MTN məxfi əməliyyat keçirib, imam həbs olundu

img

17-03-2015 [14:54]


Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Bakıda radikallara qarşı daha bir məxfi əməliyyat keçirib

Virtualaz.org saytı dini etiqad azadlıqlarının monitorinqi üzrə ixtisaslaşmış Norveç təşkilatı "Forum-18”-ə istinadən xəbər verir ki, təxminən fevralın sonlarında-martın əvvəllərində İçərişəhərdəki Aşurbəy-"Ləzgi” məscidinin imamı Mübariz Qarayev də daxil olmaqla 5 vəhhabi saxlanılıb.

Məlumata görə, onların barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Lakin MTN bu həbs əməliyyatına dair hər hansı şərh verməkdən imtina edib. Bununla belə təşkilata məlum olub ki, saxlanılanlara qarşı qadağan olunmuş dini ədəbiyyat yaymaq ittihamı irəli sürülüb.

İstisna edilmir ki, Mübariz Qarayev və digərləri həmçinin radikalların İŞİD sıralarında döyüşməyə göndərilməsini təşkil etmək ittihamı ilə üzləşə bilərlər. Çünki neçə vaxtdır söhbətlər gedirdi ki, Azərbaycandan İŞİD sıralarına qoşulanların bir çoxu məhz "Ləzgi” məscidi icmasının üzvləri olublar.

”Forum-18” qeyd edir ki, saxlanılanların ailə üzvləri danışmağa da qorxurlar və yaxınlarının həbsinə dair hər hansı məlumat verməyiblər.

Qeyd edək ki, İçərişəhərdəki "Ləzgi” məscidi ölkədə radikal dini cərəyanları təbliğ etdiyinə görə hökumətin hədəfində idi. Bir il əvvəl Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli "Ləzgi" məscidinin qapadılmasını təklif edib.

S.Məmmədli bildirib ki, ölkə daxilində sabitliyi pozmağa çalışan xüsusi radikal qruplar var: "Bunlar sələfilik, vəhhabilik, təkfirçilik, xəvariclikdir".

Həmçinin "Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov ötən ilin yanvarında bəyan etmişdi ki, Mübariz Qarayev və Əlixan Musayev xəvariclərə qoşulub və Azərbaycanda radikalizmi təbliğ edir.

Əlixan Musayev Azərbaycanda xəvariclərin lideri kimi tanınır və onun adı Azərbaycandan Suriyaya adamların göndərilməsini təşkil etməkdə hallanıb. Əlixan Musayev və Mübariz Qarayev qohumdurlar, xalaoğullarıdır və yerli mətbuatda yer alan iddialara görə, Suriya və İraqda, İŞİD, "əl-Nüsra Cəbhəsi” və digər radikal qruplaşmaların tərkibində döyüşən azərbaycanlıların əksəriyyəti onların müridləridir.

Hazırda Mübariz Qarayevin və digərlərinin saxlanılmasına dair rəsmi orqanlardan şərh almağa çalışırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA