25-04-2009 [12:23]
[b]Tutulan Aydın Rəfiyev bir həftə öncə bu işlə bağlı saxlanılan Anar Rəfiyevin atasıdır; daha 20 nəfərin istintaqa cəlb edildiyi deyilir [/b]
Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı daha bir nəfər həbs olunub. Bu şəxs Bakı şəhər sakini Aydın Rəfiyevdir. Aldığımız məlumata görə, Aydın Rəfiyev general R.Rzayevin adyutantı olub. Verilən məlumata görə, Aydın Rəfiyev aprelin 16-da elə bu cinayət işi ilə bağlı həbs edilən 26 yaşlı Anar Rəfiyevin atasıdır.
Generalın qətlindən sonra Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yaradılmış istintaq qrupunun üzvləri Aydın Rəfiyevi mütəmadi olaraq çağıraraq dindiriblər.
Xəbər verdiyimiz kimi, aprelin 16-da hüquq-mühafizə orqanlarının əməkdaşları onun oğlu Anar Rəfiyevi saxlayıblar. Onun idarə etdiyi avtomobilə baxış zamanı maşının yük yerində hərbi geyim aşkarlanıb. Araşdırma zamanı 26 yaşlı Anar Rəfiyevin hərbçi olmadığı müəyyən edilib. Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindiriləndən sonra Nəsimi Rayon Məhkəməsinə aparılan Anar Rəfiyevin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Nəsimi Rayon Məhkəməsindən ANS-press-ə faktı təsdiq edərək bildiriblər ki, Anar Rəfiyev barəsində aprelin 18-də hakim Sevda Hüseynovanın sədrliyi ilə qapalı məhkəmə iclasında 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terror aktı)) maddəsi ilə ittiham irəli sürülüb.
Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə qəzetimizə açıqlamasında faktı nə təkzib, nə də təsdiq etmişdi: ?Baş Prokurorluğun mətbuat xidmətində general Rail Rzayevin bilavasitə qətli ilə bağlı hər hansı bir şəxsin həbs olunmasına dair məlumat yoxdur. Qeyd edilən cinayət işinin istintaqını aparan hüquq-mühafizə orqanları tərəfindən istintaqın gedişi ilə bağlı zərurət olduğu halda ictimaiyyətə məlumat veriləcək?.
Dünən redaksiyamıza daxil olan məlumatlarda isə generalın adyutantı olmuş Aydın Rəfiyev və oğlu Anar Rəfiyevə ilkin olaraq CM-nin 177-ci (oğurluq) maddəsi ilə ittiham verildiyi qeyd olunur: ?General Rail Rzayevin oğlu Qurban Rzayev qətldən sonra atasının köməkçisi olmuş Aydın Rəfiyevlə görüşüb. Ümumiyyətlə isə Aydın Rəfiyev Rzayevlər ailəsinə yaxın olduğundan tez-tez onlarla görüşürmüş. Həmin görüşlərin birində Qurban Rzayev mərhum atasının hərbi gödəkçəsini və generalın şəxsi avtomobilində istifadə etdiyi, lakin xidməti avtomobilinə məxsus olan nömrə nişanını Aydın Rəfiyevə verərək onları Müdafiə Nazirliyinə çatdırmasını xahiş edib. Lakin o, hansısa səbəbdən bunu etməyib. Aydın Rəfiyevin oğlu Anar da həbs edilən gün atasının "Mutsubişi-Pajero" markalı avtomobilini idarə edirmiş. Onu saxlayarkən avtomobilin yük yerində general Rail Rzayevə məxsus gödəkçə olub. Həmin gün onun atası da həbs edilib. Hər ikisinə guya generalın gödəkçəsini oğurlamaqla bağlı ilkin ittiham verilib. Lakin məsələ ictimailəşəndən sonra Rail Rzayevin oğlu ifadə verərək atasının gödəkçəsinin oğurlanmadığını, gödəkçənin və nömrə nişanının Aydın Rəfiyevə onun tərəfindən verildiyini açıqlayıb. Bundan sonra Rəfiyevlərə verilmiş ilkin ittiham CM-nin 179-cu maddəsinin 2.1-ci bəndi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə) ilə tövsif edilib".
Mənbə ANS-press-ə Nəsimi Rayon Məhkəməsindən verilən məlumatın düzgün təqdim olunmadığını da bildirdi: ?Məhkəmədən ANS-press-ə Rəfiyevlərə verilmiş ilkin ittihamın CM-nin 177-ci, yəni oğurluq maddəsi ilə verildiyini deyiblər. Lakin yayılan məlumatda səhvən 177-ci maddə əvəzinə 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terror aktı)) maddə qeyd olunub. Ona görə də ictimaiyyətdə çaşqınlıq yaranıb. Rəfiyevlər 3 aylıq deyil, 2 ay müddətinə azadlıqdan məhrum ediliblər?.
Rəfiyevlərin MTN-in İstintaq İdarəsində saxlanıldığı bildirilir. Özünü həbs edilən Anar Rəfiyevin dayısı kimi təqdim edən Həmid Quliyev dünən redaksiyamızla əlaqə saxlayıb. O da Rəfiyevlərin həbsi ilə bağlı məlumatda maddənin düzgün göstərilmədiyini qeyd etdi: ?Anarın və atasının həbsi generalın qətlinə görə deyil. Onları da qətllə bağlı həbs olunan 20-dən artıq şəxs kimi dindirirlər. 1-2 aya yəqin ki, buraxacaqlar?.
H.Quluyev A.Rəfiyevin anasının həbsdən sonra ağır xəstəliyə tutulduğunu və xəstəxanaya aparıldığını da bildirdi.
Xatırladaq ki, general Rail Rzayevi fevralın 11-də evinin yaxınlığında boynunun ardına bir atəş açmaqla qətlə yetiriblər. Qətldən sonra prezidentin göstərişi ilə Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ən yaxşı əməliyyatçıları cəlb edilməklə Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq qrupu yaradılıb. Milli təhlükəsizlik naziri Eldar Mahmudov generalın qətli ilə bağlı 4 versiyanın üzərində iş getdiyini açıqlayıb. Lakin nazir həmin versiyaların nədən ibarət olduğunu söyləməyib.
[b]musavat.com[/b]