Samir Əsədli: "inqilabdan sonra iranda demokratik hakimiyyət yox, fars rejimi yaradıldı"

img

13-02-2010 [12:43]


Ötən ilin yayından başlayaraq dünyanın və ölkə müxalifətinin ağır basqısı altında olan İranın fars rejimi ard-arda zərbələr alır. Rejim fəalları özlərini hələ də əmin-arxayın göstərmələrinə baxmayaraq, rejimin daxilində ciddi gərginlik yaşanır. Fars rejimi ona ünvanlanan beynəlxalq təhdidlərin reallaşacağı təqdirdə düşəcəyi vəziyyəti təsəvvür etməklə məşğuldur. Amma İranın fars rejimini sarsıdan sadəcə, Qərbin savaş xəbərdarlığı və gücləndirdiyi sanksiyalar deyil. İran hakimiyyətinə əsas zərbəni keçmiş "əqidə qardaşları" vurur. Bu günlərdə 31-ci ildönümü qeyd edilən İslam inqilabının tanınmış simalarından biri və hazırda ABŞ-da mühacirət həyatı yaşayan Mohsen Sazegara (Xomeyninin Fransadakı tərcüməçisi və İrana qayıdışında onun müşayiətçisi olub) fars rejimini "göyə qaldırıb, yerə vurub". Sazegara etiraf edib ki, inqilabın doğurduğu nəticələr çox uğursuz alınıb. Sazegara hazırda fars rejiminin ölkəni sadəcə, silah gücünə idarə etdiyini və bunun da sonunun çatacağını bildirib: "Bir gün xalq hərbçiləri öz qərargahlarına və hərbi bazalarına geri çəkilməyə məcbur edəcək". Xomeyninin silahdaşı İranın mövcud hakimiyyətini qəbul etməsə də, Qərbin bu ölkədə hakimiyyət dəyişikliyinə qərar verməsinin əleyhinədir. Onun fikrincə, bu hüquq yalnız İran xalqına məxsusdur. Göründüyü kimi, fars rejiminin əsas "külüngçalanlar"ından biri keçmiş fəalliyyəti haqda təəssüflə danışır. Hər halda, inqilabdan sonra "başı daşa dəyənlər"in sayı milyonlarladır və onların səsi daha uğadan eşidilməkdədir... Dünya Azərbaycanlıları Konqresi (DAK) katibliyinin rəhbəri Samir Əsədli 1979-cu il inqilabının reallaşmasında ciddi çalışmaları olmuş siyasi fiqurların təəssüf dolu etiraflarının səbəbsiz olmadığını deyir: "Əslində, bu səbəblər barəsində danışmazdan əvvəl inqilabın baş verdiyi ərəfəni xatırlamaq lazım gəlir. Heç kəsə sirr deyil ki, İranda şah rejiminin süqutunda Güney Azərbaycanın və türk siyasətçilərin fəaliyyəti həlledici olub. Yəni İslam inqilabının öndə gedən əsas siması Şəriətmədari olub və hərəkətverici qüvvənin böyük hissəsini də türklər təşkil edib. İnqilabı yetişdirən başlıca səbəbsə ABŞ-ın İranda yürütdüyü siyasət və onun nəticəsində İslam dininin aşağılanması, ölkədə əxlaqsızlığın baş alıb getməsi idi. Xalqın bütün bunlara qarşı kükrətdiyi qəzəb sonda şah rejiminin çökməsilə sonuclandı. Amma inqilabın qələbəsindən sonra İrana dönən Xomeyni ayətullah Şəriətmədarilə əldə olunmuş razılaşmaları həyata keçirməkdən boyun qaçırdı. Belə olan halda, onların münasibətləri gərginləşdi, Şəriətmədari Qumda ev dustağı oldu və sonra da öldürüldü. Bundan sonra aparılan siyasət İranda demokratik hakimiyyətin yox, fars rejiminin qurulmasına yönəldildi. İnqilabın nüfuzlu simaları arasında keçmiş fəaliyyətinə görə təəssüf hissi keçirən sadəcə, Sazegara deyil. Bir necə ay əvvəl dünyasını dəyişmiş nüfuzlu Ayətullah Müntəziri də rejimin əsas tənqidçilərindən birinə çevrilmişdi. O ən sərt formada bəyanlayırdı ki, İran hakimiyyətinin siyasətində İslam dininin vacib prinsipləri nəzərə alınmır. Bu fikirlərinə görə təcrid vəziyyətində saxlanılmasına baxmayaraq, Müntəziri ömrünün son günlərinə qədər fars rejimini tənqidinə son qoymadı. Diqqət edirsinizsə, tənqidçilərin əksəriyyətini narazı salan əsas məqam budur ki, inqilabın qələbəsindən sonra hakimiyyət İslam dininin tələblərinə uyğun qaydada siyasət aparmır. Bir məqamı xatırladım ki, inqilabın qələbəsindən öncə İranda məzhəbçiliyin bərqərar olunması da nəzərdə tutulmurdu. Yəni fərqli ideyalarla inqilabi hərəkata qoşulan, onun qələbəsi üçün fədakarlıq göstərən insanlar gözlədiklərini ala bilməyiblər. Bir sözlə, inqilabdan sonrakı İran İslam qanunlarıyla idarə olunmadı və bunları razı sala bilməzdi. Şəriətmədaridən başlayaraq, fars rejimindən narazılıqlar hər zaman olub və bu gün də davam edir. Xüsusilə son prezident seçkilərindən fars rejiminə qarşı etirazların miqyası xeyli böyüyüb. Bütün bunlar əhalinin rejimi qəbul etməməsinin və onun dəyişdirilməsi əzmində olduğunun göstəricisidir. Artıq rəsmi insanlar da bu şəraitdə yaşamaq-çalışmaq istəmirlər. Son aylarda xeyli İran diplomatının vəzifəsindən istefa verməsi narazılıqların aşağıdan yuxarı sürətlə yayıldığını deməyə əsas verir. Fikrimcə, fars rejimindən narazı olan orta və yüksək məmurlar da öz etirazlarını açıq müstəviyə keçirəcəklər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA