Ərdoğandan İsrailə ilginc barış mesajı – körpülər təzədən qurulur?

img

15-12-2015 [10:58]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə bağlı kifayət qədər mühüm sayılacaq açıqlama verib. O, 5 il əvvəl minimuma endirilən əvvəlki əlaqələrin tam bərpasına tərəfdar olduğunu bəyan edib. Ərdoğanın sözlərinə görə, bu, həm Türkiyəyə və İsrailə, həm də Fələstinə və bütövlükdə regiona çox şey verə bilər.

Türkiyə prezidenti İsraillə münasibətlər və onların normallaşması mümkünlüyünü Türkmənistan səfərindən qayıdarkən, təyyarədə jurnalistlərin bu mövzuda ona ünvanlandığı sualları cavablandırarkən şərh edib. 

"Bizim İsraillə üç mövzumuz var - biz onlardan üzrxahlıq xahiş eləmişdik. Onlar bunu elədilər. Biz demişdik ki, kompensasiya gözləyirik (2010-cu ildə Fələstinə humanitar yardım aparan ”Mavi Mərmərə" gəmisinə İsrail xüsusi təyinatlıların hücumu zamanı öldürülən türk-müsəlmanların ailələri nəzərdə tutulur - S.S.) Bu baş vermədi. Əlavə olaraq biz Fələstinin blokadasının götürülməsini istəmişdik. İki sonuncu məsələ həllini tapmayıb. Mən bildirmişdim ki, əgər kompensasiya ödənilsə və embarqo götürülsə, biz normallaşma prosesi yolu ilə gedə bilərik" - deyib Türkiyə dövlət başçısı.   


"Normallaşma prosesi bizə, İsrailə, Fələstinə, bütövlükdə regiona çox şey verə bilər. Regionun buna ehtiyacı var və orada məskunlaşan bütün xalqların maraqları haqda düşünmək zəruridir. Sülhün mümkün qədər tez bərqərar olmasına kömək eləmək gərəkdir” - əlavə edib Ərdoğan. 

*** 

Xatırladaq ki, ötən həftə İsrailin milli infrastruktur, energetika və su resursları naziri Yuval Ştaynits İsrail qazının Türkiyəyə ixrac edilməsinin mümkün olduğunu söyləmişdi. Bunun ardınca Türkiyə KİV-ləri belə bir məlumat yaydı  ki, "baş nazir Binyamin Netanyahu qaz nəqli ilə bağlı İsrailin bir neçə dövlətlə, o cümlədən Türkiyə ilə danışıqlar aparıldığını deyib”.  
Yerli KİV-lər onu da iddia eləmişdi ki, transmilli neft şirkətləri, o cümlədən bp Türkiyədə İsrail qazının təchizatına dair danışıqlar aparır. "Sabah” qəzetinin məlumatına görə, qeyri-rəsmi danışıqlar üç özəl şirkət səviyyəsində gedir.

Göründüyü kimi, prezident Ərdoğan əslində danışıqların getdiyini, tərəflər arasında təmasların olduğunu istisna eləməyib. Türkiyə liderinin bu yanaşması və yəhudi dövləti ilə bağlı son mesajı qardaş ölkənin Rusiya ilə münasibətlərinin kəskinləşməsi və özünə daha etibarlı energetik (elə həm də siyasi) tərəfdaşlar axtarması fonunda məntiqlidir və situasiyaya adekvat hesab edilə bilər. 


***
Rəsmi Ankara artıq fərqindədir ki, Moskva ilk fürsətdəcə ona güc nümayiş etdirmək və "Su-24" insidentinə görə hansısa formada revanş götürüb zədələnmiş imicini bərpa eləmək niyyətindədir. Ötən saylarımızda da vurğulandığı kimi, mövcud vəziyyət yerləşdiyi mürəkkəb regionda Türkiyə üçün müttəfiqlərin önəmini sövq-təbii artırıb, onu dost-müttəfiqlərin sayını artırmaq imperativi qarşısında qoyub. 

Onlardan biri də İsrail ola bilər. Təhlilçilər Türkiyə ilə Rusiya arasındakı gərginliyin Ankara-Təl-Əviv münasibətlərini istiləşdirəcəyini istisna eləmirlər. Ancaq bundan ötrü ən əvvəl Netanyahu ilə Ərdoğan arasında müəyyən siyasi uzlaşmaya ehtiyac var. İsrail analitiklərinə görə, baş nazir Netanyahu qısa zamanda Ankara ilə münasibətləri istiləşdirməyə çalışmalı, ardınca qaz xəttinin çəkilişi üzrə danışıqlar başlanmalıdır. 

Onların qənaətincə, Türkiyə-Rusiya əlaqələri korlanandan sonra durumun iki ölkə arasındakı enerji anlaşmalarına təsirsiz ötüşməyəcəyi ortadadır. Belə olan halda, İsrail dövriyyəyə girməli, Türkiyə ilə qaz razılaşması imzalamalıdır. Analitiklər əmindilər ki, qaz-tranzit layihəsi baş tutsa, bu, 5 ildir Türkiyə ilə İsrail arasında yaşanan sərin münasibətləri də yumşalda bilər. 

Hələlik Netanyahu ilə Ərdoğan arasında münasibətlər isti deyil. Xarici işlər nazirlikləri arasında təmaslar olsa da bu, hələ ki, liderlər səviyyəsinə keçməyib...

*** 

Sözsüz ki, iqtisadi bağlar siyasi bağları da möhkəmlətmiş olacaq. Regionda İsrail-Türkiyə müttəfiqliyinin bərpası isə Azərbaycanın da köklü maraqlarına cavab verir. Ən mühümü,  bu, bölgədə Rusiyanın Türkiyə və Azərbaycan əleyhinə yeni ekspansionist planlarına qarşı çəkindirici amil rolunda çıxış edə bilər. 

O ki qaldı Ərdoğanın yerinə yetirilməyən iki şərtinə, əslinə qalsa, varlı İsrail dövləti üçün 9 ailəyə 20 milyon dollar təzminat ödəmək və Qəzzanın blokadasını yumşaltmaq elə də çətin deyil. Amma qarşılığında götürüləcək iqtisadi-siyasi qazanc İsrail üçün qat-qat böyük görünür. Təbii ki, elə Türkiyə üçün də. Odur ki, keçmişdə ilişib qalmaq zamanı deyil... 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA