Ölkədə məmur həbslərinin başlanması gözlənilir

img

09-02-2015 [20:33]



Kənd təsərrüfatına ayrılan subsidiyaların aidiyyatı məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı cinayət işləri açıla bilər. Bu isə çox sayda məmurun sıxışdırılması və hətta həbsi ilə nəticələnəcək prosesdir. Çünki subsidiyanın mənimsənilmə zənciri uzundur və çox sayda şəxsi əhatə edir. Bu kimi faktlar isə Cinayət Məcəlləsində konkret şəkildə təsbit edilib. Ekspertlərə görə, siyasi iradə və bir qədər ciddilik məsələnin kökündən həllinə yardımçı ola bilər.

Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, subsidiyaların təyinatı üzrə xərclənməməsi ciddi problem kimi qalmaqdadır: 

"Apardığımız monitorinq, eyni zamanda Maliyyə Nazirliyinin apardığı yoxlamalar onu göstərir ki, subsidiyalar verilməsində təyinatından yayındırma halları baş verir. 

Nəzərə alsaq ki, Maliyyə Nazirliyi də bir müddət öncə subsidiyaların fermerlərə çatdırılması ilə bağlı prosesi yoxlamışdı. Amma bəlli olmuşdu ki, vəsaitlərin bir qismi fermer təsərrüfatlarına çatmır. Bizim monitorinqlər göstərir ki, subsidiyaların verilməsində iki ciddi problem var. Birincisi, əkilən sahənin çox göstərilməsi və ona uyğun olaraq daha çox subsidiyanın alınması, subsidiyanın gəlirinin yerli icra hakimiyyəti orqanları tərəfindən götürülməsidir. Bəzi hallarda isə əkin üçün istifadə olunmayan sahələri belə əkin sahələri kimi göstərirlər, dövlət büdcəsindən bu istiqamətdə subsidiyaların alınması və ödənilməsi həyata keçirilir. İkinci problem isə subsidiyalar verilən zaman fermerə çatmalı olan məbləğin verilməməsidir. Bəzi rayonlarda xüsusən də, əvvəlki illərdə bu, özünü daha qabarıq göstərirdi. Ümid etmək olar ki, Maliyyə Nazirliyinin yoxlamalarından sonra bu halların sayı kəskin şəkildə aşağı düşüb. Amma bəzi rayonlarda problem yenə qalıb və problem fermer təsərrüfatlarına çatacaq məbləğin yerli icra hakimiyyəti orqanları tərəfindən götürülməsi baş verir. Baxmayaraq ki, ödənişlər plastik kart vasitəsilə həyata keçirilir, plastik kartlar fermer təsərrüfatlarından alınır və daxil olan vəsait götürülür. Bütövlükdə hansı həcmdə vəsaitin, subsidiyanın təyinatı üzrə xərclənməməsindən asılı olmayaraq, reallıq ondan ibarətdir ki, subsidiyaların verilməsində təyinatından yayınma halları var. 

Təyinatından yayınma halları da varsa, deməli, bu məsələ artıq ciddi şəkildə araşdırılmalıdır. Problemin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Bizim monitorinqlər və hətta rəsmi araşdırmalar da göstərir ki, bu sahədə neqativ hallar var. Bunun qarşısının alınması üçün faktların ciddi şəkildə araşdırılması və hər faktla bağlı ölçü götürülməsinə ehtiyac var”.

Ekspertlər qeyd edirlər ki, kənd təsərrüfatına ayrılan subsidiyaların aidiyyatı məmurlar tərəfindən mənimsənilməsi məsələsi yenidən gündəmdədir. Məsələ dövlət başçısı İlham Əliyevin subsidiyalardan narahatlıqla danışmasından sonra aktuallaşıb. Bildirilir ki, problemin ciddiliyi yuxarı səviyyələrə qədər məlumdur, bu səbəbdən həbslər gözlənilir. Əksər ekspertlərə görə, məsələyə yenidən diqqət çəkilməsi xeyli sayda kiçik məmurun həbsi ilə nəticələnə bilər. Yəni ortada çox ciddi məqamlar var. Həmçinin bildirilir ki, artıq aidiyyatı qurumlar məsələnin ciddiliyini anlayaraq vəziyyətdən çıxış yolları axtarırlar.

Hüquqşünaslara görə isə, subsidiya mənimsənilməsi ilə bağlı cinayət işinin açılması vacibdir. Məsələn, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılmalıdır. Bunlar 179.3.2-ci (külli miqdarda dövlət əmlakının mənimsənilməsi), 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərinin aşmağın cinayət tərkibli nəticələrə səbəb olması) kimi maddələrdir. 

Həmçinin vurğulanır ki, bu cinayətdə əli olan bir çox şəxslərin də əməllərində müxtəlif cinayət tərkibləri var. Sadəcə olaraq cinayət işinin başlaması üçün yuxarıların bir sözü kifayətdir.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev subsidiyalarla bağlı sonuncu çıxışında əvvəllər subsidiyalarla və əkin sahələri ilə bağlı qiymətlərin şişirdildiyini vurğulayıb. 

"Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”,- deyə, o, vurğulayıb. 

Ekspertlərə görə isə, müzakirələrin dövlət başçısı səviyyəsində aparılması artıq hədlərin aşılmasından və korrupsiyanın miqyasının daha çox genişləndiyindən xəbər verir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA