"Diqqət! Sabah Yuranı xəstəxanaya aparmaq lazımdır. Qolu güclü olanlardan xahiş edirəm, səhər saat 10:00-10:30 arası Bilgəh-Buzovna yolundakı axırıncı bina evinin qarşısında olsunlar. İmkanı olan maşınla gəlsin”.
Yanvarın 5-də facebook sosial şəbəkəsində bir Qarabağ əlili köməksiz, aşağı ətrafı olmayan keçmiş döyüş yoldaşına kömək axtarırdı. Uzun illərdir köməksizlikdən müalicə oluna bilməyən 44 yaşlı Yuri Drobotovu Əlillərin Bərpa Mərkəzinə aparmaq lazım idi.
Vaxtilə rusların Bakıdakı hərbi hissəsindən tank qacırıb Qarabaga gedən, cəbhə yoldaşları tərəfindən "rus millətinin azərbaycanlı oglu” kimi tanınan Yura bu gün baxımsızdır, köməksiz vəziyyətdə yaşayır.
"Ayaqlarım dondu... Sonra da qanqrena...”
Çəkisi azı 130 kilo olan Yura Buzovnada Rasim İmanov küçəsindəki 36 saylı 5 mərtəbəli binanın sonuncu mərtəbəsində qoca anası ilə yaşayır. 21 yaşından Qarabağ döyüşlərində iştirak edib. Hər iki ayağından yaralanıb. Natamam müalicə sonradan ayaqlarını itirməsi ilə nəticələnib.
Yuri Drobotov başına gələnləri virtualaz.org saytına belə nəql edir: "Hərbi xidməti başa vurandan sonra OMON sıralarına qoşuldum. İki ayağımdan yaralandım. O vaxt məni əlil kimi ordudan tərxis eləmək istəyirdilər. Həkimlə dalaşdım, dedim müharibənin qızğın vaxtında 21 yaşında əlilmi olar. Müalicəmi yarımçıq qoyub Qarabağa qayıtdım. Zəngilanda qara düşdük, sutkalarla qarın üstündə qaldıq. Ayaqlarım dondu. Sonra da qanqrena...”
Yura müharibədən qayıdandan sonra necə deyərlər, ayaqları sözə baxmır. Donvurmadan sonra ayaqları ona əziyyət versə də müalicə məsələsinə səhlənkar yanaşır. Nəticədə əvvəl sol, bir neçə il sonra sağ ayağını itirir.
Ona qoca anası qayğı göstərir. Dövlət qayğısı isə 67 manat əlil pensiyasından və 60 manat prezident təqaüdündən ibarətdir.
Anası deyir ki, Yura əlil kimi vaxtaşırı masaj olunmalı, fizioterapiya kursları almalıdır. Ancaq 5-ci mərtəbədən düşürən yoxdur deyə müalicələrdən də uzaq düşüb.
"Facebook qəhrəmanları” gəlib çıxmadı...
"Neçə vaxtdır ki, bu evə təcili yardım gəlmir. Zəng vururuq, sifariş veririk, ünvanı deyən kimi deyirlər biz onu 5-ci mərtəbədən düşürə bilmərik. Gəlmirlər... Bir dəfə Fövqəladə Hallar Nazirliyinə də zəng vurduq. Vəziyyəti danışdıq. Dedik, adamı xərəyə qoyub 5-ci mərtəbədən düşürüb xəstəxanaya aparmaq lazımdır. Soruşdular ki, çəkisi nə qədərdir. Dedik 120-130 kilo. Ya ciddi, ya zarafatla dedilər, nə danışırsız, onu 5-ci mərtəbədən düşürmək bir pianonun xərcini aparar...” - deyir Yuranın anası.
Arxiv sənədlərində özünün və atasının adının yalnız baş hərfləri qeyd olunduğundan Yura Qarabag əlili və muharibə veteranı statusunu əldə edə bilməyib.
Yuranın dediklərindən: "Qalmışam 5-ci mərtəbədə. Veteran vəsiqəmi də uzun illərdir ala bilmirəm. Bir neçə il əvvəl Daxili İşlər Nazirliyinə getmişdim. Bir polkovnik-leytenant məni qəbul elədi. Dedim döyüşmüşəm, yaralanmışam, ancaq mənə bir parça kağız verən yoxdur ki, heç olmasa bu dövlətin əlillərə olan güzəştləri mənə də şamil olunsun. Həmin zabit dedi OMON-çu olmusan, hələ nə üzlə də gəlib bizdən veteran vəsiqəsi istəyirsən, sən papağını göyə at ki, o biri OMON-çular kimi həbsxanada deyilsən... Dönüb çıxıb gəldim...”
Yura döyüş yolundan, əlillərə biganə münasibətdən danışdıqca gözləri dolur, rəngi qaralır... Arada sağlam əli ilə yumruğunu düyünləyir...
Saat 11-ə yaxınlaşır... Facebook sosial şəbəkəsində Yuraya köməyə gələcəyini vəd edənlərdən səs-soraq yoxdur. Yura darıxır...
"Bizim işimiz bağlı qapıları açmaqdır...”
Döyüş yoldaşı Əhməd təklif edir ki, əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng vurub kömək istəsinlər. Anası deyir Yuranı xəstəxanaya aparmaq üçün dəfələrlə həmin quruma da müraciət edib. Ancaq bircə dəfə də cavab almayıb.
Qərara gəlirlər ki, kömək üçün təcili yardıma zəng vursunlar. Ana deyir, sonuncu dəfə təcili yardıma zəng vuranda onlara bildirilib ki, xəstənin çəkisi ağır olduğundan onu xəstəxanaya daşımaq üçün FHN-nə zəng vursunlar.
FHN-nə zəng olunur:
- Xanım, bir Qarabağ əlili Əlillərin Bərpa Mərkəzinə yerləşdirilməlidir. Çəkisi ağırdır, aşağı ətrafı yoxdur. Sol qolu iflicdir. Onu 5-ci mərtəbədən düşürmək lazımdır...
- Biz yalnız qapı arxasında qalanları xilas edirik. Qapı bağlı olsaydı, gəlib açardıq. Ağırçəkili adamları düşürmək bizim vəzifəmizə daxil deyil.
- Xanım, bu əlil də köməksiz vəziyyətdədir. Təcili yardımdan dedilər ki, sizə müraciət edək.
- Yox, elə yaxşısı budur təcili yardıma müraciət edin, qoy iki maşın gəlsinlər...
Yuranın məktəbli köməkçiləri...
Bu dəfə təcili yardıma zəng olunur. Yuranın vəziyyəti barədə məlumat verilir. Bir saata yaxın vaxt keçir. Təcili yardım briqadası gəlir - biri növbətçi həkim, digəri tibb bacısı.
Yura əsəbiləşir: "Axı mənim sizə ehtiyacım yoxdur. Məni daşımaq lazımdır. Telefonda sizə ətraflı deyildi axı...”
Növbətçi həkim Təcili Yardım Mərkəzi ilə əlaqə saxlayandan sonra bildirir ki, Yuranı heç yerə apa bilməzlər. Çünki sahə həkiminin göndərişi yoxdur.
Beləcə, Yuraya heç kəs sahib çıxmaq istəmir. Döyüş yoldaşı yaxınlıqdakı məktəbə üz tutmaq məcburiyyətində qalır. 234 saylı məktəbin X-XI siniflərinin üç şagirdi gəlir.
Bu vaxt ərzində təcili yardım briqadasının növbətçi həkimi Əlillərin Bərpa Mərkəzinin baş həkimi ilə danışıqlardan sonra Yuranı ora aparmağı üzərinə götürür. Onu çox çətinliklə əl arabasına qoyub 5-ci mərtəbədən düşürürlər. Bağırtısı, çığırtısı hələ də qulaqlarımdadır. Yuranın köməyinə çatmış məktəblilər onu ehtiyatsızlıqdan incitmişdilər.
Təcili yardım maşınına yerləşdiriləndə sahə müvəkkili gəlib çıxdı - Yuranın veteran vəsiqəsini gətirmişdi. Yura isə canının hayında idi.
Əlillərin Bərpa Mərkəzində isə Yuranı başqa məşəqqət gözləyirdi. Onu ikinci mərtəbəyə çıxarmaq üçün lift lazım idi. Lift isə işləmirdi...
Virtualaz.org