Həbsdəki hüquq müdafiəçisi damarlarını kəsib?- Rəsmi açıqlama (Yenilənib)

img

16-03-2015 [22:37]


Həbsdə olan hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədov damarlarını kəsib və Ədliyyə Nazirliyinin tibb müəssisəsinə yerləşdirilib.

Xasməmmədovun doğmalarının Turan-a verdiyi məlumata görə, 10 gün əvvəl o, Gəncə İstintaq Təcridxanasında cinayət işinin saxtalaşdırılmasına qarşı etiraz əlaməti olaraq aclığa başlayıb. 6 gün sonra onu Gəncədəki ruhi-əsəb xəstəxanasına gətiriblər.

Bazar günü o, xəstəxanada damarlarını kəsib və Ədliyyə Nazirliyinin xəstəxanasına köçürülüb.

Xatırladaq ki, T.Xasməmmədov həbs edildiyi ərəfədə Göyçayda icra strukturlarının fəaliyyətini tənqid edirdi. Yaxınları bildirir ki, hüquq müdafiəçisi icra başçısının göstərişi ilə şərlənərək saxlanılıb. O fevralın 24-də xuliqanlıq ittihamı ilə həbs edilib.

***

"Taleh Xasməmmədov damarlarınl kəsməyib. Bu barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil”. 

Bu fikirləri Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev "strateq.az” saytına açıqlamasında bildirib. Onun sözlərinə görə,  Taleh Xasməmmədovla şəxsən danışıb və T.Xasməmmədov bu haqda hüquq-müdafiəçisinə  özü məlumat verib.

T.Xasməmmədov bildirib ki, bazar günü boğazındakı zob xəstəliyi ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, hazırda müayinələr aparılır və nəticələrdən asılı olaraq müalicə təyin olunacaq. T.Xasməmmədov həmçinin onu da qeyd edib ki, həbs olunduqdan sonra müəyyən problemlər yaşasa da, hazırda Müalicə Müəssisəsində hər hansı çətinliyi yoxdur.

Xatırladaq ki, KİV-də  T.Xasməmmədovun damarlarını kəsməsi ilə əlaqədar olaraq  Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi barədə məlumatlar yayılıb. 

Məlumat üçün onu da bildirək ki, Taleh Xasməmmədov fevralın 24-də xuliqanlıqda ittiham olunaraq saxlanıb. O, bundan qabaq - 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilmişdi. Göyçay rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən, bir il sonra prezidentin əfv sərəncamına düşərək azad olunmuşdu. Beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu «vicdan məhbusu» sayırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA