Elmar Məmmədyarovun Brüssel səfəri ilə bağlı son məlumat

img

10-12-2009 [07:12]


Azərbaycanı Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 8-də Brüsseldə Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin 1-ci iclasında iştirak edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri, Avropa Komissiyası, Avropa İttifaqı Şurası, Avropa Parlamenti, Avropa Sərmayə Bankı, Avropa İttifaqının Regionlar Komitəsi və İqtisadi və Sosial Komitəsi, həmçinin Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri iştirak etmişlər. İclasa sədrliyi hazırda Avropa İttifaqına sədrlik edən İsveçin Xarici İşlər naziri Karl Bildt ediblər. İştirakçılar Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti, cari ilin may ayının 7-də Praqada keçirilmiş Şərq Tərəfdaşlığı Zirvə görüşü sonrası bu çərçivədə həyata keçirilmiş tədbirlər və gələcək planlar və layihələr barədə fikir mübadiləsi aparmışlar. İclas zamanı Şərq Tərəfdaşlığının çoxtərəfli ölçüsü çərçivəsində fəaliyyət göstərən 4 Platformanın 2009-2011-ci illər üçün İşçi Proqramları təsdiq olunmuşdur. Avropa İttifaqı ilə Tərəfdaş ölkələr arasında münasibətlərin dərinləşməsində və güclənməsində, siyasi assosiasiyanın və iqtisadi inteqrasiyanın sürətlənməsində və Tərəfdaş ölkələrdə siyasi və sosial-iqtisadi islahatların dəstəklənməsində Şərq Tərəfdaşlığının strateji əhəmiyyəti vurğulanmışdır. Nazir E.Məmmədyarov Azərbaycanda cəmiyyətin gündəlik həyatının bütün sahələrinin Avropa standartları, qanunvericiliyi və qaydalarına uyğun səviyyəyə yüksəldilməsinin, bunun qanunvericilik qaydasında qəbul olunmasının və tətbiq olunmasının Azərbaycan üçün xüsusi önəm kəsb etdiyini bildirmiş və Şərq Tərəfdaşlığının bu istiqamətə yönəldilməsinin vacibliyini qeyd etmişdir. Nazir bu sahədə Avropa İttifaqının üzvü olmayan Avropa ölkələrinin təcrübəsini nümunə olaraq göstərmiş və Azərbaycanın da bu ölkələr sırasında olmasını arzuladığını bildirmişdir. İclas zamanı digər tərəfdaş ölkələrin nümayəndələri ilə yanaşı nazir E.Məmmədyarov da Avropa İttifaqı ölkələri ilə viza asanlaşdırılmasının vacibliyini qeyd etmiş və Avropa İttifaqını bu sahədə ciddi addımlar atmağa çağırmışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi barədə iştirakçılara məlumat verən nazir E.Məmmədyarov, münaqişəsinin hələ də davam etməsinin və Azərbaycanın ərazilərinin işğalının davam etməsinin Şərq Tərəfdaşlığının çoxtərəfli ölçüsünün səmərəli fəaliyyətinə və inkişafına maneə törətdiyini bildirmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA