ADNA-dakı terrorla bağlı keçirilən məhkəmədə ittiham aktı oxunub

img

21-04-2010 [01:49]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror hadisəsi ilə bağlı təqsirli bilinən şəxslərin işi üzrə məhkəmə baxışı keçirilir. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilənlərdən biri Cavidan Əmirov dövlət tərəfindən təyin edilmiş vəkilin xidmətlərindən imtina edib. Məhkəmə prosesində itirak edən zərərçəkmişlər isə bildiriblər ki, təqsirləndirilən şəxsləri azərbaycanlı vəkil müdafiə etməməlidir. Zərərçəkmiş Nüşabə Nağıyeva isə Fərda Qədirovun valideynlərinin məhkəməyə çağırılaraq ifadə verməsini istəyib. Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını oxuyub. Təqsirləndirilən şəxslər isə ittiham aktında göstərilən məsələlərlə bağlı özlərini təqsirli bilməyiblər. Təqsirləndirilənlər Cavidan Əmirov və Nəcəf Süleymanov ittiham aktı oxunarkən qulaqlarını tutaraq və arxalarını çevirərək etiraz ediblər. Zərərçəkən Qurban Mehdiyev ittiham aktına etiraz edərək bildirib ki, onun qohumu Yusif Bəndəliyev Fərda Qədirova müqavimət göstərərək həlak olub, amma bu ittiham aktında qeyd olunmayıb. Hakim isə dövlət ittihamçısına ititham aktına bu barədə düzəliş etməyi tapşırıb. Daha sonra zərərçəkənlər, ADNA-dakı terrorun təşkilatçısı olan Martin Qumaşyanın da tutularaq məhkəməyə gətirilməsini istəyiblər. Prokuror isə bildirib ki, o, hazırda axtarışdadır. Hazırda məhkəmə prosesində 1 saatlıq fasilə elan edilib. Xatırladaq ki, Cinayət işi üzrə təqsirləndirilən 4 nəfərdən Cavidan Amirov Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Nadir Əliyev və Nəcəf Süleymanov CM-nin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Ariz Qabulov isə CM-nin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham olunurlar. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib. Qeyd edək ki, 2009-cu il aprelin 30-da baş veriən qanlı hadisədə F.Qədirovun ADNA-nın ikinci korpusuna daxil olaraq inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə ?Makarov? tipli tapançadan atəş açması nəticəsində 12 nəfəri ölüb, 13 nəfər yaralanıb. O, daha sonra özünü vuraraq intihar edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA