Daha bir neçə bələdiyyə sədri həbs edilə bilər

img

14-06-2009 [06:25]


[b]Deputat Madər Musayev, nazir müavini Əsgər Ələkbərov və polis rəisi Rasim Musayevin qohumlarının fəaliyyəti araşdırılacaq [/b] Təxminən 10 gün öncə Respublika Prokurorluğu Azərbaycanda 10-a yaxın bələdiyyənin fəaliyyətinin araşdırılması barədə məlumat yaydı. Nəsimi rayon bələdiyyəsi də daxil olmaqla, 10-a yaxın bələdiyyəni dövlətin milyonlarını mənimsəməkdə ittiham edirlər. Hazırda faktla bağlı araşdırma aparılır. Eyni zamanda bəzi, mətbu orqanlar digər bələdiyyələrdə də yeyinti hallarını təkzib etmirlər. Bu arada isə "Reytinq"ə hüquq-mühafizə orqanlarından bələdiyyələrin fəaliyyətinin əsaslı araşdırılmasına hazırlıq görülməsilə bağlı digər məlumatlar verilib. Məlumatlarda qeyd olunur ki, bələdiyyə mülkiyyətində olan torpaqların satışı ilə bağlı yeni qaydaların tətbiqindən sonra bu sahədə təftiş aparılmasına böyük ehtiyac yaranıb: "Bəlli olub ki, əksər bələdiyyələrin mülkiyyətində artıq boş torpaq sahələri yoxdur. Torpaqların təyinatları nəzərə alınmadan onlar saxta sənədlərlə satılıb. Hətta bəzi bələdiyyə sədrləri səlahiyyətlərini aşaraq, Dövlət Fonduna daxil olan torpaqları da satıblar. Belələrindən deputat Hacı Madər Musayevin yaxın qohumunun rəhbərlik etdiyi Binəqədi qəsəbə bələdiyyəsinin sədri Elman Salmanovla, Binəqədi rayon bələdiyyəsinin sədri Natiq Məmmədovun adını çəkmək olar. Əgər birinci Dövlət Neft Şirkətinin ərazisi üzərində saxta sərəncamlar verməklə özbaşınlaqlarını gerçəkləşdiribsə, ikinci şəxs 7-ci mikrorayon ərazisində Metropolitenə məxsus ərazilər, həmçinin Novxanı, Goradil və Xəzəryanı digər sahələr üzrə qanunsuz sərəncamlar verməklə, özünü "nişangah"a gətirib. Əminliklə deyə bilərəm ki, çox yaxın müddətdə hər iki bələdiyyə sədri və oradakı digər vəzifəli şəxslərin fəaliyyətləri araşdırılacaq". Yeri gəlmişkən, "Reytinq"in ötən saylarının birində Binəqədi qəsəbə bələdiyyəsinə rəhbərlik edən deputat Madər Musayevlə, bələdiyyənin memarı, Gəncənin polis rəisi Rasim Musayevin himayə etdiyi Murad adlı memarın özbaşınalıqlarından məlumat vermişdik. Qəsəbə sakinlərinin şikayətlərinə əsaslanaraq, adıçəkilənlərin saxta sənədlərlə Dövlət Neft Şirkətinin balansında olan torpaq sahələrini satmaqla böyük problemlərin əsasını qoyduğunu bildirmişdik. Həmin yazıda hazırda yüzlərlə vətəndaşın evlərinin sökülmə təhlükəsiylə üzləşməsi və bələdiyyə rəhbərliyinin prezident İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli fərmanını pozduqlarını da vurğulamışdıq. Məsələ burasındadır ki, prezidentin fərmanı ilə bələdiyyələrin mülkiyyətində olan torpaqların satışı dayandırılıb və bir neçə ay əvvəl qəbul olunmuş qaydalara görə torpaqlar müsabiqə və ya hərrac yolu ilə satıla bilər. Ancaq Elman Salmanovla, memar nəinki bu fərmana əməl ediblər, üstəlik, bələdiyyənin mülkiyyətində olmayan torpaq sahələri üzərində də sərəncam verməklə Azərbaycan iqtisadiyyatının "bel sütunu" olan neft siyasətinə maneçilik yaradıblar. Bu isə təbii ki, hakim dairələri qəzəbləndirməyə bilməz. Qəzetimizə verilən yeni məlumatlar da göstərir ki, qəsəbə sakinlərinin narahatlıqları əbəs deyilmiş. Mənbənin sözlərinə görə, hazırda rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bələdiyyə sədri Elman Salmanovla, daxili işlər nazirinin müavini general Əsgər Ələkbərovun himayə etdiyi Natiq Məmmədovla bacara bilmədiyini açıq şəkildə etiraf edir və bunun səbəblərini də onların himayədarları ilə əlaqələndirir: "Məhz bu amil adıçəkilən bələdiyyələr üzrə yoxlamanın vaxtının irəli çəkilməsinə zəmin yaradıb". Müsahibimiz qeyd edir ki, yaxın həftələrdə qəsəbə ərazisindəki real durumu dəqiqləşdirmək üçün hüquq-mühafizə orqanlarının qəti hərəkətə keçəcəyi gözlənilir: "Bu isə onu göstərir ki, Binəqədi rayonundakı bəzi bələdiyyə sədrlərinin həbsi gerçəkləşə bilər. Bu, ancaq o halda baş verməyə bilər ki, Madər Musayev, Əsgər Ələkbərov və Rasim Musayev məsələyə operativ müdaxilə edərək, qarşılıqlı anlaşma ilə problemi yoluna qoysunlar. Ancaq sizi əmin edirəm ki, Elman Musayevlə Rasim Musayevin qohumunun qəsəbədə yaratdığı problem ən azından Madər Musayevin növbəti dəfə deputat olmaq iddiasını alt-üst edəcək". Müsahibimiz onu da deyib ki, bələdiyyənin memarı Murad müəllimin vəziyyəti bir qədər fərqli ola bilər: "Onun bələdiyyədəki fəaliyyəti nə qədər azadlığına təhlükə yaradırsa, işdən sonrakı şəxsi fəaliyyətində bir o qədər "ilişiləsi" məqamlar var. Elə onun bir neçə obyekti üçün sifariş verdiyi qapı-pənəcərələrin pulunun ödəmədiyi və əslən naxçıvanlı olan şəxslərlə borc mübahisələrinin araşdırılması yetər ki, Rasim Musayevin himayə etdiyi memarın aqibətilə bağlı məntiqi sonluq çıxarmaq mümkün olsun". Natiq Məmmədova gəlincə, dekabrda keçiriləcək növbəti bələdiyyə seçkisində onun qarşısında "qırmızı işıq" yandırılacaq: "Üstəlik, onun mənimsədiyi pulların dövlətə qaydarılması istiqamətində də ciddi addımların atılması mümkündür". [b]P.S.[/b] Yazı ilə bağlı adıçəkilənlərin münasibətini öyrənmək cəhdimiz alınmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA