Avropa Şurasının izgəncələrə qarzı Komitəsi Azərbaycan üzrə hesabatını açıqlayıb

img

26-11-2009 [07:19]


Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsi (İQK) ötən ilin dekabrında Azərbaycana etdiyi xüsusi səfərin nəticələrinə dair hesabatını Azərbaycan Hökumətinin cavabı ilə birlikdə dərc etdirib. Avropa Şurasının Azərbaycandakı ofisindən verilən məlumata görə, həmin sənədlər Azərbaycan hökumətinin xahişi əsasında dərc etdirilib. Səfər zamanı İQK nümayəndə heyəti Qobustan həbsxanasındakı vəziyyəti təhlil edib. Ömürlük həbs cəzasına məhkum edilən məhkumlardan bir neçəsi nümayəndə heyətinə həbsxana əməkdaşları tərəfindən məhkumlara qarşı qəsdən tətbiq edilən qeyri-insani davranış və həddən-ziyadə güc haqqında əsaslı məlumat təqdim edib. Azərbaycan hakimiyyəti cavab olaraq bildirib ki, Qobustan həbsxanasının əməkdaşları fiziki güc və xüsusi vasitələrdən yalnız qanunla müəyyən edilmiş istisna hallarda istifadə etməyə dair təlimatlandırılıb. Həbsxananın ömürlük cəza alan məhkumların saxlandığı hissəsində nümayəndə heyəti saxlanma şəraitinin bir qədər yaxşılaşdığının şahidi olub. Lakin, ömürlük cəza alan şəxs günün 23 saatını kamerada bağlı vəziyyətdə saxlanır və onlar üçün hər hansı bir məşğuliyyət təşkil olunmur. Komitə Azərbaycan hakimiyyətini həmin məhkumlar üçün kameradan kənarda məşğul ola biləcəkləri hərtərəfli rejim tərtib və tətbiq etməyə çağırır. Bundan əlavə, Komitə yenidən qeyd edib ki, ömürlük cəza alan məhbusların digər məhbuslardan ayrı saxlanmasına heç bir tutarlı səbəb görmür. Hökumət öz cavabında bildirib ki, Qobustan həbsxanasında məhkumların işləməsi üçün emalatxana və idmanla məşğul ola bilməsi üçün idman qurğularının yerləşdirilməsini planlanlaşdırır. Bundan əlavə məhbusların təhsil alması üçün şərait yaradılacaqdır. İQK müəyyən edib ki, Bakıdakı Mərkəzi Penitensiar Xəstəxanada tibb bacılarının sayı yetərincə deyil. Gündüz saat 4-dən sonra palatalarda tibbi işçiləri olmur. Xəstəxananın daxili xəstəliklər, narkologiya və psixiatriya palatalarında aparılan müalicə arzu olunan səviyyədən çox aşağıdır. İQK xəstəxananın tibb xidmətlərinin hərtərəfli qiymətləndirilməsini həyata keçirməyi tövsiyə edib. Hakimiyyət orqanlarının cavabında xəstəxananın tibb işçiləri üçün müxtəlif təlim kurslarının keçildiyi və məhbusların müalicəsinə Səhiyyə Nazirliyindən olan ekspertlərin cəlb olunduğu qeyd edilir. Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında İQK-nın nümayəndə heyəti pasiyentlərin bəzi hallarda onlarla qəddar rəftar edildiyi barədə məlumatlarını dinləyib. Belə rəftara əsasən xəstəxananın qeyri-tibb işçiləri, bəzi hallarda isə tibb bacıları yol verir. Artıq təmir olunan palatalarda yaşayış şəraiti qəbulolunandır, amma təmir olunmayan palatalarda şərait çox pisdir. Ən pis vəziyyət 12 saylı palatada müşahidə edilib, palatanın iki təcrid otağında vəziyyət xüsusilə pis idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA