"Kərkük necə olursa olsun, geri alınacaq" - Baş qərargah rəisindən Bərzaniyə açıq savaş xəbərdarlığı

img

13-10-2017 [21:25]


Iraq ordusunun Baş qərargah rəisi Osman əl Qənimi Ankaraya səfəri və son günlər Kərkük ətrafında yaşanan müharibə havası ilə bağlı Türkiyə mətbuatına maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, Ankaraya səfərinin çox yaxşı keçdiyini, bir çox sahələr üzrə birgə hərəkətlə bağlı razılaşdıqlarını deyib.

Baş qərargah rəisi bölgədə İŞİD, PKK/YPG terror qruplarına qarşı Türkiyə ilə ortaq hərəkət edəcəklərini deməklə bərabər, Şimali İraq Kürd Muxtariyyəti ilə neftlə zəngin olan Kərkük uğrunda savaş həddinə çatmalarını etiraf edib:

"Biz Kərkükə kiçik İraq deyirik. Çünki orada türkmənlər, ərəblər, kürdər, xristianlar və digər başqa etnik və dini qruplar yaşayır.  Kərkük bizim ən önəmli şəhərlərimizdən biridir. 

Çox təəssüf ki, 2014-cü ildə İŞİD-in Kərkükə daxil olmasından sonra İraqın 12-ci hərbi birləşməsinin silahları peşmərgə tərəfindən ələ keçirilib. Və sonradan elə bu silahların gücü ilə Kərkükdə qeyri-qanuni sistem tətbiq ediblər.  

Ancaq bir daha deyirəm: Kərkük Iraqındır, hər nə şəkildə olursa olsun, geri alınacaq. İraq ordusu olaraq, bizim Kərkükə bağlı üzərimizə düşən vəzifə və hərəkətlərimiz olacaq. Hazırda ordu mərkəzi hökumətdən əmr gözləyir. İstər güc, istərsə də başqa yolla olsun, Kərkükə faktiki nəzarət bərpa olunacaq".

Baş qərargah rəisi Kərkük daxil olmaqla, kürd muxtariyyətinin bütün sərhəd-keçid məntəqələrinin artıq mərkəzi hökumətin nəzarətində olduğunu bildirib: "Bütün sərhədimiz nəzarətə götürülüb. Türkiyə bu məsələdə bizə çox dəstək verdi. Hətta neft alqı-satqısını da bundan sonra Bağdadla aparacaq. Bundan başqa, Ankara bütün hava məkanını da Ərbilə bağlayacağını bəyan edib. Yəqin yaxın günlərdə bu da gerçəkləşəcək".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA