Xaləddin İsgəndərovun müavini vəzifəsindən niyə azad olunub?

img

16-12-2014 [22:09]


Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyevin, habelə Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən dünənki prosesdə cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Ramazan Səlimov və onun vəkili İradə Cavadova (İ.Cavadova prosesə günün ikinci yarısında qatıldı-red.) iştirak etmədilər. Buna səbəb kimi zərərçəkmiş şəxsin xəstə olduğu bildirildi.
Öncə şahid qismində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Qəzənfər Novruzova ifadə vermək təklif olundu.

Lakin sabiq hakim H.Əliyev və vəkili S.Rəsulov buna etiraz etdilər. Vəkil bəzi epizodlarda zərərçəkənin fərqli ifadələr verdiyini məhkəmənin nəzərinə çatdırdı.

Sabiq hakim isə sual etdi: "Bu faktlara sonradan necə qiymət veriləcək? Çarpaz suallar verməkdən məhrum olacağıq. Ramazan Səlimovun yalan danışmağı ifşa olunur. Bilmək olarmı onun başına nə gəlib?”

Hakim M.Məmmədov zərərçəkmişin məhkəmədə dindirildiyini, sualları cavablandırdığını, əgər zərurət yaranarsa, şahid Q.Novruzovun təkrarən məhkəməyə çağırılacağını bildirdi.

"Qəzənfər müəllimin vəzifəsini itirməsinə səbəb də elə bu adamdır”

Bundan sonra şahid Qəzənfər Novruzov sərbəst ifadə verdi. O, ifadəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışdığını, ötən ilin dekabr ayında isə tutduğu vəzifədən azad olunduğunu, hal-hazırda işləmədiyini göstərdi: "Ramazan Səlimovu əvvəllər tanımamışam. Onu Elman Məmmədov yanıma gətirib, iş axtarırdı. Söhbət əsnasında Ramazan Rusiyada zavod satdığını, əlində vəsaiti olduğunu demişdi. Mən də ona Almaniyadan maşın gətirib satmağı və bu yolla biznes qurmağı təklif etdim. Hətta gömrükdə problem yaranarsa, köməklik edəcəyimi də söylədim. Sonradan eşitdim ki, mənim təklifim onun xətrinə dəyib”.

Dövlət ittihamçısının suallarını cavablandıran şahid Q.Novruzov R.Səlimovdan heç vaxt pul istəmədiyini, onu hansısa vəzifəyə işə düzəldəcəyinə söz vermədiyini dedi.
Dövlət ittihamçısı:
-Siz Ramazana demisinizmi ki, xaricdən iki ədəd "Range Rover” gətirmisiniz və bunları gömrükdə rəsmiləşdirmək üçün 100 min manat lazımdır?
Şahid Q.Novruzov:
-Yəqin səhv başa düşüb. Dedim get bizneslə məşğul ol, maşın gətir, gömrükdə köməklik edərəm.
Dövlət ittihamçısı:
-Ramazan hansı sahədə işə düzəlmək istəyirdi? CV-ni görmüşdünüzmü?
Şahid:
-İstənilən sahədə. Qaz, su idarəsinin rəisi, JEK-in adlarını çəkirdi. Yox, görməmişəm.
Dövlət ittihamçısı:
-Aranızda pul söhbəti olubmu? Nə qədər imkanı çatacağını dedi?
Şahid:
-Yox, belə bir söhbət olmayıb.
Vəkil Azər Tanrıverdi Q.Novruzovdan R.Səlimovun onun adından istifadə edib-etmədiyini soruşdu.
Şahid cavabında belə dedi: "İcra başçısının birinci müavini olmuşam. Ola bilsin hardasa deyib ki, Qəzənfər Novruzov mənə yaxın adamdır”.
Vəkil:
-Siz Ramazana demisinizmi ki, get iki "Range Rover”in gömrük rüsumunu, yəni 100 min manatı ödə, gəl sonra söhbət edərik?
Şahid:
-Yox, belə söhbət olmayıb heç vaxt. Onun dediklərinin hamısı şər-böhtan xarakteri daşıyır.
Vəkil:
-Ramazanın icra başçısı və ya müavin getməsi ilə bağlı istəkləri olubmu?
Şahid:
-Yox, mənimlə belə söhbət olmayıb.
Sabiq hakim H.Əliyev yerindən replika verdi:
-Ramazan respublikanın vəzifəli şəxslərinin yarısına şər ata-ata gedib. Vətəndaşlara, istintaq orqanına belə şər atır. Respublikanın yarısını bu günə qoyub, indi məhkəməyə gəlmir. Qəzənfər müəllimin bu gün vəzifəsini itirməsinə səbəb də elə bu adamdır.
Vəkil Sadiq Rəsulov:
-Ramazan sizin adınızdan istifadə edərək kimdənsə pul alıbmı?
Şahid:
-Bir dəfə gəldi dedi ki, qudam tikinti aparır, mane olurlar. Dedim tapşıraram. Sonra məlum oldu ki, qudası orada yaşamırmış. Ona görə də Elmana dedim ki, bu adam mənim adımdan istifadə edir, onu uzaqlaşdırın yanınızdan.
Sabiq hakim H.Əliyev:
-Qudası olmayıb. Ramazan Rauf adlı şəxsdən 2 min manat alıb. Ortada Ramazanın yetərincə dələduzluq əməlləri var. Bu adam məni günahlandırırdı ki, guya onu göndərmişəm Qəzənfər müəllimin yanına. Özü burada yoxdur deyə sual verə bilmirik. Bəlkə ifadəsini dəyişəcək, onun iştirakı mütləq vacibdir. Bunun Ramazanın şəxsiyyətinə təsiri olacaq. Ramazanla bağlı şahidlərin dindirilməsinə etiraz edirəm.
Hakim M.Məmmədov növbəti məhkəmə prosesində şahid Q.Novruzovun təkrar çağırılacağını məhkəmə iştirakçılarının nəzərinə çatdırdı.


"Həsən müəllim çıxılmaz vəziyyətdə qalmışdı”

Şahid qismində 14 saylı hüquq məsləhətxanasının vəkili Elxan Azadəliyev sabiq hakimin onun adına bankdan götürdüyü 490 min manatlıq kreditlə bağlı ifadə verdi: "Həsən müəllim çıxılmaz vəziyyətdə qalmışdı, səhv də olsa razılaşdım, mənim adıma rəsmiləşdirildi. Səhv etmirəmsə, vəkil Kamandar Nəsibovun əmlakı girov qoyuldu. Mən tərəfdən heç bir girov qoyulmadı.
Həsən müəllim mərd adamdır. Vəkil olaraq onun proseslərində işə çıxmasam da haqqında hər zaman yaxşı sözlər eşidirdim. Hətta söhbət gəzirdi ki, bir neçə bəraət işi olub, yeniyetmə, yetim uşaqların barəsində bəraət hökmü çıxarıb. Yəni mən bu işə razılıq verəndə onun ciddiliyinə arxayın idim. Artıq bankın borcu ödənilib”.
Şahid qismində ifadə verən Respublika Hərbi Prokurorluğunun müstəntiqi Ülvi Əhmədov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirdi.
Şahid aradan uzun müddət keçdiyindən hadisələri xatırlamadığını, baş verənlər barədə mətbuatdan oxuduğunu dedi. Sonra şahid dövlət ittihamçısının, vəkillərin və hakimin suallarını cavablandırdı.
Dövlət ittihamçısı:
-Elmanı haradan tanıyırdınız? Sizinlə bir yerdə kim iştirak edib? Hacı Azər orada olubmu?
Şahid Ü.Əhmədov:
-Bəli, iftar süfrəsi vermişik.
Dövlət ittihamçısı:
-Sizin yanınızda Həsən müəllim Nərimanov rayon prokurorunun müavini Cavid adlı şəxsə zəng edibmi? Telefonu mikrofona qoyubmu?
Şahid:
-Yadıma gəlmir, ola bilsin olub, amma indi xatırlamıram. 
Dövlət ittihamçısı:
-Ramazan barədə söhbətiniz olubmu?
Şahid:
-Xatırlamıram.
Hakim M.Məmmədov:
-Ramazan Səlimovla Həsən Əliyev arasında pul söhbəti olmasını bilirdinizmi? Siz demişdinizmi ki, Hacı Azər adlı şəxsin vasitəsilə köməklik göstərə bilərsiniz? Ümumiyyətlə, bu işdə köməklik göstərəcəyinizə vəd vermisinizmi?
Şahid:
-Xatırlamıram, bütün bunları mətbuatdan oxumuşam.
Ü.Əhmədovun səhhətində yaranmış problemlərlə bağlı bəzi hadisələri unutması, xatırlaya bilməməsi səbəbindən onun ibtidai istintaqa verdiyi ifadəsi elan olundu. Şahid Ü.Əhmədov hadisələri xatırlamamasının səbəbini təkcə səhhəti ilə bağlı olmadığını, ümumiyətlə, belə bir söhbətdə iştirakçı olmadığını bildirdi.
Şahid sabiq hakim H.Əliyevin işinə görə yuxarı instansiyalara müraciət edəcəyinə söz verməsi ilə bağlı istintaqa verdiyi ifadəsini təsdiq etmədi. O, məhkəməyə dövlət qulluğunda heç bir qohumunun, tanışının olmadığını açıqladı.
Hakim:
-İstintaq materiallarına görə (E.Məmmədov istintaqa verdiyi ifadəsində göstərib-red.), Azər deyib ki, Prezident Administrasiyasında işləyən Orxan adlı şəxsin vasitəsilə bu problemləri həll edəcək. Bu işə görə Ülvi Azərə 50 min manat vermək lazım olduğunu, lakin Həsən Əliyevin razılaşmadığını sonrasa 25 min manata razılaşdığını deyib. Azər deyib alınacaq, amma alınmayıb.
Təqsirləndirilən Elman Məmmədovun bu ifadəyə aydınlıq gətirməsi özünəməxsus tərzdə oldu.
Elman Məmmədov:
-Özüm ifadəmdə belə demişəm, fikirləşdim ki, mən içəridəyəm, qoy Həsən də içəridə olsun. Cavid məsələsində Ülvi olmayıb, Azər olub.


Prokurorluqdan xaric olunan prokuror köməkçisi

Bundan sonra məhkəmədə fasilə elan olundu. Fasilədən sonra Nərimanov rayon prokurorunun keçmiş köməkçisi Samir Məmmədov sərbəst ifadə verdi. O, ifadəsində bildirdi ki, bu hadisələr qaynaqlanan zaman məzuniyyətdə olub və heç nədən xəbəri yoxdur, prokuror müavini tərəfindən ona yazılı və şifahi göstərişlər verilməyib.
H.Əliyev:
-Prokuror köməkçisi kimi vəzifəniz nədən ibarət idi?
Şahid:
- Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin hadisələr kitabına nəzarət etmişəm. Hər gün növbədən çıxan təhqiqatçı mənə hadisələr barədə məruzə edirdi.
H.Əliyev:
-Bu iş barədə təhqiqatçı Şövqi İsmayılov sizə məruzə edibmi?
Şahid:
-Yox, məlumatım olmayıb. Bölmə rəisi, təhqiqatçı da təsdiqləyə bilər. Bu işlə bağlı sonradan xəbər tutmuşam. Hətta Şövqi İsmayılovdan soruşdum ki, niyə mənə məruzə etməmisən. Dedi ki, prokuror, müavini və  bölmə rəisi bilirdi, elə bilirdim sən də bilirsən.
H.Əliyev:
-Şövqinin sizə təqdim etdiyi materiallar arasında bu iş olmayıb. Belə çıxır ki, sizdən gizlədilib?
Şahid:
-Hansı məqsədlə olduğunu deyə bilmərəm.
H.Əliyev:
-16-cı polis bölməsində neçə təhqiqatçı var?
Şahid:
-Beş təhqiqatçı var. Onların hər biri ayın axırında mənə yazılı məlumat verirdilər ki, kimin icraatında neçə iş var.
H.Əliyev:
-Həmin yazıların içində bu iş də var idimi?
Şahid:
-Xeyr, yox idi.
H.Əliyev:
-Onda belə çıxır ki, bu işi altı ay ərzində gizlədiblər.
Şahid:
-Belə çıxır.
H.Əliyev:
-2013-cü il, iyul ayının 1-də həmin materialın ləğv olunma qərarını siz vermisiniz? (Zərərçəkmiş R.Səlimovun şikayət ərizəsi üzrə toplanmış materialları nəzərdə tutur-red).
Şahid:
-Həmin vaxt mən məzuniyyətdə olmuşam. Gələndən sonra xəbər tutmuşam.
H.Əliyev:
-Siz hansı səbəbə görə işdən çıxarılmısınız?
Şahid:
-Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin hadisələr kitabına zəif nəzarət etdiyimə görə. Bu barədə baş prokurorun əmri də var.
Elman Məmmədov yerindən replika verdi: "Yeyib yağlı əllərini çəkiblər bu uşağın başına”.
Xatırladaq ki, S.Məmmədov bu məhkəmə prosesi başlayandan sonra vəzifəsindən çıxarılıb və prokurorluq orqanlarından kənarlaşdırılıb.
Prosesdə digər şahidlər Ramiz Hümbətov və Namiq Heydərov şahid qismində ifadə verdilər və istintaqa verdikləri ifadələrini təsdiqlədilər.
Qeyd edək ki, daha iki şəxs - Tariyel Haqverdiyev və Qüdrət Yəhyayev ifadə vermək üçün məhkəməyə dəvət olunmuşdular. Lakin Həsən Əliyev və vəkili bu iki şəxsin Ramazan Səlimov gəlmədən ifadə verməsinə etiraz etdilər.

Vəkil İradə Cavadova isə buna etiraz etdi: "Hər dəfə bir şou düzəldirlər. Ramazan yoxdur, nümayəndəsi buradadır, bu adam hazırda xəstədir, gələ bilmir, başa düşün. Ramazanı neyləyirsiniz? Mən razıyam onun iştirakı olmadan keçirilsin”.
Vəkil S.Rəsulov:
-Baş vermiş hadisələrin iştirakçısı bilavasitə Ramazan Səlimov olduğuna görə onun məhkəmədə iştirakı vacibdir.
H.Əliyev:
-Nümayəndənin zərərçəkmişin yerinə sualları cavablandırmaq hüququ yoxdur.
Dövlət itthamçısı zərərçəkmişin gəlməmək hüququ olduğunu, amma qarşı tərəf tələb edirsə, buna məhkəmənin qiymət verə biləcəyini açıqladı.
Məhkəməyə sədrlik edən hakim M.Məmmədov üzünü vəkilə tutub dedi: "Müdafiə tərəfi təkid edir ki, zərərçəkmişin iştirakı olmadan baxılmasın. Qanunvericiliyin tələbi də budur ki,  əgər zərərçəkmiş bir neçə dəfə gəlməsə, barəsində məcburi gətirilmə ilə bağlı qərar çıxarılır”.
Məhkəmə dekabrın 26-dək təxirə salındı.

Virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA