Əli Həsənovun qardaşı, Ramil Usubovun qardaşı oğlu ifadə verdi

img

26-12-2014 [17:11]


Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə şahid qismində Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi Hikmət Usubov ifadə verdi.

H.Usubov ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyərək bildirdi ki, onun məqsədi hakim Həsən Əliyevə pislik yox, yaxşılıq etmək olub: "Bizim bölməyə Ramazan Səlimovla bağlı şikayət daxil olmuşdu. Onu araşdıranda Həsən müəllimlə bağlı məqamlar da meydana çıxdı. Mən lap əvvəldən bu işin sülh yolu ilə, anlaşma yolu ilə həll olunmasını istəmişəm. İstəyirdim ki, bu iş böyüməsin. Məsələ elə həll olunsun ki, Həsən müəllimin imicinə, nüfuzuna, hakim kimi ad-sanına xələl gəlməsin. Mənim burada başqa heç bir marağım olmayıb. Mən də istəməzdim ki, gəlib burada ifadə verim”.

H.Usubov daha sonra prokurorun, H.Əliyevin vəkillərinin və sabiq hakimin özünün suallarını cavablandırdı.

Bundan sonra şahid qismində ifadə verən "Azərsu” ASC-nin əməkdaşı Vəli Həsənov (Baş nazirin müavini Əli Həsənovun qardaşı - mia.az) çıxış etdi. O da ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirdi.

Vəli Həsənov dedi ki, bu işdə adı keçən şəxslər arasında Ramazan Səlimovdan başqa heç kimi tanımır: "Onu da yalnız bircə dəfə görmüşəm. Ramazan Səlimov yanıma iş üçün gəlmişdi. Daha sonra onunla heç bir təmasım, ünsiyyətim olmayıb”.

Bundan sonra prosesdə fasilə elan olundu.

Xatırladaq ki, ötən məhkəmə prosesində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Qəzənfər Novruzov, Respublika Hərbi Prokurorluğunun müstəntiqi Ülvi Əhmədov və Nərimanov rayon prokurorunun keçmiş köməkçisi Samir Məmmədov şahid qismində ifadə vermişdilər.

Qeyd edək ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.

Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə pul alaraq qaytarmayıb. (virtualaz.org)


Digər xəbərlər
SON XƏBƏRLƏR