Nazarbayevə qarşı etiraz - Maskalılar meydanda (FOTOLAR)

img

21-05-2016 [21:49]


Bu gün Qazaxıstanın keçmiş paytaxtı Almatıda və hazırkı mərkəzi Astanada Nazarbayev hökumətinin  torpaq islahatına qarşı  planlaşdırılan aksiyaları polis qüvvələri dağıdıb.  


Ölkənin şimalında yerləşən Pavlodar şəhərində də aksiya keçirməyə cəhd edənlər saxlanılıb.

 Almatada planlaşdırılan aksiya keçmiş paytaxtın  Respublika meydanına təyin edilmişdi, amma hələ bir neçə gün əvvəldən meydana gedən küçə və prospektlər xüsusi nəzarətə alındığından, aksiyaçıların meydanda toplaşmaq şansları olmayıb. Hökumət Qazaxıstanda baş verənlərin yayılmaması üçün sosial şəbəkə və Youtub, eləcədə Qərb KİV-lərinə girişləri bağlayıb. Rəsmi Astana bu faktları təkzib etsə də, mitinq günü baş verənlərlə bağlı videomaterialların Youtuba yüklənməsində ciddi əngəllər olub. Hər iki şəhərdə aksiyanı işıqlandırmaq istəyən xarici və əcnəbi jurnalistlər polis özbaşınalığı ilə üzləşiblər, onları bəzilərini hətta həbs də ediblər. «Interfax» və AzadlıqRadiosunun Qazax xidmətinin müxbirləri də daxil olmaqla, bir neçə jurnalist polis idarəsində saatlarla saxlanıldıqdan sonra azad ediliblər.

Newsru.com saytı xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin Astana üzrə administrasiyasının rəhbəri İqor Lepexa faktı təsdiq edib və bunu "anlaşılmazlıq” kimi izah edib. O deyib ki, jurnalistlərlə sərt davranan polislər müəyyən edilib cəzalandırılacaqlar. DİN rəsmisi onu da deyib ki, təxminən 30 nəfər "Bayterek” meydanında icazəsiz aksiyaya cəhd etdikləri üçün saxlanılıblar. Rusiya saytları həbs edilənlərin sayının 400 nəfər olduğunu xəbər verib, amma ölkənin baş prokurorunun müavini Andrey Kravçenko "sıfır”ın birini təkzib edib, cəmi 40 fəalın saxlanıldığın söyləyib.  

"Qeyd etmək istəyirəm ki, 400-500 nəfərin həbs olunduğu  həqiqət deyil.  Saxlanılanlar bu günə təyin edilən icazəsiz aksiyanın təşəbbüsçüsü və təşkilatçısıdır. Onlar mitinqə çağırış vərəqələri yayıb, bu da qanunsuz mitinqin təşkili kimi qiymətləndirilir. Həmin şəxslər inzibati məsuliyyətə cəlb edilib" -  deyə, Kravçenko söyləyib. Mayın 21-də ölkənin iki iri şəhərində baş verənlərə baxmayaraq, DİN-in günün sonunda açıqladığı məlumatda əslində heç bir gərginliyin olmadığı, yalnız bir neçə adamın " qanunsuz toplaşmaq” cəhdi kimi qiymətləndirib.      

AzadlıqRadiosu xəbər verir ki, "Amnesty International” Qazaxıstan hakimiyyətini etirazlar ərəfəsində tutulan təxminən 30-dək fəalı sərbəst buraxmağa çağırıb. Təşkilat onların çoxunun, sadəcə, planlaşdırılan etiraz aksiyalarında iştirak edəcəklərini sosial şəbəkədə söylədikləri üçün saxlanıldıqlarını bildirir. 

Xalqı meydanlara çıxmağa vadar edən səbəb  "Torpaq Məcəlləsi”ndə torpaq sahələrinin 25 il müddətinə xarici vətəndaşlara icarəyə verilməsini nəzərdə tutan düzəlişlərlə bağlıdır. Mayın əvvəlində qəbul olunmuş düzəlişdən sonra gözlənilmədən bir sıra iri şəhərlərdə - Aktau, Aktobe, Semeye, Janozene və Kızılordada etiraz aksiyaları başlayıb.  Əhali narahatdır ki, bu düzəlişlər onları torpaqlarından məhrum edəcək və torpaqlara xarici sahibkarlar yiyələnəcək. Bu etiraz aksiyaları Nazarbayevi ciddi narahat edib və xalqı sakitləşdirmək üçün hətta  iqtisadiyyat nazirinin müavinini işdən çıxarıb və iyulun 1-dən qüvvəyə minəcək düzəlişlərə veto qoyub. 

21 may aksiyaları Qazaxıstan hakimiyyəti üçün təhlükəsiz ötüşsə də, təhlillərə görə, neftin qiymətin düşməsindən sonra  milli pul vahidi olan tengenin ciddi dəyər itirməsi ölkədə narazılıqları artırıb. Ötən ildən başlayaraq ölkədə bir neçə izdihamlı  aksiyalar keçirilib ki, bu aksiyalarda əsas tələb sosial problemlərin həlli, işsizlik və bahalıqla bağlı olub. Nazarbayev hakimiyəti də fərqindədir ki, torpaqların icarəsi ilə bağlı veto qoyduğu qanun sadəcə etirazlar üçün bəhanədir. 

Musavat.com   






Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA