Məhkəmə Məhərrəm Əliyevə 7 il 6 ay həbs cəzası verdi

img

25-08-2009 [04:13]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əmir Bayramovun sədrliyi ilə əvvəllər məhkum olunmuş 26 yaşlı Gəncə şəhər sakini Məhərrəm Ramiz oğlu Əliyevin məhkəməsi başa çatıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məhkəmə yolu ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs Məhərrəm Əliyev bu il martın 20-də Göygöl rayonu Üçtəpə kəndi ərazisindəki bağ sahəsində, Anar Zaur oğlu Bağırova tanışı İslam Vaqif oğlu Əmrahovla dalaşmasını irad tutaraq, əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə, üstündə olan bıçaqla Anar Bağırovu qəsdən vuraraq ona insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurub. M.Əliyev məhkəmədə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, martın 20-də yaxın tanışı İslamla rastlaşarkən, İslam ona hər ikisinin yaxın tanışı olan Anarla dalaşdıqlarını deyib. O, İslama Zaurla dalaşmalarını irad tutub, Novruz bayramı günündə küsülü qalmağın günah olduğunu və barışmaq lazım olduğunu deyərək, onları barışdırmaq məqsədi ilə Anarın mobil telefonuna zəng edib. Anar ona Göygöl rayonu Üçtəpə kəndi ərazisindəki bağ sahələrində olmasını deyib və həmin mövzuda söhbət etmək üçün oraya gedib. Orada o, Anarla görüşüb ona da İslama dediyi sözləri deyərək dalaşmalarını irad tutub, barışmalarını məsləhət gördükdə, Anar hirsli şəkildə özünün haqlı olmasını, onların işinə qarşımamasını demiş və bu səbəbdən aralarında mübahisə baş verib. Mübahisə zamanı Anar yumruqla onun sinəsindən vurub, o da hirslənib cibində olan bıçaqla Anarın sinəsindən bir dəfə vuraraq hadisə yerindən qaçıb gedib. O, hadisədən dərhal sonra bu barədə İslama bildirərək Bakıya qaçıb, martın 29-da isə könüllü olaraq polisə gedib törətdiyi cinayət əməlini etiraf edib. Hazırda əməlindən peşiman olduğunu deyərək, məhkəmədən ona güzəşt edilməsini xahiş edib. Zərərçəkmiş şəxs Anar Bağırov isə Məhərrəmlə barışdığını, onu bağışladığını və ona qarşı heç bir şikyət və tələbinin olmadığını bildirib. Məhkəmənin hökmü ilə Məhərrəm Əliyev 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA