Azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsi AŞ PA-da qaldırılıb

img

29-01-2010 [12:34]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 28-də keçirilmiş yığıncağında qaçqın və məcburi köçkünlərin problemləri ilə bağlı məsələ müzakirə edilib. Danimarkalı deputat Yorgen Pulsenin məruzəsində və müzakirələrdə iştirak etmiş deputatların çıxışlarında müharibələr və münaqişələr nəticəsində milyonlarla insanın qaçqın və məcburi köçkünə çevrildiyi, dözülməz şəraitdə yaşadıqları, bütün hüquqlardan məhrum edildikləri öz əksini tapıb. Məruzəçi Azərbaycanla bağlı məsələni hansı səbəbdənsə məruzəsinə daxil etməyib. Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli isə AŞPA-nın prosedur qaydalarına uyğun olaraq və öz hüquqlarından istifadə edərək Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətlə bağlı geniş məlumat hazırlayıb və məruzənin izahat hissəsinə əlavə edib. Bu məlumat rəsmi sənəd kimi məruzə ilə birlikdə yayılıb. Avropalı deputatlar həmin sənəd vasitəsilə Ermənistanın işğalçılıq siyasəti, azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə geniş məlumat əldə etmək imkanına malik olublar. Millət vəkili yığıncaqda çıxış da edib. O deyib ki, əhalisinin bir milyonu qaçqın və məcburi köçkün olan Azərbaycanı təmsil edir: ?Onların taleyini yaşayan və onların həyat şəraitini öz gözləri ilə görən bir deputat kimi deyə bilərəm ki, bu insanlar bizdən ümid gözləyirlər. Bəs bu gün Avropa Şurası bu insanların ümidini doğrultmaq üçün nə edib? Azərbaycan ərazilərinin 20 faizi qəsbkar siyasət yeridən Ermənistan tərəfindən işğala məruz qalıb. 2005-ci ilin aprelində AŞPA münaqişə ilə bağlı öz birmənalı və açıq mövqeyini ortaya qoyub. Qurum Dağlıq Qarabağı separatçı rejim, bu rejimin və Ermənistanın işğalçı qüvvələrinin həyata keçirdiyi siyasəti isə etnik təmizləmə siyasəti kimi pisləyib. İşğalçı dövlətdən qəsb etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi tələb olunub. Lakin buna baxmayaraq bu günə qədər vəziyyət dəyişməyib. BMT-nin Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etsə də, onlar hələlik həllini tapmayıb?. Gültəkin Hacıbəyli bildirib ki, Ermənistan yalnız Dağlıq Qarabağı deyil, ərazi cəhətdən Dağlıq Qarabağdan 4 dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları 7 rayonu da işğal edib: ?Həmin ərazilərdə 6 şəhər, 12 şəhər tipli qəsəbə tamamilə dağıdılmış, 830-dan artıq kənd xəritədən silinmiş, onlarla tarixilik baxımından xüsusi əhəmiyyətə malik mədəni abidə, təhsil və səhiyyə ocaqları, klublar və kitabxanalar yerlə-yeksan edilmiş, muzeylər talan olunub. Bu ərazilərdə yaşayan insanlar bütün var-dövlətini silah gücünə itiriblər. Ermənistan azərbaycanlılara vurduqları maddi və mənəvi ziyana görə kompensasiya ödəməyib. Mən AŞPA-nın bu yüksək tribunasından üzümü avropalı deputatlara tutaraq onlardan soruşuram: Ermənistanın işğalı nəticəsində məhrumiyyətlərə düçar olmuş bu bir milyon insan nə vaxta qədər əziyyət çəkməlidir? Gəlin birlikdə bu sualın cavabını axtaraq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA