Bu gün onun doğum günüdür.
O, 1927-ci il noyabr ayının 26-da Qərbi Azərbaycanın indiki Ermənistan Respublikasının inzibati xəritəsinin sərhədləri içində qalmış Dərələyəzin Qovuşuq kəndində anadan olub.
İki gün əvvəl onun ad günü sözün təkcə məcazi deyil, hərfi mənasında belə, ikinci evi sayılmalı olan Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin böyük akt zalında möhtəşəm bir tədbirlə qeyd olundu.
Tədbirə ancaq universitetin müəllim və tələbələri qatılmamışdılar, ictimai- siyasi xadimlər, elm adamları, millət vəkilləri və digər titulsuz- filansız, sadəcə, onu tanıyan insanlar gəlmişdi.
Söhbət Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor, filologiya elmləri doktoru, ötən əsrin 90-cı illərinin əvvəllərində o zamankı Azərbaycan Respublikasının tez-tez dəyişən siyasi rəhbərliyinin ölkədəki siyasi proseslərdən təcrid etməyə çalışdıqları, blokadadakı Naxçıvan Ali Məclisinin sədri vəzifəsində ölkəmizin bir hissəsində həyatı axara salmağa çalışan Heydər Əliyevə Bakıya gəlmək üçün çağırış edən 91 nəfərdən biri, adı YAP-ın qurucuları siyahısındakı ilk yerlərdə yazılan Həsən Mirzəyevdən gedir.
Tədbirdə iştirak edən məşhur simalarımızdan biri, AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmovun orijinal müqayisəsi maraqlı idi.
Abel Məhərrəmov xatırladı: "Düz on il əvvəl elə bu akt zalında Həsən Mirzəyevin 80 illiyi keçirilirdi və onda o, səhnədə - orada oturmuşdu. İndi Həsən müəllim bu səhnədə, həmənki yerdə oturmur, lakin zala baxıram və görürəm ki, bu gün onun yubileyində iştirak edən insanların sayı 10 il əvvəlkindən kifayət qədər çoxdur, bu isə o deməkdir ki, Həsən Mirzəyevin yeri buradakı insanların qəlbində yuva salıb və onlar bu tədbirdə iştirakı mənəvi borc bilərək gəliblər. Bu, insan ömrünün mənasını ifadə edən faktdır”.
Hə, universitetin böyük akt zalındakı oturacaqlarda boş yer, demək olar ki, görünmürdü.
Tədbirdə çıxış edənlər çox idi: universitetin rektoru professor Cəfər Cəfərov, AMEA-nın vitse- prezidenti, millət vəkili İsa Həbibbəyli, Milli Məclis mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, millət vəkili Aydın Mirzəzadə, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və digərləri Həsən Mirzəyev haqqında kifayət qədər danışdılar. Onlar alim haqqında danışarkən daha çox Həsən Mirzəyevi bir insan kimi xarakterizə edirdilər. Söhbət ondan getmir ki, o çıxış edənlərin professor Həsən Mirzəyevin dilçilik elmindəki yerini təqdim etmək üçün qabiliyyətləri və ya məlumatları çatmırdı, yox, onlar, sadəcə olaraq türkoloq dilçinin insani keyfiyyətlərini yada salır, gündəlik həyatda gördükləri Həsən Mirzəyevi xatırlayırdılar.
Bizlər, professor Həsən Mirzəyevin tələbələri əlavə olaraq onu da xatırlayır ki, müəllimlərimizin ən ötkəmlərindən sayılan o bəstəboy kişi sözünün sahibi idi. Biz bilirdik ki, bu sözünün sahibi kimi tanıdığımız professor Həsən Mirzəyev Azərbaycan filologiyasının inkişafında hansı xidmətləri göstərib. Onu da bilirdik ki, Həsən Mirzəyev araşdırma üçün mövzu seçərkən adətən mübahisəli, tədqiq olunmamış, dilçilərin və folklorşünasların toxunmadığı məsələləri tədqiqata cəlb
edir, bu isə özünü alim kimi təsdiq etmək iddiası deyil, elmə faydalı olmaq istəyinin bir göstəricisidir. Buna görə dir ki, hətta bədxahları belə, Həsən Mirzəyevin Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaratdığını, bu məktəbin özülünü fundamental monoqrafiyalarla qurduğunu, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feili sifət, feilin təsir kateqoriyası) tədqiq edərək inandırıcı nəticələrlə mübahisələrə son qoyduğunu qəbul edirdilər. Bu gün Azərbaycan filologiyasında professor Həsən Mirzəyevin "Dərələyəzin toponim və şivə sözləri”, "Dərələyəz folkloru”, "Qərbi Azərbaycanın Dərələyəz mahalı” (ensiklopedik məlumat) kimi sanballı monoqrafiyaları alimlərin və elmi yaradıcılıqda ilk addımlarını atan elmi işçilərin əsas istinad mənbələrindən biri hesab olunur.
Vurğulamamaq olmaz ki, professor Həsən Mirzəyev heyrətamiz məhsuldarlığa nail olmuş alimlərdəndir: o, böyüklü-kiçikli, müxtəlif səpkili (monoqrafiya, jurnal, qəzet məqalələri, tezis, tədris proqramı, şer və s.) 750-dən artıq yazının, o cümlədən, 200-dən çox elmi əsərin müəllifi olub. Bunlar hamısı deyil, onun 25 kitabı, 8 tədris proqramı çap olunub, 25 kitabdan on ikisi 15 cildlik külliyatına daxildir ki, bu 14 cildin ümumi həcmi 750 çap vərəqindən artıqdır. 60 əsərin elmi redaktoru, 15-nin rəyçisi, 5-nin məsləhətçisi olmaqla bərabər, 14 elmlər namizədi və elmlər doktorunun opponenti olmaq, xeyli elmlər doktoru və elmlər namizədi yetişdirmək üçün də hansı enerji sərf etmək lazım olduğunu demək artıqdır.
Həsən Mirzəyev canlı orqanizm olan dilin öyrənilməsini, onun inkişafı yollarının müəyyənləşdirilməsini aktual məsələlərdən biri hesab edirdi və ona görə idi ki, hələ 80-ci illərdə bunun üçün sözün hərfi mənasında, mübarizə aparırdı və nəhayət, universitetdə "Müasir Azərbaycan dili” kafedrasının yaranmasına da ona görə nail oldu.
Bunlar professor Həsən Mirzəyevin Azərbaycan elminə heç kimin inkar edə bilməyəcəyi xidmətləridir. Bütün bunlarla bərabər, Həsən Mirzəyev alimliklə yanaşı, insan olmağı da bacarıb və etiraf edək ki, bu hər elm adamına nəsib olmur.
Azərbaycanın elə bir bölgəsi yoxdur ki, mentalitetimizin ən dəyərli keyfiyyətlərini özündə ifadə edən, bəzən sadəlöhv görünəcək qədər sadə olan o insanın gedəcəyi yüzlərlə ocaq olmayaydı. Bu gün də həmin ocaqlarda onu ehtiramla xatırlayırlar.
O, insanlara dayaq olacaq qədər bir ürəyin sahibi idi. Buna görədir ki, ölkəmizdə 90-dan çox şair və şair təbiətli kəslər onun həyat yolunu, ömrünün mənasını 170-dən artıq şer və 4 poema ilə ifadə etməyə çalışıblar.
Ümumilikdə isə həmin əsərlərin ümumi həcmi 6000 (altı min) misradan çoxdur.
Təkcə bizlər, onun tələbələri deyil, professor Həsən Mirzəyevi tanıyanların hamısı bilir ki, o, inadkarcasına mübariz idi: belə insanlar son nəticəyə qədər mübarizə aparmağı bacarırlar.
O, ümummilli lider Heydər Əliyevin ən sadiq və ona münasibətdə ən təmənnasız silahdaşlarından biri olub, prezident İlham Əliyevin siyasi hakimiyyətə gəlişinin zəruriliyini əsaslandıran YAP üzvü, millət vəkili kimi də yadda qalıb, lakin ümumilikdə Həsən Mirzəyev xalq adamı kimi tanınıb. Həsən Mirzəyevin Milli Məclisin iclasları zamanı qatı müxalifətçilərə belə bir doğma kimi müraciət edərək hansı siyasi mədəniyyət göstərdiyinə də çoxları şahid olub.
Belə insanlar, təəssüf ki, çox olmurlar, amma yaxşı ki, onlar nümunəyə çevrilə bilirlər. Ona görədir ki, paytaxtımızın II Fəxri Xiyabanında əbədi ünvan qazanan Həsən Mirzəyevin məzarı üzərində həmişə tər güllər görmək olur.
Hesab edirik ki, Həsən Mirzənin ən mükəmməl portretini onun elmi məktəbinin müdavimlərindən biri, filologiya üzrə elmlər doktoru xanım Mahirə Nağıqızı bu misralarla yarada bilib:
El oğluydu, el adamı- dedilər,
Tək qoymayıb bir adamı- dedilər.
Ata, qardaş, əmi, dayı- dedilər,
Dağda, düzdə Həsən Mirzə yaşayır.
Hə, belədir. Nə yaxşı ki, belə insanlarımız olur və nə yaxşı ki, onları yaşadacaq xalqımız var- həyatın ən böyük təsəllisi də budur.
Firuz Kazımoğlu,
26.11.17.