30-08-2009 [07:49]
[b]"Mənim triyoma oxşamasın deyə "İlahi"ni tək Alim müəllimin ifasında lentə aldılar. Amma mən bunu kimdən gözləsəm də, Alim Qasımovdan gözləmirdim"[/b]
Ramazan ayının birinci ongünlüyü başa çatsa da, nədənsə efirlərdə ilahi mahnıların məşhur ifaçıları gözə dəymirlər. Duaların qəbul, niyyətlərin hasil olduğu müqəddəs ayda da yerli telekanallar daha çox dünyəvi mahnılara üstünlük verirlər. "Əhli-beyit" qrupunu üzvlərindən olan Samir Salamı da narahat edən bu məsələdir.
- Bütün dünyada bir fikir var ki, Ramazan haqqında olan mahnı məhz həmin ayda oxunmalıdır. Amma mən, bu fikirlə razı deyiləm.
[b]- Nəyə görə? [/b]
- Ramazana 11 ayın sultanı deyirlər. Əgər buna sultan deyirlərsə, hər ay zikr olmalıdır. Bizdə isə əksinədir. Ramazan ayında belə mahnılara, Quranın nazil olmasına, fəzilətlərə, hikmətlərə bir az üstünlük verirlər. Bu artıq təbii hal alıb. Məndə isə əksinədir. Çalışıram ki, onların əksinə gedim. Bu mahnılar təkcə Ramazan və Qurban bayramında deyil, bütün aylarda oxunmalıdır. Azərbaycanın bədbəxtliyi ondadır ki, bir şey necə formalaşırsa, elə də gedir. Əgər kimsə onun istiqamətini bir balaca dəyişmək istəsə, ona "kafir" deyirlər. "İlahilər" təkcə "Ya Rəsul Allah", "Ya Əli", "Ya Fatimə"dən ibarət deyil. Dualardan, zamandan, Allahın adından ibarət "İlahilər" olmalıdır. Adicə bir insanın yaşayışı haqqında mahnı yazılırsa, bunun özü də İlahi məsələdir.
Bizdə isə qəbul olunmamış qanunlar formalaşıb. Məsələn, elə götürək məni. "Əssalamü-əleyküm" mahnısına görə az qala mənə "kafir" adı qoyurdular. Dedilər, bu şəxs yolunu azıb. O nə mahnıdır və s. Mahnıdır, fərqi nədir? Sən Peyğəmbərdən oxumursan, mən isə onun dediklərindən oxuyuram.
Peyğəmbərimiz deyir salam verin! Kimə? Yaşda böyük olanlara, yol üstündə duranlara, hətta körpə uşaqlara da salam verin. Təhqir etməmişəm, söyüş söyməmişəm
Bundan əvvəl dərvişlər vardı. Onun ardınca "Əhli-beyit" qrupu gəldi. Bir az inkişaf etdik, tanındıq, elə o batan batdı. 10 il ərzində "İlahilər" toplusu bütün dünyada böyük inkişaf yolu keçdi. Sami Yusif "İlahilər"lə bütün dünyaya meydan oxuyur. Bəs, Azərbaycanda niyə bunu edə bilmirlər?
[b]- "İlahilər"in Azərbaycanda inkişaf etməməsinin səbəbi nədir? [/b]
- Birinci səbəb bazar məsələsidir. Yəni bazar, səhnə və klip "ilahilər"i var. Bazar "ilahiləri" buna məcburdur.
[b]- Niyə? [/b]
- Çünki toylara gedirlər. Əgər bu mahnıları oxumasalar, onları toya çağırmazlar.
İkincisi, sənəti qabağa aparmaq üçün sponsor olmalıdır. Amma bizim sənətdə bunlar yoxdur. Elə biri mən, qalmışam ortada. Bazara işləmirəm, toylara getmirəm, mahnılarım isə qalıb. Xalq artisti Alim Qasımov, Rasim Balayev və mənim birgə layihəmiz oldu. Amma belə bir layihə ortada qaldı. Sanki bu layihə yoxmuş.
[b]- Bəstəkar Kamal, Baba Vəziroğlu və Alim Qasımovun birgə layihəsi olan - "İlahi"ni dünya turnesinə çıxarmağa hazırlaşırlar. Sizin "İlahilər"i həmin "İlahi"dən fərəqləndirən nədir? [/b]
- Mən onların "İlahi"sinə qulaq asmışam. Qeyri-adi layihə deyil. Sözləri eşidilmir, musiqisi isə türk musiqisinə - Mahsun Kırmızıgülün "Bəlalım" mahnısına oxşayır. Amma mən bunu gözləmirdim. Çünki Alim Qasımovun səsi həmişə qeyri-adi layihələrdən eşidilib. Azərbaycanda sistem elə qurulub ki, iş görəni qabağa çəkən yoxdur.
Bir faktı deyim. Mən, "İlahilər" mahnısının səslənməsi üçün ATV telekanalına müraciət etdim. Amma onlar bu mahnını yayınlamadı və mənə dedilər ki, bu kanalda dini mahnılar səslənmir. Amma ATV bəstəkar Kamalın (nazir Kəmaləddin Heydərov nəzərdə tutulur-B.R.) "İlahi"sini hər gün yayınlayır. Adamdan soruşarlar ki, ilahi mahnılar yayınlamırdınızsa, bunu niyə səsləndirirsiniz? Demək istəyirəm ki, Azərbaycanda sistem düzgün qurulmayıb. İşə yiyəsinə görə qiymət verirlər. Əslində isə qiymət işə görə verilməlidir.
[b]- Ramazan ayı başlasa da, nədənsə ilahi mahnıların ifaçıları telekanallarda gözə dəymirlər? Sizcə, buna səbəb nədir? [/b]
- Dəvət edirlər, amma getmirəm. Çünki həmin telekanal ildə bir dəfə məni yada salır. Mən ilahi mahnıların ifaçısıyam. Nəyə görə Allahın yaratdığı insanlara mahnıları bir istiqamətdə yeridirlər? Nəyə görə bütün ili bu mahnılar səslənməsin? Bəlkə biri ilahi mahnılara qulaq asmaq istəyir. Mən bu tilsimi bəzi telekanallarda qırdım. "Xəzər", "Space", "Lider" kimi telekanallara problemsiz çıxıram. ATV isə ayrıseçkilik edir. Eybi yox. Bu hələ son deyil. Bir gün xəbər yayılacaq ki, Samir Salam Azərbaycanda yoxdur.
[b]- Siz də Sami Yusif kimi Azərbaycanı tərk etmək fikrindəsiniz? [/b]
- Əlbəttə. Bir də görərsiniz ki, səsim Özbəkistandan gəlir, onların ilahilərini oxuya-oxuya dünyaya çıxıram. Oranın imkanlı şəxslərindən biri sponsorluq edərək, məni dünyaya çıxardıb. Sami Yusif də belə getdi.
"Salam" mahnısını 4 dildə oxudum. "Bakı-İslam Mədəniyyətinin paytaxtıdır",- deyib bu layihəyə əl atdım ki, bütün islam dünyasına Bakıdan salam olsun. Dilim qabar, dodağımsa yara oldu. Amma nəticəsi görünmədi. Kimə müraciət etdimsə, mənası olmadı.
[b]- Cəmiyyət ilahiləri eşitməyə hazır deyil, yoxsa... [/b]
- Yox. Cəmiyyət belə mahnılar üçün acdır. Amma bazar həmin mahnıların üstündən xətt çəkib.
Bundan başqa, Azərbaycanın 75 faizi şiələrdir. İlahi mahnıların adları gələndə onlarda ikrah hissi yaranır. Deyirlər ki, bunlar məzhəbçilərdir. Odur ki, bizi yaxın buraxmırlar. Hələ bu harasıdır? ATV-yə vətənpərvərlik mövzusunda mahnı aparmışdım. Onu da qəbul etmədilər.
[b]- Nəyi bəhanə gətirdilər? [/b]
- O mahnının nəqarətində "Allah, Məhəmməd, Ya Əli" deyilirdi. Azərbaycanda hətta uşaq da ayaq üstə duranda bu sözü işlədir.
Bütün dünyada hamı gözəl ideya üçün çırpınır. Samir mahnını ortalığa çıxardıb, gözəl bir triyo yaratdı. Onlar isə mənim triyoma oxşamasın deyə "İlahi"ni tək Alim müəllimin ifasında lentə aldılar. Amma mən bunu kimdən gözləsəm də, Alim Qasımovdan gözləmirdim. Onun yerinə başqası olsaydı, deyərdi ki, hazır layihə var, gəlin, onu ekranlaşdıraq. Həmin layihə mənə məxsus olduğu üçün demirəm. Yüz "İlahi" gətirsələr, mənim mahnımın yerini verməz. Çünki həmin "İlahi" mənim qəlbimdə kök atıb, şaxələnib. Mahnıda 5 ritm dəyişir. Biri əsər deyir, digəri kantata. Amma heç kəs bu "İlahi"yə pul xərcləmək istəmir. Hansı şirkətə müraciət etdimsə, hamısı yaxasını kənara çəkdi.
[b]- Hətta "Azersell" şirkəti də bundan imtina edib? [/b]
- Hə. "Azersell"dən dedilər ki, belə mahnılara pul ayırmırıq. Amma Azərbaycan gənclərinin mənəviyyatına zidd olan əksər konsertlərin baş sponsoru "Azersell" olur. Mənasız şoulara, azərbaycançılığa, müsəlmançılığa zidd olan layihələrə "Azersell" bir göz qırpımında pul ayırır.
[b]- Ramazan ayında solo-konsert vermək fikriniz varmı? [/b]
- Əlbəttə, kim istəməz ki, solo-konsert verməsin. Özü də Ramazan ayında. Amma hər şey maddiyyata bağlıdır. Konserti harada verim? Tutaq ki, ansamblı yığıb, məşq etdim, bəs onlara pul verilməlidir, ya yox? Eləcə də zalı icarəyə götürmək üçün qonorar ödəmək lazımdır. Bəs, bu vəsaiti hardan alım?
[b]- "İlahilər"in ifaçısı icarə haqqı ödəyə bilmədiyi halda bəstəkar-müğənni Elza Seyidcahan Ramazan ayında Hacı və hacıxanımlar üçün solo-konsert verəcəyini deyir... [/b]
- Onun sponsoru var. O, çox şeyi təcrübədən keçirib və indi də bunu edir. Başa düşə bilmirəm, hacılar və hacıxanımlar üçün veriləcək konsertdə, o, nə oxuyacaq? Bəzi hacılar var, milyonçudur, amma elə adama sponsorluq edirlər ki, eşidəndə sanki dəli olursan. Mən isə millət vəkili Hacı Madəri tapa bilmirəm. Baxmayaraq ki, mənim vəkilimdir.
Elza xanımın konsertini təşkil edənlərdən mənə dəvət gəldi. Getdim. Dedilər ki, istəyirik, bu konsert cazla "İlahilər"in sintezi olsun. Yəni Elza, mən və Növrəslilər... Dedilər ki, Alim Qasımov, Rasim Balayev və sizin birlikdə duetiniz bu konsertin hit nöqtəsi olar. Mən isə dedim ki, Alim Qasımovla Rasim Balayevin əvəzinə qərar verə bilmərəm. Yaxşısı budur onlarla özünüz danışın. Əgər razılıq versələr, mən hazır. Deməyə də adam utanır. Bunun günahı bir az da təşkilatçılardadır. Adama deyərlər ki, siz Elzanı bu üslubda oxuyan görmüsünüz? Azərbaycanın gerçəkliyi budur ki, bu gün Elza kimilərə pul verirlər, amma Samir Salamlara yox.
[b]- Hacılar və hacıxanımlar üçün veriləcək konsertdə Elza xanım hansı mahnıları oxuyacaq? [/b]
- Azərbaycandan Məkkəyə gedənlər çoxdur və əksəriyyəti ziyarətə ada görə gedirlər. Mən də ziyarətdə 5 dəfə olmuşam, Allah hamıya nəsib eləsin! Mən, orada gördüyümü görmüşəm. Orada bütün ölkənin ziyarətçiləri qurup rəhbərinin arxasınca gedir. Hamı oradakı ənənəyə riayət edir, bircə bizimkilərdən başqa. Bəzi zəvvarlarımız isə qızıl-brilliant alveri edirlər. Belə hacıxanımlara kim konsert verməlidir? Əlbəttə ki, Elza.
Mən möhtəşəm konsertin tərəfdarıyam. Ramazan olmasın, başqa ay olsun. Şərt deyil ki, konsert təkcə Ramazanda olsun. Düzdür, Ramazan bərəkət, rəhmət ayıdır. Bəlkə bir adam çıxdı. Çox da xərci yoxdur, 10 min manat olsa, işlər düzələr.
[b]- Tamaşaçı sarıdan korluq çəkməzsiniz ki? [/b]
- Mənim tamaşaçılarım Röyanın pərəstişkarlarını kölgədə qoyar. Əsas ifadır. Düzdür, zahiri görkəm də şərtdir. Röya kimilər çoxdur, tamaşaçılar isə bunların arasında bölünüblər. Aygünün, Eyyubun, Faiqin öz adutoriyası var. Röyaya qulaq asanlar Aygünə qulaq asmırlar. Artıq bunların partiyaları yaranıb. Aygün partiyası, Faiq partiyası və s. Amma bu partiyaların heç biri Sami Yusifin tamaşaçılarının bir faizini də yığa bilməyib. İnsanların Sami Yusif kimilərin "İlahilər"inə ehtiyacı var. Belə konsertlər təkcə Bakıda deyil, Lənkəranda, Gəncədə də keçirilməlidir.
Onu da bildirmək istəyirəm ki, repertuarımda çoxlu mahnılar var. Bəziləri lentə alınıb, bəzilərinin isə üzərində iş gedir. Amma sponsorsuz çətin ki, irəli gedə biləsən.
[b]Bahar RÜSTƏMLİ [/b]