Ombudsman Lənkəran Polis zöbəsində baz vermiz intihar faktıyla bağlı baz prokurora müraciət edib

img

07-07-2009 [06:59]


İnsan Hüquqları üzrə Müvəkkilinin tapşırığına əsasən Aparatın əməkdaşları Lənkəran Şəhər-Rayon Polis Şöbəsində (ŞPİ) baş verən intihar faktı ilə bağlı yerində araşdırma aparılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, aparılan araşdırma zamanı məlum olub ki, Lənkəran ŞPRŞ-in Müvəqqəti Saxlama Təcridxanasında (MST) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (narkotik vasitələrin qanunsuz saxlanılması) təqsirləndirilən şəxs qismində saxlanılan Lənkəran rayon sakini, 46 yaşlı Rüstəm Nəbi oğlu Əliyev 02 iyul 2009-cu il tarixdə saxlanıldığı kameranın pəncərəsinin dəmir barmaqlığından köynəyi ilə özünü asaraq intihar edib. Ombudsmanın nümayəndələri faktın araşdırılması ilə bağlı, ilk öncə, mərhum R.Əliyevin ailə üzvləri ilə görüşüblər. Söhbət zamanı mərhumun qardaşı İlham Nəbi oğlu Əliyev və həyat yoldaşı Nazlı Əliyeva R.Əliyevin barəsində olan 59618 saylı cinayət işinin istintaqının Lənkəran ŞPRŞ-də aparıldığını, istintaq zamanı müstəntiq və cinayət-axtarış şöbəsinin rəisi tərəfindən törətmədiyi cinayət əməlini etiraf etmək məqsədilə ona təzyiqlərin göstərildiyini bildiriblər. Aparatın əməkdaşları Lənkəran ŞPRŞ-nin MST-də olarkən mərhumun saxlanıldığı kameraya baxış keçiriblər. Eyni zamanda, Lənkəran ŞPRŞ rəisinin müavini Tələt Şahverdiyev və həmin polis şöbəsi MST-nin rəisi Xətai Rəcəbov söhbət zamanı bildiriblər ki, polis əməkdaşları və orada saxlanılan şəxslər tərəfindən mərhum hər hansı bir zorakılığa və ya təzyiqə məruz qalmamış, ona qarşı heç bir qanunazidd hərəkətə yol verilməyib. Həmçinin bildirilib ki, faktlı bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. Aparatın əməkdaşları bu məsələ ilə bağlı Lənkəran Rayon Prokurorluğunda da olub, rayon prokuroru Ramiz Nəbiyev və müstəntiq Habil Hacızadə ilə görüşüb söhbət ediblər. Söhbət zamanı bildirilib ki, R.Əliyevin intihar faktı ilə bağlı 02 iyul 2009-cu il tarixdə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanılıb və hazırda istintaqı aparılır. İstintaq zamanı müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilib, mərhumla bir kamerada saxlanılanların, habelə polis şöbəsi əməkdaşlarının ifadəloəri alınıb, mərhumun meyiti tibbi ekspertizaya göndərilib və digər istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir. Daha sonra, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olaraq Rüstəm Əliyevlə bir kamerada saxlanılan Nicat Rüstəmov, Malik Miriyev və Rövşən Kərimovla görüşüb söhbət edib və onlar bildiriblər ki, nəzarətçinin çağırışı ilə yuxudan oyanarkən R.Əliyevi öz köynəyi ilə barmaqlıqdan asılmış vəziyyətdə görüblər. Eyni zamanda Lənkəran ŞRPŞ-nin MST-də hazırda saxlanıldıqları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayətlərinin olmadığını bildiriblər. Müvəkkil faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət edərək, hadisənin tam, obyektiv və hərtərəfli araşdırılmasının təmin olunmasını, qanun pozuntusu aşkar olunduğu halda, buna yol verən polis əməkdaşlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA