Putindən maraqlı açıqlamalar...

img

22-06-2015 [16:12]


Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda Rusiya prezidenti Vladimir Putin dünyanın aparıcı jurnalistləri ilə görüşüb. 

ANS PRESS-in məlumatına görə, ənənəsinə sadiq qalan Putin bu görüşə də gecikib. O, görüşə gecə yarısı saat 12-də gəlib. 

Görüşün əvvəlində Putin gecikdiyinə görə üzr istəyib. "Biz foruma gələn həmkarlarımın suallarını və problemlərini müzakirə etdiyimizə görə gecikdik", - deyən Putin ümid etdiyini bildirib ki, jurnalistlərlə müzakirə Rusiyada baş verənlərə yeni baxışın formalaşmasına imkan verəcək.

Görüşdə ilk sualı masa arxasında oturan yeganə qadın jurnalist – "France-Press" təmsilçisi Florans Bidermann verib. O, Putinin ABŞ və Avropada Rusiya səhmlərinə qoyulan həbslərə münasibətini soruşub. "Bizim reaksiyamız olmaya bilməz. Biz, əlbəttə ki, öz maraqlarımızı müdafiə edəcəyik", - deyə Rusiya prezidenti bildirib.

Bundan sonra görüş Rusiya mətbuatı üçün qapalı keçib; operatorlar zaldan çıxarılıb, mətbuat mərkəzindəki rusiyalı jurnalistlər üçün yayım dayandırılıb. Səbəbini isə belə izah ediblər ki, xarici mətbuat nümayəndələri görüş haqqında eksklüziv məlumatlar vermək istəyiblər.

Britaniyanın "Press Association" agentliyi isə dünya çempionatının keçirilməsi haqqında maraqlanıb. Britaniyalı jurnalist Putinin 2018-ci ildə futbol üzrə dünya çempionatını keçirmək uğrunda Rusiyanın düzgün olmayan yollarla mübarizə aparmasına münasibətini soruşub. Putin isə "biz vicdanla mübarizə apardıq və qalib gəldik", - deyib. "Biz düşünmürük ki, qərar şübhə altına alınmalıdır. Rusiya korrupsiyaya qarşı mübarizənin tərəfdarıdır. Ancaq günahkarı yalnız məhkəmə müəyyən edə bilər", - deyə o, əlavə edib.

İspaniyanın "EFE" agentliyini isə Putinin Rusiya-ABŞ münasdibətləri haqqında fikirlərini öyrənib. "Rusiya ilə ABŞ-ın bir-birinə qarşı düşmənçilik bəyanatları verməsi o demək deyil ki, dünya nüvə müharibəsi təhlükəsi ilə üz-üzədir. Rusiya aqressor ölkə deyil və gərginliyi artırmağa cəhd etmir. Sadəcə ölkəmiz düşmənçilik fəaliyyətlərinə cavab verməlidir", - deyə agentlik Putindən sitat gətirib.

Rusiya prezidenti Latın Amerikası ölkələri ilə əməkdaşlığı ölkənin əsas prioriteti adlandırıb. Fürsətdən istifadə edən Putin ABŞ siyasətinin bəzi ölkələrə zərər verdiyini də bildirib. O, ABŞ-ın 1962-ci ildə iqtisadi embarqosunu da xatırladıb. Rusiya prezidenti Kuba xalqının bundan çox əziyyət çəkdiyini, onun ləğv edilməsinin tək həmin adaya deyil, bütün yarımkürəyə müsbət təsir edəcəyini deyib.

"Canadian Press" agentliyi isə Putinin Kanadanın baş nazirinin qərarı haqqında sözlərindən yazıb. "Əgər ABŞ istəsə Stiven Harper Rusiyanın "G8"də iştirakı haqqında fikrini dəyişəcək", - deyən Putin Kanadanın ABŞ-dan asılılığına işarə edib. Qeyd edək ki, iyun sammitindən əvvəl Harper Rusiyanın "G8"də iştirakına kəskin etiraz etmişdi. Rusiya prezidenti isə "G8"i təşkilat deyil, "maraqları üst-üstə düşənlərin klubu" adlandırmışdı.

Yaponiya agentliyi "Kyodo" isə Rusiya ilə Yaponiya arasında mübahisəli ərazilər haqqında yazıb. Putin bu məsələdə nikbin danışıb. O bildirib ki, "bütün çətinliklər həll ediləndir".

Hindistanın "IANS" agentliyi isə bildirib ki, Putin görüş zamanı Hindistanın baş naziri Narendru Modini "yaxşı insan və öz dostu" adlandırıb. 



Hindistanlı jurnalist görüşdə Putinə şəxsi suallar verən yeganə şəxs olub. O, Rusiya prezidentini "sərt lider" adlandırıb. Putin isə "mən sərt deyiləm. Mən həmişə güzəştə getməyə hazıram", - deyərək razılaşmayıb. O, keçmiş həyat yoldaşı və iki qızı ilə yaxşı münasibəti olduğunu, bəzən gecə saat 2-yə qədər ailəsi ilə xırda şeylər haqqında danışdığını bildirib. "Mənim gələcək haqqında planlarım var, mən yaxşıyam", - deyən Putin şəxsi həyatı haqqında sualı cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA