İntiqam Əliyevin məhkəməsində gərginlik yaşanıb - Məhkəmə prosesi

img

17-02-2015 [22:59]


Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirildi. Prosesdə ölkəmizin tanınmış simaları- MSDM-in rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı və digər partiyaların liderləri, vətəndaş cəmiyyətinin, xarici ölkə təşkilatları və səfirliklərinin nümayəndələri iştirak edirdilər.


Məhkəmə salonu kiçik olduğundan prosesdə iştirak etmək istəyənlərin çoxu zala daxil ola bilmədilər.  

Hakim Rasim Sadıqov məhkəməyə  zərərçəkənlərin ifadələrindən başladı. Lakin İntiqam Əliyev etiraz edərək bildirdi ki, ittihamların mahiyyəti ona aydın deyil.

O, həmçinin iclasın kiçik zalda keçirilməsindən narazı qaldığını qeyd etdi. İ.Əliyev dedi ki, monitorinq aparan xarici səfirliklərinin nümayəndələri prosesə qatıla bilməyiblər. Hakim bildirdi ki, heç kimin monitorinq aparmağa ixtiyarı yoxdur. O bunu məhkəmənin işinə müdaxilə kimi qiymətləndirdi. Bu fikirlər zaldakılarda gülüş doğurdu.

Hakim ittihamın təqsirləndirilən şəxsə aydın olmaması ilə bağlı vəsatəti təmin etdi və ittiham aktını oxudu.
Lakin İ.Əliyev ittihamın mahiyyəti barədə açıqlama verərək dedi ki, ona qarşı irəli sürülən qanunsuz sahibkarlıq ittihamı vergiödəyicisi kimi qeydiyyatsız fəaliyyətdən və ya xüsusi icazə tələb edən fəaliyyətdən ibarətdir.

İ.Əliyev qeyd etdi ki, Hüquqi Maarifləndirmə Cəmiyyəti kommersiya fəaliyyəti ilə məşğul olmayıb, hüquqşünaslar üçün treninqlər keçirib, vətəndaşların hüquqi müdafiəsini təmin edib ki, bundan ötrü lisenziya lazım deyil.

Buna cavab olaraq R.Sadıqov bildirdi ki, İ.Əliyev hüquqşünasdır və ittihamın mahiyyətini başa düşməlidir.

 "Məsələ də bundadır ki, mən hüquqşünasam, ancaq ittihamlar aydın deyil”, -  deyə,  İ.Əliyev xüsusi vurğuladı.

Hakimin İ.Əliyevin çıxışlarının qarşısını almaq cəhdlərindən sonra o, məhkəmə heyətinə etiraz etdi.

Hakim etirazı yazılı şəkildə tələb etdi. Bununla əlaqədar hakim fasilə elan etdi və iştirakçıların hamısının zaldan çıxarılması barədə göstəriş verdi.

20 dəqiqəlik fasilədən sonra İ.Əliyev məhkəmənin qərəzli olmasını göstərərək məhkəmə heyətinə etirazını əsaslandırdı. Belə ki, məhkəmə prokuror ilə eyni fikirdə olaraq müdafiə tərəfinin bütün vəsatətlərini rədd edib, onun ofisindən götürülmüş sənədləri iş üzrə materialların arasından çıxarıb.

Əsasən bunlar mühasib Gülşən Orucova və onun bacısı Əfsanə Orucovanın bank hesablarıdır (istintaqın məlumatına görə, G.Orucova bacısının hesabına 119 min manat köçürüb, guya bu pullar sonradan İ.Əliyevə verilib).

Lakin istintaq 77 ödəniş tapşırığından yalnız 29-nu yoxlayıb və onlardakı imzalar saxta olub: "Bu, açıq-aşkar saxtakarlıqdır və bu səbəbdən də istintaq ekspertizaya getməyib” deyə,  İ.Əliyev qeyd etdi.
O, vətəndaş cəmiyyəti ilə haqq-hesab çəkmək üçün məhkəmənin siyasi xarakterli olduğunu bildirdi. 

Müdafiə tərəfinin ev dustaqlığı ilə bağlı vəsatətini hakim qəbul etmədi. İ.Əliyev buna etiraz etdi: "Əvvəlki proseslərdə demişəm. Qısa bildirim ki, həbs olunacağımı bilə-bilə ölkəyə qayıtmışam. İndi ölkədən qaçacam? Yaxud hansı şahidə təzyiq edə bilərəm? Şahid kimi yazdığınız qızım Nərminə? Özünüzü gülünc vəziyyətə salmayın”.
Bundan sonra proses saat 14:30-a kimi təxirə salındı.

Məhkəmə prosesi fasilədən sonra davam etdirildi. Müdafiə tərəfinin məhkəmə heyətinə etiraz etdikləri barədə vəsatətə baxıldı. Hakim buna heç bir əsasın olmadığını qeyd edərək, vəsatəti təmin etmədi. 

Prosesdə zərərçəkmiş qismində Gülşən Orucova ifadə verdi. O, istintaqda verdiyi ifadələri təsdiq etdiyini söylədi: "İntiqam müəllimlə heç bir düşmənçiliyim yoxdur. İstintaqda verdiyim ifadələr doğrudur. Mən 119 min manatı qəpiyinə qədər İntiqam Əliyevə vermişəm. Onun öz xahişi ilə bacım Əfsanə Orucovanın adına bank hesabı açmışam. Bunun əvəzində ona maaş verilməli idi. Özüm mənə yazılan 242 manat maaşı almamışam”. 
Onun dedikləri istintaqdakı ifadəsi ilə ziddiyyət təşkil edirdi. 

Ardınca zərərçəkmiş yarım saata qədər prokurorun suallarını cavablandırdı. 

Zərərçəkən müdafiə tərəfinin sualları qarşısında cavab tapa bilmədi. Gülşən Orucova əksər suallardan yayındı. Hər suala "xatırlamıram” cavabını verməsi vəkillərin ciddi etirazına səbəb oldu. İntiqam Əliyev söz demək istəsə də, hakim buna icazə vermədi. R.Sadıqovun müdafiə tərəfinin vəkili Şəhla Hümbətova "İntiqam Əliyevi başa salın” deməsi zalda etirazla qarşılandı. 

Müdafiə tərəfinin vəkili Elçin Sadıqov  zərərçəkmişə belə sual verdi: "Gülşən xanım ittiham aktının bir yerində qeyd olunur ki, siz bankda olan 1230 manatın 470 manatını çıxarmışınız. Sonra isə göstərilir ki, bütünlüklə təhvil vermisiniz. Bankda olan pulu İntiqam bəyə necə təhvil verirsiz?”. Zərərçəkmiş bu suala "bütün pulları İntiqam müəllimə vermişəm”, - kimi cavab verdi.

İntiqam Əliyev ona qarşı verilən ifadəyə münasibət bildirdi: "İnsan iyrəncliklər dövründə yaşayır.  Bankdan hələ sənədlər alınmayıb. İmzalar bir daha bəyan edirəm ki, mənə məxsus deyil. O, tamam yalan, qərəzli danışır. Verdiyiniz hazır kağızı üzündən oxuyur”.

Zərərçəkmişin ifadəsindən sonra yaranan ziddiyyətli məqamlardan biri də bu oldu ki, o, istintaq zamanı İ.Əliyevdən məhdud asılılığına görə bacısının adına hesab açdığını bildirib. Lakin məhkəmədəki ifadəsində isə bacısının adına əməkhaqqı yazılacağına görə bu addımı atdığını qeyd etdi. Müdafiə tərəfinin vəkillərinin bu barədəki suallarına, o, "mən məhkəmədə belə deməmişəm” deyə, cavab verdi. Sonra məlum oldu ki, bu ifadəsində də ziddiyyət var. Hətta zərərçəkmiş bir neçə təşkilatda mühasib işlədiyini desə də,  təşkilatların adını xatırlamadığını bildirdi. Onun ifadəsi zamanı məlum oldu, G.Orucova istintaqda Hüquq Maarifçiliyi Cəmiyyətində formal olaraq mühasib olduğunu bildirib. Məhkəmədə isə tamam əksini dedi. 

Hakim zərərçəkmişin suallar qarşısındakı acizliyini görərək, İntiqam Əliyev çıxışına məhəl qoymadan prosesin 3 mart saat 11:00-a təxirə salındığını elan etdi. Növbəti məhkəmə Gülşən Orucovanın suallara cavab verməsi ilə davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA