"Bu cəza nədən ibarət olacaq, bunu heç kim bilmir” - Ramil Usubovun vəkili

img

21-10-2014 [18:39]


Xəbər verildiyi kimi dünən Nəsimi Rayon Məhkəməsində Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Eldəniz Quliyevlə daxili işlər naziri Ramil Usubov arasında növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə zamanı çıxış edən R.Usubovun vəkili Əlirza Həbilov E.Quliyevin bir il azadlıqdan məhrum edilməsi tələbini səsləndirib.  Məhkəmədən sonra azadlıq.org-a açıqlama verən E.Quliyev ona qarşı başqa bir cəzanın deyil, məhz həbs cəzasının istənilməsini özünəməxsus formada şərh edib:

"Əllərində olan bütün vasitələrdən istifadə etməklə Eldəniz Quliyev adlı şəxsi ictimai proseslərdən uzaqlaşdırmaq istəyirlər. Mənə qarşı olan maddələrdə ictimai işlərə məcbur edilmə, pul cəriməsi və digər yüngül cəzalar da nəzərdə tutulur. Ən ağırı cəza həbsdir. «Facebook»da yazdığım statusa görə bu cür cəzanı istəmək söz azadlığına təcavüzdür. Halbuki, o statusda da təhqir və böhtana yol verilməyib. Mənim ölkədən çıxışıma qadağa qoyulanda, bunların məqsədini hiss etmişdim». 


Sonuncu məhkəmə prosesi ilə bağlı baş verənləri şərh edən R.Usubovun vəkili Əlirza Həbilov irəli sürdükləri cəza tələbinin qanunvericiliyə uyğun olduğunu, fəqət bununla bağlı qərar vermək səlahiyyətinin yalnız məhkəməyə məxsus olduğunu vurğuladı:


"Zənnimcə Eldəniz bəy deməyib ki, ona yüngül cəza istənilə bilərdi. Bu mövqeyinə heç harda rast gəlməmişəm. E.Quliyev dünənki açıqlamasında bildirmişdi ki, məni həqiqətən də susdurmaq istəyirlər. Belə bir fikir səsləndirmişdi. Eldəniz bəy haqqında kifayət qədər təsəvvürə malik olan bir insansınız. Bilirsiniz ki, onun yaş həddi də, ziyalılq səviyyəsi də demək olar ki, ən yüksək həddədir. E.Quliyevlə bağlı cəza istənilib, lakin hakim hansı cəzanı verəcək - hələlik bunu heç kim bilmir. Bundan sonra Eldəniz bəyin özünün də çıxışı nəzərdə tutulur. Bu çıxışdan sonra qərar veriləcək. Məhkəmə prosesi başlayan ilk gündən cəza istənilən günə qədər Eldəniz bəy öz hərəkətlərindən, təhqir və böhtandan imtina etmədi, getdikcə vəziyyəti daha kritik vəziyyətə çatdırdı”.


Ə.Həbilovun sözlərinə görə, E.Quliyevin yaş həddi də onun dolğun bir insan olduğunu və söylədiyi hər bir sözün məsuliyyətini dərk edəcək yaşda olduğunu göstərir:


"Bir şeyi də nəzərə almaq lazımdır ki, Eldəniz bəy cavan yaşda deyil ki, düşünəsən ki, gələcəkdə hansısa formalaşma dövrü keçəcək. O, yetkinlik yaşına çatmayan bir insan deyil. Onun kifayət qədər yaş həddi var. Eldəniz bəyin yaşı 60-dan yuxarıdır. Eldəniz bəy nəyi deyirsə onu düşünüb deyir. Onun fikri də, əqidəsi də formalaşıb. Ziyalı hər hansı bir addımı atırsa onu bir neçə dəfə götür-qoy edir və yalnız bundan sonra həmin hərəkəti edir. Belə olan təqdirdə cəzanın öz məqsədinə çatması üçün qanunda nəzərdə tutulan imkanlardan istifadə olunur. Hesab edirəm ki, istifadə olunan imkanların hamısı qanunun tələblərinə tam uyğundur”.


Ə.Həbilov E.Quliyevi xüsusi fəallığa malik müxalifətçi hesab etmədiyini də qeyd etdi:

"Eldəniz bəyi akiv müxalifətçi hesab eləmirəm. Bu mənim səmimi fikrimdir. Eldəniz bəyin yüksək dərəcədə nəyəsə nail olmaq iqtidarında olduğunu da düşünmürəm. Eldəniz bəy müxalifət düşərgəsində olan adi vətəndaşlardan biridir. Onun qeyri-adi fitri istedada malik olması ilə bağlı cəmiyyətdə bir fikir mövcud deyil”.


Sonda Ə.Həbilov proseslərin siyasi çalardan uzaq olduğunu vurğuladı:


"Xüsisi ittihamçının məqsədi Eldəniz bəyin siyasi baxışları ilə bağlı deyil. Konkret olaraq polis əməkdaşlarının ünvanına onların şərəf və ləyaqətini alçaldan ifadələr işlədib. Buna görə də qanunvericilikdə nəzərdə tutulan cəzanın verilməsini istəmişik. Lakin cəza ilə bağlı qərarın veriləsi artıq məhkəmənin səlahiyyətində olan bir işdir. Bu cəza nədən ibarət olacaq, bunu heç kim bilmir”(moderator.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA