Xələf Xələfov Azərbaycanla Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında Müztərək Komissiyanın ikinci iclasında iztirak edib

img

10-03-2010 [02:41]


Cari il 7-9 mart tarixində Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin paytaxtı Tripoli şəhərində Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında Müştərək Komissiyanın ikinci iclası keçirilib. İclasda Azərbaycan nümayəndə heyətinə Müştərək Komissiyanın həmsədri Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Liviya nümayəndə heyətinə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə Ümumxalq Komitəsi Katibinin Asiya məsələləri üzrə müavini Məhəmməd Ömər Əl-Barrani rəhbərlik ediblər. İclasda açılış nitqi ilə çıxış edən Ö.Əl-Barrani Azərbaycan nümayəndə heyətini salamlamış və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin başçısı cənab Müəmmar əl-Qəzzafinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xoş arzularını və səmimi salamlarının çatdırılmasını xahiş etmişdir. Daha sonra Ö. Əl-Barrani Liviya dövlətinin Azərbaycan Respublikası ilə əıməkdaşlığına xüsusi önəm verdiyini və bu əməkdaşlığın xüsusi ilə BMT, İKT və digər beynəlxalq təşkilatlar çərçivəsində möhkəmləndiyini qeyd etmişdir. Liviyanın ikitərəfli əməkdaşlığın bütün sahələrində, xüsusi ilə iqtisadiyyat, ticarət, sərmayələrin təşviqi, energetika, sənaye, təhlükəsizlik, tikinti, kənd təsərrüfatı, təhsil, səhiyyə, idman, mədəniyyət və turizm sahələrində Azərbaycan Respublikası ilə əməkdaşlığa hazır olduğunu bildirən Ö.Əl-Barrani hər iki ölkənin bu əməkdaşlıqdan faydalanacağına əminliyini bildirib. İclasda çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini X.Xələfov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin başçısı cənab Müəmmar əl-Qəzzafiyə və Liviya xalqına səmimi salamlarını çatdırmış, Komissiyanın iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir. Nazir müavini Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan Respublikasının ədalətli mövqeyinin Liviya dövləti tərəfindən dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Komissiyanın 2008-ci ilin noyabrında Bakı şəhərində təşkil olunmuş ilk iclasından sonra iki ölkə arasında ikitərəfli əməkdaşlıq istiqamətində müəyyən addımlar atıldığını, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyini, habelə Liviyada fəaliyyət göstərməkdə maraqlı olan bir neçə Azərbaycan şirkətlərinin artıq bu ölkədə qeydiyyatdan keçdiyini bildirmişdir. Hər iki ölkənin ikitərəfli əməkdaşlıq potensialının mövcudluğunu qeyd edərək, Komissiyanın hazırkı iclasının iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəyini bildirib. İki gün davan edən iclasın yekununda müzakirə ediləm məsələlər və gələcək əməkdaşlıq istiqamətlərinin əhatə edən Protokol imzalanmışdır. İclasın yekununda həmçinin həmsədrlər tərəfindən Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Anlaşma Memorandumu və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq məsələləri üzrə Ümumxalq Komitəsi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb. Müştərək Komissiyanın növbəti 3-cü iclasının 2011-ci ildə Bakı şəhərində keçirilməsi barədə razılıq əldə olunub. Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini X.Xələfov həmçinin Liviyanın Baş naziri cənab Mahmudi Bağdadi ilə də görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq istiqamətləri barədə ümumi fikir mübadiləsi aparılıb. Komissiyanın iclası ilə eyni vaxtda Liviyanın Ticarət və Sənaye Palatasında Azərbaycan-Liviya biznes forumu keçirilib. Biznes forumda Azərbaycan tərəfindən Liviyada infrastruktur layihələrinin həyata keçirilməsində maraqlı olan Azərbaycanın tikinti və nəqliyyat şirkətləri iştirak edib. Biznes forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən müvafiq təqdimat keçirilmiş, eləcə də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və gələcək əməkdaşlıq imkanları barədə məlumat verilmişdir. Azərbaycan şirkətləri həmçinin Liviyadakı tikinti sahəsində məsul olan qurumunda görüş keçirmişdir. Görüşdə Azərbaycan tikinti şirkətlərinin bu ölkədəki tikinti layihələrində iştirakı imkanları müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA