərh vermək fikrim var. - Birləşmək təklifi İsa Qəmbərdən gəlib. Əgər bu, baş tutmasa, günahkar kimi görəcəksiniz? - Maraqlı sualdır. Yenə də deyirəm, biz müttəfiqlik sazişinə sadiq qalaraq bəri başdan kimisə nədəsə ittiham etmək fikrim yoxdur. Ancaq bilirəm ki, bu ideya İsa bəy tərəfindən irəli sürülüb. Mən İsa bəyi Azərbaycan siyasətində ciddi siyasətçi kimi tanıyıram, o, hər zaman verdiyi sözün arxasında dayanıb. Düşünürəm ki, AXCP-Müsavat birliyinin reallaşması ilə bağlı dediyi sözlərinin də üstündə dayanaxcaq. Bir məsələ də var ki, İsa bəy birliyin baş tutması ilə bağlı verdiyi sözün əleyhinə də də hər hansı bir açıqlama da verməyib. Ola bilər ki, İsa bəyin indiki halda bu məsələlər barədə açıqlama verməməsi partiyada gedən hansısa proseslərlə bağlıdır. - Mən başqa şey soruşurdum, birlik baş tutmasa, kimin yaxasından yapışacaqsınız? - Biz heç bir şərt irəli sürmədən birləşmək qərarı vermişik. Qurultayın qərarında da göstərilib ki, biz sadəcə səmimi birliyin tərədarıyıq və hər hansı bir şərt irəli sürmürük. Əgər birlik baş tutmasa, o zaman prosesə siyasətçilər və media təmsilçiləri qiymət verərlər. - Həsən bəy, açıq görünür ki, Müsavat birlik məsələsinə istəksiz yanarış, AXCP niyə birləşmə üçün minnətçi düşüb? - Bizim funksionerlərin birləşmə istiqamətindəki verdiyi açıqlamalar belə bir fon yarada bilər. Ancaq bizi düzgün başa düşün, biz bu gün birliyin səmimi tərəfdarıyıq. Biz Azərbaycanda bu rejimin dəyişdirilməsinin tərəfdarı olduğumuz üçün tez-tez bu açıqlamaları veririk. Düzdür, mən də sizinlə razıyam ki, guya biz minnətçi düşmüşük. Hətta o fikir də səslənə bilər ki ?Səni sevəcəm, sən sevməsən də?. Amma biz səmimi birliyin tərəfdarıyıq, müxalifətin güc mərkəzinin yaranmasını istəyirik. Eyni sosial bazaya, eyni əqidəyə, eyni ideyaya malik olan qüvvələrin birliyinin tərəfdarıyıq. Ola bilsin, bu gün bu istiqamətdəki səylərimiz yalvarış kimi görünsün. Ancaq AXCP-nin birlik üçün heç kimə yalvarmaq fikri yoxdur. Biz deyirik ki, gəlin gücləri birləşdirək. Özümüzün kifayət qədər gücümüz də, strukturlarımız da, hədəfimiz də var, getdiyimiz yol da məlumdur. Sadəcə olaraq, deyirik ki, gəlin bir yerdə gedək. Bu mənada bizim atdığımız addımlar, verdiyimiz açıqlamalar şəxsi mənafeyə deyil, ümumi maraqlara xidmət edir. Ona görə də AXCP-nin minnətçi düşməsi ilə bağlı deyilənlər doğru deyil. - İsa Qəmbər Azadlıq Radiosunda müsahibəsində bildirmişdi ki, AXCP-Müsaat birliyi onun üçün hədəf deyil, əsas istəyir Rəsulzadə-Elçibəy yolunda olan partiyaların bir arada olmasıdır. Bu birlik də İctimai Palata formatında baş tutmuş hesab olunur, yəniartıq bundan sonra Müsavat başqanı üçün belə önəmli deyil... - İctimai Palata böyük bir vətəndaş hərəkatıdır. Burada 2010 parlament seçkilərində hüquqları pozulan namizədlər, eyni zamanda qeyri hökumət təşkilatları, ictimai xadimlərin birliyidir. Orda olanların hamısı Rəsulzadə-Elçibəy yolunda olan qüvvələr deyil. Orda elə insanlar var ki, vaxtiylə Elçibəy haqqında qalaq-qalaq təhqiredici yazılar yazırdılar, fikirlər səsləndirirdilər. Biz Rəsulzadə-Elçibəy yolunda olanların birliyini Müsavat və Xalq Cəbhəsi birliyində görürük. - Başqa qüvvələrin orda təmsil olunmasını da istəmirsiniz... - Niyə ki, əgər gələcəkdə kim bu rejimə qarşı mübarizə aparacaqsa, bizimlə bir yerdə ola bilər. Əgər bizim birliyimiz baş tutarsa, onda bu birlik ətrafında birləşmək məsələsini müzakirə edə bilərik. - Həsən bəy, başınız birləşmə məsələlərinə qarışıb müxalifət olaraq nə edəgəksiniz, hakimiyyətə qarşı hansı formada mübarizə aparacaqsınız və bu kimi digər məsələlər barədə düşünmürsünüz. Mübarizəyə başlamaq üçün gücünüz yoxdur, yoxsa necə? - Gücümüz var. Son dövrlər əsasən birləşmə məsələsi önə çıxsa belə Azərbaycan Xalq Cəbhəsi Partiyası 2011-ci il fəaliyyət proqramını müzakirə edərək Rəyasət Heyətində qəbul edib. Yəqin ki, yaxın vaxtlarda bu il üçün hazırlanan fəaliyyət proqramı Ali Məclisin müzakirəsinə veriləcək. Biz 2011-ci ildə AXCP olaraq diqqəti təşkilatma məsələsinə yönəldəcəyik, bu ili Seçki Məcəlləsinin dəyişdirilməsi uğrunda mübarizə ili elan etmişik. Yəni bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Rafon şöbələri mütəmadi olaraq iclaslarını keçirir, müşavirələr keçirir, partiyanın rəhbər şəxslərinin iştirakı ilə zona müşavirələrinin keçirilməsi planlaşdırılıb. Qısa zamanda bizim fəaliyyətimizi hiss edəcəksiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR