Rumıniyada Bəkir çobanzadənin adına verilmiz küçənin açılızı olub

img

11-08-2010 [02:14]


Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə Rumıniyanın Tekirgöl şəhərinin mərkəzi küçələrdən birinə böyük Azərbaycan alimi, professor Bəkir Çobanzadənin adı verilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, açılış mərasimində çıxış edən Tekirgöl şəhərinin meri Adrian Stan Bəkir Çobanzadənin şəxsiyyəti haqqında ətraflı məlumat verərək toplantı iştirakçılarını görkəmli alimin keçdiyi həyat yolu ilə tanış etmiş, qəbul olunan qərarın Tekirgöl şəhərinin türk və tatar icmaları tərəfindən böyük məmnuniyyət hissi ilə qarşılandığını, tanınmış alim, professor B.Çobanzadənin şərəfinə adı dəyişdirilmiş keçmiş Tomis küçəsinin Tekirgöl şəhərinin mərkəzi küçələrindən biri olduğunu və gələcəkdə qeyd olunan ünvanda B.Çobanzadənin büstünün qoyulmasının nəzərdə tutulduğunu diqqətə çatdırmışdır. Rumıniya tatar icmasının parlamentdəki nümayəndəsi Aledin Amet təmsil etdiyi milli azlıq adından Azərbaycan dövlətinə, səfirliyə və Heydər Əliyev Fonduna irəli sürülən təşəbbüsə görə təşəkkürünü bildirmiş, bənzər təşəbbüsün Konstansa vilayətinin türk və tatar icmalarının kompakt şəkildə məskunlaşdığı əsas şəhərlərindən biri olan Məcidiyyədə də həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirmiş, burada görkəmli alimin adının şəhərin əsas parklarından birinə veriləcəyini qeyd etmişdir. Səfirliyin əməkdaşı Fəxri Kərimli Rumıniya-Azərbaycan əlaqələrinin bugünkü yüksək səviyyəsindən danışaraq Tekirgöl bələdiyyəsinə və onun timsalında Rumıniya dövlətinə Azərbaycan aliminin xatirəsinin əbədiləşdirilməsinə görə təşəkkürünü ifadə etmişdir. Digər çıxışçılar gələcəkdə də Azərbaycan ilə mədəniyyət və digər sahələr üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırmış, birgə layihələr həyata keçirmək istəklərini ifadə etmiş, Qara dəniz və Tekirgöl arasında yerləşən və bütün Avropada müalicəvi palçıq əsasında şəfa prosedurları həyata keçirən sağlamlıq ocağı kimi məşhur olan Tekirgöl şəhəri ilə Azərbaycan şəhərlərindən birinin qardaşlaşması təşəbbüsünü irəli sürmüşlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA