Həbsdə olan baş redaktorun səhhəti pisləşib

img

21-11-2014 [17:04]


Hazırda 10 saylı Cəzaçəkmə müəssisəsində həbsdə olan "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının səhhəti pisləşib

Bu haqda xural.com-a jurnalistin həyat yoldaşı Məlahət Zeynallı məlumat verib. Onun sözlərinə görə, Ə.Zeynallının səhhətindəki problemlər hələ həbsindən əvvəl də olub: "Ciddi müalicə götürməyə ehtiyacı vardı. Lakin qəzetin gündəlik nəşrə başlaması bunu yubadırdı. Həbsindən sonra da dəfələrlə müalicə üçün müraciətlərimiz oldu. Bakı İstintaq Təcridxanasında saxlanılarkən "Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də onunla görüşdü və təcridxananın o vaxtkı rəhbəri Elxan Sadığova müraciət etdi. Ə. Zeynallını müayinə edəndən sonra o, bir müddət müalicə aldı. Həbsindən əvvəl 2 dəfə burnundan uğursuz əməliyyat olunub. Hazırda üçüncü əməliyyata ehtiyacı var. Düzü, orada əməliyyat aparılmasına da razı deyilik. Ona görə də nəfəs almasındakı problemlər olduğu kimi qalır. O cür şəraitdə bu problemi əsaslı olaraq, aradan qaldırmaq mümkün deyil. Nəfəs ala bilmir, beyninə oksigen getmir, ürək döyüntüləri artıb, qıcolmaları var. Sağlamlığındakı bu problemlər əsəb-sinir sisteminə də mənfi təsir göstərir. Artıq 4 ilə yaxındır ki, bu vəziyyətdədir. Nə edəcəyimizi bilmirik ”.

Ə.Zeynallı 2011-ci il oktyabrın 28-də sabiq deputat G.Əhmədovanın iddia və şikayətilə həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən, Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını "vicdan məhbusu” olaraq tanıyır və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bəyan edərək, hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiyyə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR