3 uşağı, arvadı və bacısı yanıb, ölən ev sahibi: “Lamiyə uşaqları çıxarmaq istədi...” - VİDEO, YENİLƏNİB-2

img

16-12-2014 [14:30]


Bu gün Sabirabadda baş verən və 5 nəfərin yanıb, ölməsi ilə nəticələnən dəhşətli yanğının səbəbləri bəlli olub.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi dəqiqləşib.

Virtualaz.org saytının hazırda Sabirabad rayonunun Qaratoğay kəndində olan müxbiri faciənin baş verdiyi evin sahibi Zabil Rzayevlə görüşüb.

Zabil Rzayevin dediklərindən:"Hadisə səhərə yaxın baş verdi. O vaxt yatırdım. Böyük bacım Nəzakətin "ev yanır” deyə qışqırmasına oyandım. Tez durub evin işığını avtomatdan söndürmək üçün həyətə qaçdım. Həyat yoldaşım Lamiyə isə qalxıb uşaqlarımız yatan otağa qaçdı ki, onları çölə çıxarsın. Mən işığı ayırıb qayıdana qədər hər şey bitmişdi. Lamiyə yuxulu uşaqları götürüb evdən çıxmaq istəyəndə evin tavanı yanaraq üstlərinə töküldü. Altında qalıb yandılar. 1967-ci il təvəllüdlü böyük bacım Nəzakət də alovun arasından çıxa bilməyib yandı”.

37 yaşlı Zabil Rzayev deyib ki, yanan evdə ondan başqa daha bir ailə olub: "Biz iki qardaş bir evdə yaşayırdıq. 30 yaşlı qardaşım Ariz də həyat yoldaşı ilə bu evdə yaşayırdı. Yanğın nəticəsində onun həyat yoldaşı Sona da xəsarət alıb. Onu Şirvan şəhərindəki xəstəxanaya apardılar. Gəlinimizin vəziyyəti də ağırdır”.


* * *13:14

Sabirabadda yanan evin videogörüntüləri yayılıb.

"Qafqazinfo” xəbər verir ki, youtube-da yayılan videoda 5 nəfərin həlak olduğu evin tamamilə yandığı və qadınların hadisə yerində kütləvi şəkildə ağlaşmaları əks olunub.

* * *09:39

Sabirabad rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

Rayonun Qaratoğay kəndində Rzayevlər ailəsinə məxsus evin yanması nəticəsində ailənin ikisi qadın, üçü azyaşlı olmaqla beş üzvü yanaraq ölüb.

Hadisə bu gün səhər saat 06:30 radələrində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğından Mühafizə Hissəsindən APA-ya faktı təsdiqləyiblər.

FHN də hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, Sabirabad rayonunun Qaratoğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan, 3 otaq və aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA