ADP idarə heyəti irandan izahat tələb olunmasını istəyir

img

22-02-2010 [05:02]


Bu gün ADP İdarə heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən son ictimai-siyasi proseslər və təşkilati məsələlər müzakirə olunub. ATƏT sədrinin regiona səfərinin nəticələrinə diqqət çəkən toplantı iştirakçıları bu səfərin bölgədə sülhün və təhlükəsizliyin qorunması istiqamətində növbəti addım olmasını qeyd etməklə yeni ATƏT sədrinin İrəvanda keçirdiyi görüşlərdə rəsmi dövlət qurumları ilə yanaşı qondarma DQ separatçı rejimin rəhbəri B.Saakyanla müzakirələr aparmasını qətiyyətlə pisləyib və addımın qurumun öz üzərinə götürdüyü vasitəçilik missiyası ilə bir araya sığmadığını bildirib. Toplantı iştirakçıları həmçinin İranın İrəvandakı səfirinin Dağlıq Qarabağın İranla həmsərhəd olması və bundan dolayı bu ərazilərdə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdiriləcəyi halda İran dövlətinin müqaviməti ilə rastlaşa biləcəyi barədə səsləndirdiyi bəyanatı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn bəyanat kimi dəyərləndirib və bu bəyanatın iki ölkə arasında mövcud olan tarixi və siyasi bağlantılara zidd olduğunu və bir neçə gün əvvəl həmin ölkənin prezidentinin DQ məsələsində Azərbaycana yaxından kömək edəcəyi barədə səsləndirdiyi bəyanatla uzlaşmadığını bildirib və xarici işlər nazirliyini İran hökumətindən bu cür riyakar davranışla əlaqədar izahat tələb etməyə çağırıb. Ermənistanla Fransa arsında bağlanan hərbi saziş faktını narahatçılıqla müzakirə edən İdarə heyəti üzvləri bu razılaşmanın adı çəkilən ölkənin ATƏT-in Minsk qrupundakı həmsədrlik missiya ilə ziddiyyət təşkil etdiyini bildirib və onun faktiki olaraq ermənipərəst mövqedən çıxış etməsinin yolverilməz olduğunu qeyd edib. Jurnalistləri Müdafiə Komitəsi təşkilatının 2009-cu ildə Azərbaycanda söz azadlığı sahəsində vəziyyətə dair açıqladığı hesabata diqqət çəkən İdarə Heyəti üzvləri bu hesabatda göstərilən insan hüquq və azdlıqları, o cümlədən söz və mətbuat azdlığı sahəsində olan problemlərin reallığı əks etdirdiyini bildirib və hakimiyyəti ölkəmizi beynəlxalq qara siyahıya salmağa yönələn bu neqativlərin aradan qaldırması üçün ciddi addımlar atmağa çağırıb. ABŞ dövlət katibinin müavini Bill Bornsin ölkəmizə səfəri və bu səfərdə keçirilən görüşlərin yalnız dövlət rəsmiləri ilə məhdudlaşması faktına diqqət çəkən İdarə Heyəti üzvləri bu gerçəkliyin ABŞ-ın Azərbaycana yönəlik xarici siyasətində neçə illərdir davam edən qeyri müəyyənlikdən və bir qayda olaraq iqtisadi maraqlarını demokratiyadan öndə tutması faktından irəli gəldiyini bildirib. Rusiya hərbi bazalarının Abxaziyada yerləşdirilməsi faktına münasibət bildirən İdarə Heyəti üzvləri Rusiyanın Qafqazın silahlandırılması, bölgədə hərbi potensialın artırılması və bu zəmində regionda sülh və hərbi təhlükəsizlik sisteminin pozulması istiqamətində atdığı addımları pisləyib və beynəlxalq gücləri Qafqazı barıt çəlləyinə döndərmək istəyən Rusiyanın militarist siyasətinin qarşısını almaq üçün ciddi səylər göstərməyə çağırıb. Milli Məclisin son iclasında bir sıra qanunverici aktlara, o cünlədən Qeyri Hokumət Təşkilatları haqqında qanuna əlavə dəyişikliklər edilməsi barədə məsələyə toxunan toplantı iştirakçıları vətəndaş cəmiyyətinin əsas atributlarından sayilan və cəmiyyətin idarə olunmasında vətəndaşı istismarçı dövlət mexanizmindən sığortalıyan QHT-ın səlahiyyətlərinin məhdudlaşmasına yönələn bu mürtəce dəyişiklikləri pisləyib və addımların demokratik institutlaşma ilə bağlı götürülən beynəlxalq öhdəliklərə zidd olduğu bildirilib. Son aylar ölkədə intihar hallarının görünməyən dərəcədə yer almasından narahat olduqlarını bildirən toplantı iştirakçıları bunun əsas səbəbinin ölkədə yeridilən yanlış sosial iqtisadi siyasətdən və bu siyasətin gündəlik həyatda vətəndaşları üz-üzə qoyduğu rüşvət, korrupsiya, ölkənin iqtisadi sərvətinin bir qrup monopolistlər əlində cəmləşməsi, bahalaşan bazar şəraitində əhalinin alıcılıq qabiliyyətinin aşağ düşməsi, aztəminatlı və imkansız ailələrin dövlət qayğısından kənarda saxlanılması, neftdən gələn gəlirlərin insanların rifah halında yaşamasına təminat verən istehsal sahələrinə deyil, çirkili pulların yuyulmasına istiqamətlənən qeyri istehsal sahələrinə ayrılması faktından doğduğunu qeyd edib və hakimiyyəti ölkəni sosial fəlakət həddinə gətirən bu səbəbləri aradan qaldırmağa çağırıb. İdarə Heyətində Xocalı faciəsinin ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib və hakimiyyəti Xocalı soyqırımının dünya ölkələrinin parlamentlərində tanınması istiqamətində əməli addımlar atmağa çağırıb. İdarə Heyətində həmçinin partiya rəhbərliyinin və Bakı RT fəallarının iştirakı ilə Xocalı soyqırımının ildönümü münasibəti ilə fevralın 26-da ?Ana Fəryadı? abidəsinin ziyarət edilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA