01-11-2009 [05:54]
[b]"Aktyor kimi heç bir rejissorun - nə Tofiq Kazımovun, nə Mehdi Məmmədovun, nə də digərlərinin - qulu olmamışam"
[/b]
"Muskomediya"nın tarixinə nəzər saldıqda Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Şəfiqə Qasımova, Kamal Kərimov, Məmmədsadıq Nuriyev, Nəcibə Behbudova, Məmmədağa Məmmədov, Xalidə Hüseynova, Əhməd Səfayi kimi sənətkarların ayaq izlərini görməmək mümkün deyil. Görəsən, bu şəxslərin ruhları dolaşan teatr necə oldu ki, bu səviyyəyə çatdı? Müsahibimiz, xalq artisti Yaşar Nuri Üzeyir Hacıbəyov malına edilən hörmətsizliklə barışa bilmədiyini deyir:
- Səviyyəsini deyə bilməcəm də, Opera və Balet Teatrında 11 ildir "Arşın mal alan" tamaşasını oynayıram. Azər Zeynalov, Natəvan İsmayılova və mən, eyni zamanda Ankara Opera və Balet Teatrının səhnəsində oynamışıq. Bu 11 ildə zalda boş yer görməmişəm. "Muskomediya"da qoyulan "Arşın mal alan"a da baxmışam. Elə əsərlər var ki, onlara toxunmaq olmaz. Necə var, elə də səhnələşdirmək lazımdır. Yəni bu işdə yüksək rejissor "duyumu"na, belə desək "əndrabadiliyə" ehtiyac yoxdur. "İblis"də ola bilər. İblis göydən də gələ bilər, hələ üstəlik yerdən də. Söhbət "Arşın mal alan"dan gedirsə, Üzeyir Hacıbəyov necə yazıbsa, Hafiz Quliyev onu Operada elə də qoydu. Ola bilsin ki, bu, kimlərəsə primitiv görünsün. Xarici qonaqlar ilk növbədə Tacir Əsgərin, Gülçöhrənin, Soltan bəyin, Vəlinin duetlərinə və ariyalarına qulaq asır.
Üzeyir bəy deyəndə gözümüzün qarşısında ilk canlanan musiqi olur. Ardınca isə Üzeyir bəyin dramaturgiyası, felyetonları və liberettoları gəlir. Tamaşaçını isə ovsunlayan ilk növbədə musiqi olur. Azər Zeynalov bu musiqini lazımi səviyyədə çatdırır. Onlar məni bu tamaşaya ona görə çağırmadılar ki, Opera və Balet Teatrında Soltan bəyi oynaya biləcək [b]aktyor yoxdur. Xeyir, sadəcə, təklif belə oldu.
- Təklifi kim tərəfindən aldınız? [/b]
- Elçin Əfəndiyev və teatrın direktoru Akif Məlikov tərəfindən. Truppa məni çox gözəl qarşıladı. Baxmayaraq ki, tamaşa bu günə kimi repertuardadır, amma hər dəfə Soltan bəyin qiyafəsini geyib, səhnəyə çıxanda qorxuram. Quruluş etibarına gəlincə isə, iki teatrın "Arşın mal alan"ı arasında fərq həddən artıq çoxdur.
[b]- Fərq nədədir? [/b]
- Saymaqla qurtaran deyil. Təkcə Soltan bəylə iş bitsəydi nə vardı. Elvin Mirzəyev lazım oldu-olmadı müasirliyə yer verib. Pərdə açılan kimi hamı bir-birinə baxdı. Rejissor duyumu deyilən bir şey var, mən hiss etdim ki, hamı axtarır. Nəyi axtarır? Bəlkə kimsə sevgilisini, yaxud da ər axtarır? "Nalədəndir ney kimi",- ariyasını isə belə oxumazlar.
Sonra Soltan bəyin arabada yatması səhnəsi... Əvvəla, Elvin Mirzəyev klassikaya yaxınlaşmaq istəyirsə, çox talantlı rejissordur. Toylarda qonaqların əlindən arabada gizlənmək Qurbanəli bəyin işidir. Amma evində 2 qızı, bir qulluqçusu olan bəy arabada yatmaz. Telli Soltan bəy yatana qədər qapı ağzında oturur. Soltan bəyi isə "ay qız Telli, gəl kürəyimi ört",- deyir. Telli əsgər kimi onu gözləyir ki, Soltan bəy yatsın. Soltan bəy yatmayıbsa, Telli necə yata bilər? Ümumiyyətlə, tamaşada Soltan bəyin arabada yatması məni dəhşətə gətirdi.
[b]- "Muskomediya"nın mərhum direktoru Hacıbaba Bağırov sağ olsaydı, belə quruluşlu tamaşanı səhnəyə çıxarardımı? [/b]
- Mən onun əvəzinə danışa bilmərəm. Rejissor duyumudur, amma o fikirləşmir ki, tamaşaçı bunu necə qəbul edəcək. Amma tamaşaçı bunu qəbul etmədi. Guya yenilik ediblər. Əslində isə "havada uçmaq" və s. kimi priyomlar yenilik deyil, 10-15 ildir ki, dünya teatrı bunu edir.
[b]- Bəziləri deyir ki, teatr asılqandan başlayır. Amma deyəsən, bu günün teatrı həm də saxta fəxri adlardan, şan-şöhrətdən, bahalı avtomobil və villalardan başlayır[/b].
- Xalqın gözü tərəzidir, bizdən də yaxşı bilir ki, filankəs bu ada layiq deyil. Görəsən, o, adam hiss edirmi ki, bu ada layiqdir, ya yox? Yaxud həmin adam oturub oynadığı rolların siyhısına baxıbmı? Təbii ki, o adam üzdə özünü belə göstərəcək.
Bu yaxınlarda bir məclisdəydim. Belə bir təqdimat oldu: "Məclisi aparır əməkdar artist, hökumət tədbirlərinin aparıcısı". Belə fəxri ad var? Düşündüm, hamı mənə baxdı.
Fəxri ad yaxşı şeydir. Mən "Əməkdar artist" adına layiq görüləndə, görün teatrda kimlər işləyirdi. Utandığımdan bir-iki gün teatra getmədim ki, filankəs qaldı, mənə ad verdilər. Halbuki filankəs 30 ildir işləyirdi. Ola bilər ki, fəxri adı 5 ilə alasan, ya da heç almayasan. Bunun səbəbləri çoxdur. İndi isə bu gün toyda tamadalıq edənlər, sabah "əməkdar artist" adını alır. Çünki onun dediyi sözlər toydakı hansısa məmurun xoşuna gəlib. Amma əvvəl fəxri adlar veriləndə oynanılan rolların sayı nəzərə alınırdı.
Kiməsə fəxri ad verilməsinə etirazım yoxdur. Bir şərtlə, bu adı alan adam gərək, papağını qarşısına qoyub yaxşı-yaxşı fikirləşsin ki, bu ad ona hansı əməyinə görə verilib. Yaxud fikirləşsin ki, mən də xalq artistiyəm, Yaşar Nuri ilə Siyavuş Aslan da.
[b]- Ona qalsa, Yaşar Nuri də xalq artistidir, Məleykə Əsədova da. Buna necə baxırsınız?[/b]
- Mən həmişə atamı düşünürəm. O, 48 il səhnədə can qoydu, heç medal da vermədilər. Halbuki oynadığı rollar dillər əzbəridir. "Qaynana", "Uşaqlığın son gecəsi"ndə yaratdığı rollar... Fəxri adlar necə verilir, necə alınır, onu hamı gözəl bilir. Xalqın artistini isə xalq sevir. Elə bizim sənətin gözəlliyi də bundadır.
Teatr bir ailədir. Ailənin gözəlliyi isə pərdə saxlamaqdır. Pərdə açılan kimi "xalq artisti" ilə xalqın artisti üzə çıxır. Biz sənətkarlar ancaq pərdənin açılmasını gözləyirik. İstəyirsən özünü öldür, nə mənası? Axırımız sonda yenə pərdədir. O pərdə açılır, biz çıxırıq. Bir gün həmin pərdə açılacaq, bizi oradan götürəcəklər. Bizi ordan götürəndə pərdə bağlanmır. Kimi tamaşaçının qarşısında açıq sifətdə uzanıb ömrünə vida deyir, kimi də necə uzanırsa, onu xalq görmür.
[b]- Kimi cəmiyyətin, kimi də dövrün dəyişdiyini iddia edir. Bəs, teatrda nə dəyişib? [/b]
- Dövr dəyişməyib. Yenə gün çıxır, külək əsir, yağış yağır, zaman gedir. Dəyişən cəmiyyətdəki qurumdur. 20 il bundan əvvəl kim gedib şouya baxardı? Deməli, cəmiyyətdə müəyyən addımlar atılıb. Xaricdən təsirlər də var. Amma o təsirlərin yaxşısını götürmək lazımdır. Bizdə biri çıxıb sözün əsl mənasında Maykl Cekson kimi oxusa, biz ona nə edə bilərik? Hamı ona qulaq asır, görürük ki, bu adam sənət yolunda can qoyur. Səsdə, hərəkətdə, səhnə davranışında savad, hələ üstəlik geyimində də savad... Təbii ki, cəmiyyətdə dəyişikliklər gedir. Bu o demək deyil ki, biz həmin dəyişikliklərlə qane olmalıyıq.
[b]- Siz də daxil olmaqla, sənətkarlar saxtakarlığı görür, amma əksər hallarda buna göz yumurlar. Bəzənsə dövlət adamları sizləri bu saxtakarlığı görməməyə məcbur edirlər... [/b]
- Hörmətli Ramiz Mehdiyevin bu yaxınlarda gözəl bir məqaləsi çıxdı. Bəlkə də bu məqalə bir az gec yazılıb. Amma onun yazdıqlarını mənim kimi onlarla sənət adamları banketlərdə, dövlət tədbirlərində deyirdik. Dövlət başçılarının deməsi və yazması isə tam başqadır. Ramiz Mehdiyev həqiqəti yazdı. O yazıdan nəticə çıxarmaq lazımdır. Amma baxıram, yenə həmin verilişər - "yağ kimi", "bal kimi", nə bilim nə kimi... Lap məətəl qalıram. Hörmətli şəxslərin qonağı oluram, görürəm ki, elə kanallara, elə verilişlərə baxırlar, utanıram. Yaxşı ki, AzTV-də tamaşalar var. Bu boyda məqalədən, tənqiddən sonra bir-iki xırda şey dəyişdi. Hansısa müğənninin doğmasını, filan müğənninin hamilə olduğunu daha efirdən demirlər. Yaxud da filan müğənninin neçə dəfə ərə getməsini bir müddət demədilər. Amma yenə başlayıblar. Necə düşünürsünüz, Ramiz Mehdiyevdən xahiş edək ki, bu ölkənin problemlərini bir kənara qoyub, məqalə yazmaqla məşğul olsun?
[b]- Sözlərinizdən belə çıxır ki, R.Mehdiyevin məqaləsi də bu sahədəki problemlərin qarşısını ala bilmədi... [/b]
- Görürsünüz ki, bunların qarşısını almaq mümkün deyil. Yazıbsa, mütləq tədbir görülməli, 3-5 ay ərzində bu yazıdan nəticə çıxarıb, həmin şəxsə məlumat verilməliydi. Təəssüflər olsun ki, bu məqalədən istifadə edə bilmədik. Əslində bu məqalə bütün telekanallarda müzakirə mövzusuna çevrilməliydi. Tək müzakirə ilə iş bitmir, o müzakirəyə əməl etmək də lazımdır.
[b]- Elə teatrlarda da özbaşınalıq var. Bəlkə, R.Mehdiyev teatrlara "əl gəzdirsin"? [/b]
- Yazılsa yaxşıdır. Mədəniyyət və Turizm Nazirliyində teatr biliciləri var. Amma sual olunur: teatr üçün yazanlar hanı?
[b]- Teatrşünaslar niyə yazmırlar? [/b]
- Onu bilmirəm. Bəlkə gözləyirlər?
[b]- Kimi? [/b]
- Kimdənsə göstərişi. Yəqin kimsə çağırıb deməlidir ki, yaz, ona görə də yuxarılardan sifariş gözləyirlər.
[b]- Axı, tənqidçi sifarişlə, göstərişlə yazmamalıdır? [/b]
- Yazanda ilk növbədə şəxsi qərəz kənara qoyulmalıdır. Bizim gözəl tənqidçilərimiz var - İlham Rəhimli, Aydın Talıb, Məryəm Əlizadə... Hərəsi tamaşaya bir cür təhlil verir. Aydın tamaşının fəlsəfi tərəfini gözəl açırsa, İlham aktyor oyununun yozumunu xırdalayır. Məryəm Əlizadə də onun kimi. Gərək, bunlar yazıb, bunlar desin.
[b]- Tənqidçilərin susması Sizi narahat edirmi? [/b]
- Əlbəttə, gələn nəsil məni söyəcək axı. Səhvi düzəltmək lazımdır. Akademik Milli Dram Teatrında 7 rejisor var. Gedin maraqlanın ki, hansı teatrda 7 rejissor var? Teatrda üç rejissor olar. Həmişə deyirəm: - Sağ olsun Prezidenti! Teatr sabah təmirdən çıxacaq. Mən ona təmir yox, yenidən tikilmə deyərdim. Foe gözəl, lüstr gözəl, divarlar sanki alışıb-yanır, nəhayət ki, işıqlar sönməlidir. İşıqlar sönən kimi pərdə açılacaq. Səhnədə nə olacaq?
[b]- Yəqin ki, 7 rejissorun özündən razılığını əks etdirən tamaşa... [/b]
- Bura qədər gözəldir. Burdan sonrası yox.
[b]- Deməli, Dövlət Gənc Tamaşaçılar Teatrının "pərdə arxası"nda baş verənlər Milli Dram Teatrının yanında "toygetməli" olacaq? [/b]
- İnanmıram. Hər halda Milli Dram Teatrı akademik teatrdı. Bəzən Akademik Milli Dram Teatrını elə adamlar müzakirə edir ki, məətəl qalırsan. Axtaranda həmin adamlar bu teatrın tarixini belə bilmirlər.
Milli Dram Teatrı bütün teatrların bayraqdarıdır. Teatrın sabahını isə bizdən çox baş rejissor düşünməlidir ki, teatr açılır, mən nə deyəcəm, Yaşar, Siyavuş nə oynayacaq? Axı, yaş öz işini görür. Teatrın ən cavan aktyorunun - Rövşən Kərimlinin 40 yaşı tamam olub. Budur cavan aktyor? Çox talantlıdır. Amma 40 yaşında cavan olar?
[b]- İstedadlıları tapa bilmirsiniz, yoxsa... [/b]
- Axtarmaq lazımdır. Mərhum rejissor Tofiq Kazımov Amaliya Pənahovanı hardan tapdı? 2-ci kursdan. Getmək, gəzmək lazımdır. Kabinetdə oturub pyes oxumaqla iş bitmir. Birini təqdim edəndə isə elə bilirlər dayın, ya da bibin oğludur. Bir söz deyəndə də olursan pis kişi. Mən bilmirəm hara gedirik? Hər halda Milli Dram Teatrını o adamlar müzakirə edə bilər ki, onların səviyyəsi ilə bu səhnədəkilərin səviyyəsi üst-üstə düşsün. Kim deyir ki, bizim tamaşaçımız yoxdur? Var. Sadəcə, aktyorun potensialından istifadə etmək lazımdır. İndi bəzi rejissorlar deyirlər ki, aktyorluq rejissordan asılı sənətdir. Harda yazılıb bu? Mən Allahdan başqa heç kəsdən asılı deyiləm. Tofiq Kazımovdan, Mehdi Məmmədovdan üzü bu yana elə bir rejissor yoxdur ki, onunla işləməyim...
[b]- İstər kino, istərsə də teatrda asılı olduğunuz rejissor olmayıb? [/b]
- Olub. O vaxt asılı olmuşam ki, rejissorun dediyini edə bilməmişəm. Bəzən rejissorlar mənə 2 saat fəlsəfə dərsi keçir. Başa düşə bilmirəm ki, fəlsəfə, psixologiya fakültəsini bitiriblər, yoxsa rejissorluğu? Bu da lazımdır, amma damla-damla. Heç bir rejissor aktyor üzərində hegemonluq edə bilməz. Digər tərəfdən, gürcü rejissorlarının səsi Amerikadan gəldiyi halda, mənim rejissorumu heç Mərdəkanda da tanımırlar. Mənim aktyor ləyaqətimi heç bir rejissor tapdaya bilməz. Aktyor kimi heç bir rejissorun - nə Tofiq Kazımovun, nə Mehdi Məmmədovun, nə də digərlərinin - qulu olmamışam. Məni alçaltmaq istəyən rejissor qələt eləyər! Rejissor mənə rol verməyə bilər, öz işidir. Amma rejissorlar aktyorun qədrini bilməli və ona hörmət etməlidirlər. Həm də bu gün Siyavuş Aslan çayçıda oturmamalı, Yaşar Nurinin müsahibə verməyə vaxtı olmamalıdır. Bax, teatr açılandan sonra qapımızı döyəcək bəla budur!