"Azərbaycan xaricdən təhdidlərlə üz-üzədir"

img

13-12-2009 [05:35]


[b]Zəlimxan Məmmədli: "Nə qədər ki, cəmiyyətimizdə birlik olmayacaq, təbii ki, bu boşluğu yad təfəkkür, PKK, dini cərəyanlar tutacaq. Bu isə dövlətçiliyimizə ciddi zərbədir" [/b] Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin rəhbəri, "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bir neçə gün öncə Gürcüstan prezidenti Mixail Saakaşviliyə Azərbaycan-Gürcüstan münasibətləri, Borçalıdakı soydaşlarımız və digər məsələlərlə bağlı məktub göndərib. Z.Məmmədli Borçıladakı soydaşlarımızın və Azərbaycanın qarşılaşdığı problemlərdən danışdı. - Biz həm beynəlxalq hüququ, həm Gürcüstan Konstitusiyası və Avropa Şurası qarşısında götürülən öhdəlikləri, həm də mənəvi aspektləri nəzərə alaraq Saakaşviliyi məktub göndərmişik. Hələlik cavab yoxdur. Amma buna paralel olaraq, ziyalılarımız da imza kampaniyasına başlayıblar. Borçalı əsilli ziyalıların imzası ilə yeni bir poses başlayacaq. Mənə elə gəlir ki, bu, müsbət sonluğa aparan, dinc, anlaşmalı yoldur. [b]- "Borçalı" Cəmiyyətinin bundan sonrakı dövr üçün hansı planları var? [/b] - Bir sıra fundamental sahələr üzrə fəaliyyətimiz davam edir. Birincisi, təşkilatlanma işi ilə bağlı işlərimiz görülür. İkincisi, Gürcüstan cəmiyyəti və orada olan qurumlarla intensiv münasibətlərimiz yerindədir. Elat mədəniyyətindən sonra bu ayın 19-a bir tədbir planlaşdırmışıq. Qocaman el sənətkarı Aşıq Aslanın 80 illik yubileyi ilə balı bir sıra işlər görülür. Azərbaycandan bir sıra ziyalılar Gürcüstana səfər edib, bu tədbirə qatılacaqlar. Biz nə zaman ki, Azərbaycandan sadəcə bayağı bəyanatlar verməklə, işimizi bitmiş hesab edəcəyiksə, yanlışlığa yol vermiş olacağıq. Bu yanlış Borçalı türklərinin mənafeyinə uyğun deyil. Borçalı türkü təşkilatlanmalı, Gürcüstan cəmiyyətinə ciddi şəkildə inteqrasiya etməli və özü-öz problemlərini həll etməlidir. Model bundan ibarətdir. Hesab edirəm ki, bu məsələdə bütün siyasi qüvvələr də vahid mövqedə olmalıdır. Qərbi Azərbaycanın bir olmadığımıza görə itirdik, Dağlıq Qarabağla bağlı ciddi uğursuzluqlarımız var. Borçalıda da bu uğursuzluqları yaşamamalıyıq. [b]- Zəlimxan bəy, deyəsən, "Borçalı" Cəmiyyəti başınızı qatıb, siyasi fəaliyyətə vaxt ayırmırsınız...[/b] - Mən hazırda Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədriyəm. Bir zamanlar bəziləri məsələ qoymuşdu ki, mən ordan imtina edim. Amma imtina yanlışdır. Təbii ki, "Borçalı" Cəmiyyəti daha çox enerjimi alır, o cümlədən partiya ilə əlaqələrim yetərincə deyil. Amma bir sıra bələdiyyə namizədlərimiz var, onların bir qisminin vəkiliyəm, bir qisminə kömək edirik. Yəni prosesdə bu və ya digər formada iştirak edirəm. [b]- Yəni partiyada narazılıq edən yoxdur ki, Zəlimxan Məmmədli Ali Məclisin sədridir, amma işinin başında dayanmır? [/b] - Hər halda mənim hazırda gördüyüm iş nəinki bizim partiyanın, partiyaların görəcəyi işin bir hissəsidir. [b]- Ümumiyyətlə, bələdiyyə seçkiləri öncəsi ölkədəki əhval-ruhiyyəni necə qiymətləndirirsiniz? [/b] - Təbii ki, ölkədə bir passivlik var. Seçicilərdə də, namizədlərin özündə də bir ümidsizlik hiss olunur. İnsanlarımız seçki prosesinə həvəsli deyillər. Onu da qeyd edim ki, bu, insanlarımızın və namizədlərin problemi deyil. Mənə elə gəlir ki, bu, Azərbaycan cəmiyyətinin, bütövlükdə siyasi sistemin problemidir. Bu problemlər tezliklə həllini tapmalıdır. Bunun həlli ilə bağlı müxtəlif təkliflər verilib, modellər irəli sürülüb. Sadəcə, siyasi iradə lazımdır ki, hörmətsiz yanaşma, yaxud laqeyd olma tendensiyasını sındıra bilək. Bu, böyük siyasi proses olmalıdır. [b]- Müxalifətdəki hamkarlarınız ölkədəki passivliyi, inamsızlığın hakimiyyətin apardığı siyasətlə əlaqələndirirlər...[/b] - Əlbəttə ki, mahiyyət etibarı ilə bir çox məsələlərdə siyasi hakimiyyətdən iradə tələb olunur. Ölkədə olan qanunlara əməl edilməsini hakimiyyət təmin etməlidir. Artıq bələdiyyələrin statusu yerli icra hakimiyyətindən üstündür. Eyni zamanda icra hakimiyyəti qeyri-rəsmi olaraq, aparıcı roldadır. Demokratik seçki keçirmək, hamının qəbul edəcəyi sistemi qurmaq hakimiyyətin ümdə vəzifələrindən biridir. Bu məsələdə hakimiyyətin məsuliyyəti böyükdür. [b]- Bəs, müxalifətin məsuliyyəti nə qədərdir? [/b] - Mən birtərəfli fikir bildirmirəm, bir tərəfi qara görüb, o biri tərəfi mələk simasında görmək fikrində deyiləm. Təbii ki, bu məsələdə müxalifətin də çox böyük məsuliyyəti var. Bizim daha çox daxili resurslara istinad eləmək əvəzinə, hansısa qeyri-müəyyən kombinasiyalara ümid etməyimiz belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb. Bu gün də siyasi müxalifətarası münasibətlər yetərincə deyil. Eyni zamanda hakimiyyətlə müxalifət arasında da sivil münasibətlərin qurulmasına nail olunmayıb. Bunlar Qarabağ və Güney Azərbaycan problemi olan Azərbaycan üçün çox vacibdir. Biz aşağılamalara, qaralamalara son qoyaraq, siyasi qüvvələrin birliyinə nail olmalıyıq. Nə qədər ki, cəmiyyətimizdə birlik olmayacaq, təbii ki, bu boşluğu yad təfəkkür, PKK, dini cərəyanlar tutacaq. Bu isə dövlətçiliyimizə ciddi zərbədir. [b]- Yad təfəkkürdən, dini cərəyanlardan danışırsınız, bu təhlükə Azərbaycan üçün realdırmı? [/b] - Əlbəttə, Azərbaycan təhlükəylə üz-üzədir. Görürsünüz ki, Dağlıq Qarabağla bağlı kifayət qədər tərəddüdlü və həyəcanlı anlar yaşanır. Bundan böyük nə olar bilər? Azərbaycanın ərazisinə təcavüz eləyənlə, təcavüzə məruz qalan arasında bir bərabərlik qoyulur. Eyni zamanda Azərbaycan cəmiyyətinin bu məsələyə münasibətində yekdilldilik görünmür. Sözdə yekdillik var, amma ortaya vahid mövqe qoymalıyıq. Cəmiyyət, siyasi qüvvələr bu məsələdə monolit olmalıdır. Boşluqlar olduğu təqdirdə, hətta Türkiyə ilə Azərbaycan arasında gərginlik yarana, kifayət qədər də pik nöqtəsinə çata bilirsə, Azərbaycana istənilən təhdid ola bilər. Yəni Azərbaycan öncə daxili resursları hesabına problemlərini həll etməyə çalışmalıdır. Elmə güclü stimul vermək çox vacibdir. Ona görə ki, sabah problemlərimizi bu dəyərlərsiz həll edə bilmərik. İkinci qüvvələr də Azərbaycanın lehinə qərarlar qəbul etməyəcək. Özümüzün güclü olmağımız lazımdır ki, problemləri öz gücümüzə arxalanaraq həll edə bilək. Bəzən Azərbaycan iqtidarı ortaya iradə qoyur və bu iradənin arxasınca gedir, görürsən ki, beynəlxalq təşkilatlar da yumşalır və hesablaşmağa çalışır. Əgər daxildə zəifliyi görəcəklərsə, onda kənar qüvvələrin Azərbaycan üzərində təsir imkanları çoxalacaq. [b]- Bu təsirlər nəyə gətirib çıxara bilər? [/b] - İndi mən istəmirəm ki, beynimiz birabaşa onun üzərində təmərküzləşsin. Amma bu təsirlər ona gətirib çıxara bilər ki, Azərbaycana təhdidlər başlasın. Sabah İranda hansı proseslər baş verəcək, İran Azərbaycana hansı niyyətlərlə baxır, hansı problemləri yarada bilər, İranın bu məsələdə müttəfiqləri kimlərdir, bunu bilmirik. Azərbaycanın daxilindəki boşluqlardan istifadə edib təxribat planlarını işə sala bilərlər. Bunun özü yetərlidir. Yaxın zamanlarda Azərbaycanı təhdid edən məsələlərdən sığortalanmanın ən ciddi yollarından biri Türkiyə-Azərbaycan konfederasiya məsələsidir. Yaxud Türkiyə-Azərbaycan-Gürcüstan arası hərbi ittifaqın olması vacibdir. Bu imkanları bizim əlimizdən heç kim ala bilmir. Bununla da Avropanın güc mərkəzlərində Azərbaycana dəstək imkanlarını artış ola bilərik və ölkəmizi kənar təhdidlərdən sığortalamış olarıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA