ADP hakimiyyəti Ukraynaya etiraz notası göndərməyə çağırır

img

03-05-2010 [05:59]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və qarşıdan gələn parlament seçkilərinə partiyanın hazırlıq vəziyyəti əsas müzakirə obyekti olub. M.Çavuşoğlunun Azərbaycandakı seçkiöncəsi vəziyyətin guya beynəlxalq demokratik tələblərə uyğun olması barədə səsləndirdiyi bəyanata mövqe bildirən toplantı iştirakçıları bu bəyanatın reallığı əks etdirmədiyini və digər beynəlxalq təşkilatların ölkəmizdəki demokratik vəziyyətin ağır durumda olması barədə səsləndirdikləri bəyanatlara uyğun gəlmədiyini bildirib. İH üzvləri hazırkı şəraitdə Azərbaycanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, KİV üzərində hakimiyyətin total nəzarətinin davam etməsi, sərbəst toplaşma azadlığının davamlı olaraq məhdudlaşdırılması, seçki komissiyalarının tərkibinin hakimiyyətin üstünlüyünü təmin edəcək tərkibdə formalaşması, kütləvi aksiyaların qarşısının şiddətli təzyiqlər vasitəsi ilə alınması faktının mövcudluğunu əsas gətirərək seçkiöncəsi şəraitin heç də M.Çavuşoğlunun dediyi kimi olmadığını bir daha diqqətə çatdırıb. Aprelin 30-da Dövlət Neft Akademiyasında terrorun qurbanı olanların anım mərasiminə gedən insanların qarşısının polislər tərəfindən alınması, antiterror aksiyasında iştirak edənlərə güc tətbiq edilməsi və onların bir çoxunun qanunsuz olaraq həbs edilməsi faktını qətiyyətlə pisləyən İdarə Heyəti üzvləri bu addımın dolayısı ilə iqtidarın terroru dəstəkləməsi anlamına gəlməsini təəssüflə qeyd edib və hakimiyyəti aksiya zamanı həbs edilən gənclərin dərhal azadlığa buraxılması üçün təcili tədbirlər görməyə çağırıb. İdarə Heyəti üzvləri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin Ermənistan dövlətinin təcavüzkar xislətini ortaya qoyan və bu ölkənin monoetnik siyasət yeridərək ərazisində yaşayan digər xalqlar üzərində etnik təmizləmə siyasəti aparmasını təkzibedilməz faktlar əsasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmasını təqdir edib və bu sahədə səylərin artırılmasını zəruri hesab edib. Milli Məclisdə ?Normativ hüquqi aktlar haqqında? qanun layihəsinin müzakirəyə çıxarılmasına münasibət bildirən İdarə Heyəti üzvləri prezidentə hüdudsuz səlahiyyət imkanları yaradan qanunlar qəbul edilməsinin konstitusiyaya zidd olduğunu bildirib və bu halın ölkədə avtoritarizmin güclənməsinə və respublika quruluşu üçün əsas şərt olan hakimiyyət bölgüsünün ali icra hakimiyyətinin xeyrinə bərabərlik prinsipinin pozulmasına səbəb olacağından narahat olduğunu ictimaiyyətin diqqətinə çatdırıb. ?Emnisti İnterneşnəl? beynəlxalq insan hüquqları müdafiə təşkilatının Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, sərbəst toplaşma azadlığının məhdudlaşdırılması və kütləvi aksiya iştirakçılarına aşırı güc tətbiq edilməsi ilə bağlı yaydığı hesabata diqqət çəkən toplantı iştirakçıları reallığı əks etdirən bu cür hesabatlardan nəticə çıxarmağın vaxtı çatdığını qeyd edib və hakimiyyəti insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı konstitusiya və beynəlxalq öhdəliklərlə üzərinə götürdüyü vəzifələri yerinə yetirməyə çağırıb. Ölkədə intihar hallarının getdikcə artmasından və adi hala çevrilməsindən narahat olduqlarını bildirən İdarə Heyəti üzvləri intihar faktlarının ölkədə aparılan yanlış sosial-iqtisadi siyasətdən və mənəvi-psixoloji sahələrdə yaranmış boşluqlardan qaynaqlandığını qeyd edib və kəskin qütbləşmənin, əhalinin böyük kəsiminin yoxsulluq həddindən də aşağı vəziyyətə düşməsinin, kriminallaşma və korrupsiya zəminində əhalinin aşağı təbəqəsinin daha müflis vəziyyətə salınmasının, televerilişlərdə xalqın ağır zəhməti hesabına ucuz gəlirlər əldə edənlərin harın yaşayışının təbliğ edilməsinin və xalqımızda mənəvi düşkünlük yaradan digər sosial neqativlərin hökm sürdüyü bu vəziyyətin qarşısının alınmaması şəraitində intihar hallarının daha da arta biləcəyini diqqətə çatdırıb və cəmiyyətimizi sarsıdan bu halların aradan qaldırılması üçün təcili tədbirlər görməyə çağırıb. Ukraynada baş verən son dəyişilmələrə və bu ölkənin qərb oriyentasiyalı siyasi kursunun kəskin surətdə Rusiyaya meyllənməsinə diqqət çəkən toplantı iştirakçıları adı çəkilən ölkədə demokratiyanın dayaqlarının sarsıdılmasının əsas səbəbi kimi qərbin, o cümlədən ABŞ-ın MDB ölkələrində başlanan demokratik inqilablara axıra qədər dəstək verməməsi və demokratiyanın kövrək dövrünü yaşayan bu ölkələri imperialist niyyətindən əl çəkməyən Rusiyanın çəngində tək saxlaması olub. Bu ölkənin yeni prezidenti V.Yanukoviçin GUAM-n mövcudluğuna kölgə salan və MDB ərazisində olan münaqişəli zonaların müstəqilliyinin tanınması kimi regionun təhlükəsizliyinin pozulmasına xidmət edən zərərli bəyanatlarına münasibət bildirən İdarə Heyəti üzvləri münaqişə ölkəsi olaraq Azərbaycan hakimiyyətinin bu bəyanatlara siyasi mövqe bildirməsinin vacibliyini qeyd edib və hökuməti müstəqilliyimizin əleyhinə yönələn bu bəyanata etiraz notası göndərməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA