14-10-2014 [17:27]
Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə
dair Azərbaycan Respublikası Adından Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
açıqlanıb.
Mia.az qərarı təqdim edir:
"Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin
nümayəndələri Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun,
Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi
qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Fuad
Məmmədovun, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya
hüququ kafedrasının baş müəllimi Elşad Nəsirovun,mütəxəssislər Azərbaycan
Respublikası Ali Məhkəməsinin hakimi Rahib Nəbizadənin, Bakı Apellyasiya
Məhkəməsinin hakimi Ülvi Mayılovun iştirakı ilə,Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq Şəki
Apellyasiya Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı üzrə
açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin
13-cü maddəsinin yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında
proses iştirakçılarına yardım etmək vəzifəsinin apellyasiya instansiyası
məhkəməsinə aid olub-olmaması baxımından şərh edilməsinə dair konstitusiya
işinə baxdı.
İş
üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Müraciətdə göstərilir ki, "Bank of Azerbaijan”Açıq Səhmdar
Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin
yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsinə
(bundan sonra – DƏDRX-in Şəki Ərazi İdarəsi), üçüncü şəxslər N.Quseynov və
T.Nəsrullayevaya qarşı Qax rayonu Oncalı kəndində yerləşən fındıq təmizləmə
sexi və köməkçi tikililərə N.Quseynovun adına verilmış 1 oktyabr 2011-ci il
tarixli çıxarışın etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır.
Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2013-cü il tarixli qərarı ilə iddia
tələbi təmin edilməmişdir.
Həmin qərar Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının
(bundan sonra – Şəki Apellyasiya Məhkəməsinin İİK) 4 sentyabr 2013-cü il tarixli
qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının
(bundan sonra – Ali Məhkəmənin İİK) 29 yanvar 2014-cü il tarixli qərarı ilə
Şəki Apellyasiya Məhkəməsinin İİK-in 4 sentyabr 2013-cü il tarixli qərarı ləğv
edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Ali Məhkəmənin İİK qərarını onunla əsaslandırmışdır ki, apellyasiya
instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin
(bundan sonra – İPM) 13-cü maddəsi ilə müəyyən olunmuş məhkəmənin "yardım etmək
vəzifəsi”ni icra etməmiş, iddiaçıya mübahisə predmeti olan çıxarışın
verilməsinə əsas olmuş sənədlərin üzə çıxarılmasında yardım etmək əvəzinə iddia
tələbinə olduğu kimi baxaraq onu əsassız hesab etmiş, bununla da iddiaçıya
tələbin dəqiqləşdirilməsində yardım etməmiş və aidiyyət məsələsində yanlışlığa
yol vermişdir.
Şəki Apellyasiya Məhkəməsi göstərilən məsələ ilə bağlı məhkəmə təcrübəsində
yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə İPM-in 13-cü
maddəsinin yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında proses
iştirakçılarına yardım etmək vəzifəsinin apellyasiya instansiyası məhkəməsinə
aid olub-olmaması baxımından şərh edilməsini Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsindən (bundan sonra – Konstitusiya Məhkəməsi) xahiş
etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə qeyd etməyi zəruri hesab edir ki,
müraciətdə qeyd olunan iddianın predmetini DƏDRX-in Şəki Ərazi İdarəsi
tərəfindən mülkiyyət hüququna dair verilən çıxarışın etibarsız hesab edilməsi
təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun "Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh
edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarı ilə bu kateqoriyadan olan
işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu müəyyən edilmişdir. Bu
baxımdan, hazırkı iş üzrə İPM-in hər hansı maddəsinin və ya müddəasının şərh
edilməsi zərurəti aradan qalxmış olur. Lakin Şəki Apellyasiya Məhkəməsinin
müraciətində qaldırılan məsələnin məhkəmə təcrübəsi üçün əhəmiyyətini nəzərə
alaraq, Konstitusiya Məhkəməsinin Plenumu həmin məsələyə şərh verilməsini
məqsədəmüvafiq hesab edərək aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra – Konstitusiya) insan
və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali
məqsədi kimi təsbit etməklə yanaşı, onların məhkəmədə müdafiəsinə də təminat
vermişdir. (Konstitusiyanın 12, 60, 71-ci maddələri). Konstitusiyanın 60-cı
maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ müstəqil hüquq olmaqla
yanaşı, Konstitusiyada təsbit edilmiş digər insan və vətəndaş hüquqlarının və
azadlıqlarının təminatı kimi çıxış edir.
Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və
digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud
hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. (Konstitusiyanın 60-cı
maddəsinin II hissəsi).
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın
(bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və
vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli
sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə
ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Konstitusiyada və Konvensiyada təsbit olunmuş bu təminatın əsas
mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin
konstitusiya prinsipləri Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsində (bundan sonra – MPM) və İPM-də əks olunmaqla, hər kəsin
Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsinə
yönəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətlə bağlı mülki
prosessual və inzibati prosessual qanunvericiliklərdə məhkəmə aktlarının
qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən
yoxlanılmasının mahiyyəti və xüsusiyyətləri tədqiq olunmalıdır.
MPM-in 2.1-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə
icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan
Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi
aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və
azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla
müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna
malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
(MPM-in 4.1 və 4.2-ci maddələri).
Qeyd olunmalıdır ki, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan sonra – "İnzibati icraat haqqında” Qanun) və İPM-in qəbul
edilməsi vətəndaşların hüquqlarının və qanunla qorunan maraqlarının daha
səmərəli şəkildə müdafiə olunmasına və inzibati orqanların fəaliyyətinin daha
şəffaf olmasına yönəlmişdir. Həmin qanunvericilik aktlarında inzibati məhkəmə
icraatına dair müddəaların müəyyən edilməsi, eləcə də mülki və inzibati məhkəmə
icraatlarının ciddi fərqləndirilməsi prosessual qanunvericiliyin əsas
yeniliklərindən biridir.
İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki,
inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli
özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri
mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək
səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları
əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və
digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət
səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı
olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi
şəxs olur.
Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin
müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə
ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında
baxılması müəyyən edilmişdir. Bu, qanunvericilikdə yenilik olmaqla hüquq və
azadlıqların məhkəmə təminatı ilə bağlı konstitusiya tələblərinin
reallaşdırılması istiqamətində atılmış mühüm addımdır və məhkəmə müdafiəsinin
effektivliyinə xidmət edir.
İPM-in qarşısında duran əsas vəzifə ictimai-hüquqi münasibətlər sahəsində
dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, onların
vəzifəli şəxslərinin, digər subyektlərin qanunla müəyyən edilmiş qaydada
hakimiyyət idarəçiliyi sahəsindəki funksiyalarını yerinə yetirərkən yol
verdikləri pozuntulardan fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və
qanuni mənafelərinin, habelə hüquqi şəxslərin hüquq və mənafelərinin
qorunmasıdır.
İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və
bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda,
inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları
tədbiq oluna bilər.
MPM və İPM-in müddəalarının qarşılıqlı tədqiqi göstərir ki, hər iki Məcəllədə
müvafiq icraatların bəzi ümumi prinsipləri mövcuddur. Bu prinsiplərə hakimlərin
müstəqilliyi, qanun və məhkəmə qarşısında bərabərlik, sübut etmə vəzifəsi,
çəkişmə prinsipi, məhkəmə baxışının aşkarlığı və dispozitivlik prinsipləri
aiddir. (MPM-in 7, 8, 9, 10, 77-ci və İPM-in 10, 11, 14, 15, 17-ci maddələri).
Bununla belə, hər iki icraatın ümumi prinsipləri ilə yanaşı, İPM-in spesifik,
fərqli prinsipləri vardır. Belə ki, MPM-ə əsasən məhkəmə yalnız tərəflərin
təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu
halda, İPM-ə görə isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və
təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər
materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən
bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (MPM-in
14.2-ci və İPM-in 12.1-ci maddələri). Bununla yanaşı, İPM-ın 12.2-ci maddəsinə
əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının
vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə
tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
Eyni zamanda, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən
digər xüsusiyyət də İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım
etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol
verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia
tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz
olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin
hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb
edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə
borcludur.
Birinci instansiya məhkəməsində inzibati icraat İPM-in VIII fəslinin normaları
ilə tənzimlənir. Bu fəslə iddianın qaldırılması, ərizənin məzmunu, iddianın
təqdim edilməsi, hazırlıq icraatı, məhkəmənin və proses iştirakçılarının işin
hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri, məhkəmə baxışının
hədləri və digər prosessual hərəkətləri tənzimləyən normalar daxil edilmişdir.
Həmin normalar sırasında məhkəmənin və proses iştirakçılarının işin hallarının
obyektiv araşdırılması ilə bağlı vəzifələrini müəyyən edən İPM-in 48-ci maddəsi
məhkəmə icaraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin
təmin edilməsi məqsədilə həmin Məcəllənin "məhkəmədə işin hallarının
araşdırılması” prinsipinə riayət olunmasını tələb edir.
Bununla yanaşı, İPM-in 48-ci maddəsi həmin Məcəllənin 13-cü maddəsində nəzərdə
tutulan məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsinin həyata keçirilməsi
zamanı tamamlayıcı funksiya daşıdığından əhəmiyyətli norma kimi
qiymətləndirilir.
İPM-in 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan
qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti
üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına,
prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və
obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların
təqdim olunmasına yardım etməlidir.
Qeyd edilməlidir ki, hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların
aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də
bağlı ola bilər. Bu vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin
bərabərliyi prinsipinə əməl etməlidir.
Məhkəmə baxışının hədləri adlanan İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia
ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa
haqlı deyildir. Bu maddə "ne ultra petita” prinsipini nəzərdə tutur və inzibati
prosesdə dispozitivlik prinsipinin qüvvədə olduğunu bir daha vurğulayır. Həmin
norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi
əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisəni həll etsin.
İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması
prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz
bu prinsip məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini
müəyyən edir.
Apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraat İPM-in X fəslinin
normaları ilə tənzimlənir. İPM-in 81-ci maddəsində apellyasiya şikayətinin
mümkünlüyü, apellyasiya şikayəti vermək hüququ və inzibati apellyasiya
icraatında tətbiq edilən qaydalar nəzərdə tutulmuşdur. İnzibati məhkəmə
icraatında apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün, ilk
növbədə, bu maddənin tələbləri nəzərə alınmalıdır.
Qanunvericinin inzibati apellyasiya icraatı ilə bağlı müəyyən etdiyi mühüm
qaydalardan biri də İPM-in 81.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin
maddəyə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət
üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı
bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa
dair tələblər, müvafiq prosessual qaydalar və MPM-in apellyasiya instansiyası
məhkəməsində icraatla bağlı müvafiq müddəaları tədbiq olunur.
Apellyasiya şikayəti üzrə işə yenidən baxılmasının hədlərini nəzərdə tutan
İPM-in 82-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi
mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və
faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya
instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə
əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları
(faktiki halları) da nəzərə alır.
Bu normaya əsasən apellyasiya instansiyası məhkəməsi şikayət ərizəsində irəli
sürülən tələblər həddində, lakin tam hüquqlu məhkəmə kimi işin bütün hallarını
araşdırır və işə mahiyyəti üzrə baxır. Bu isə o deməkdir ki, apellyasiya
məhkəməsi birinci instansiya məhkəməsinin araşdırdığı hallarla bağlı olmur,
mübahisə predmetini tam həcmdə yoxlayır və öz qərarını araşdırdığı işin
hallarına və formalaşdırdığı daxili inama əsasən qəbul edir.
İnzibati apellyasiya icraatının əsas qaydaları İPM-in apellyasiya instansiyası
məhkəməsində icraat adlanan 87-ci maddəsində müəyyən edilmişdir.
İnzibati apellyasiya icraatı zamanı inzibati icraatın prinsipləri ilə yanaşı,
İPM-in X fəslinin müddəalarına tam və düzgün əməl olunması həqiqətin müəyyən
edilməsinə və pozulmuş hüquq və azadlıqların vaxtında bərpa edilməsinə xidmət
etmiş olar.
Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin
Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə
dair” 20 may 2011-ci il tarixli Qərarında mülki işlər üzrə apellyasiya
icraatının hədlərinə dair dolğun və müfəssəl şərh verilmişdir. Həmin Qərarda
qeyd edilmişdir ki, apellyasiya institutu əksər dövlətlərin mülki-prosessual
qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur: tam
və natamam apellyasiya.
Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə
tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən
baxılmasından, məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından və
tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir.
Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi
tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür
yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə
qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci
instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil.
Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur,
birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə
eyni hərəkətlər aparılır.
Natamam apellyasiya zamanı (Avstriya, Almaniya) isə sübutetmə prosesi birinci
instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci
instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən
baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır.
Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü
maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il
tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsində yeni və əlavə
sübutların təqdim olunmasında və yoxlanılmasındakı məhdudiyyətlər ölkəmizdə
natamam apellyasiyanın olmasına dəlalət edir.
Tam apellyasiyadan fərqli olaraq, natamam apellyasiya zamanı apellyasiya
instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi
birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və
apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericilikdə məhkəmə
icraatının səmərəliliyini yüksəltmək, pozulmuş hüquq və azadlıqların ağlabatan
müddətdə və daha dolğun müdafiəsini təmin etmək məqsədi ilə, inzibati işlərə
baxan məhkəmələrə ümumi yurisdiksiyalı məhkəmələrdən fərqli olaraq yeni
səlahiyyətlərin verilməsi, o cümlədən inzibati apellyasiya icraatı üzrə
apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinin, eləcə də inzibati
prosessual qanunvericiliyin prinsiplərinin dairəsinin genişləndirilməsi
ölkəmizdə bu növ işlər üzrə apellyasiya institutunun tam apellyasiya növünə keçilməsi
kimi qəbul edilməməlidir.
İPM-in inzibati apellyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi
apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində
və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında
mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin
Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların
(sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını
göstərir.
İPM-in 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli
üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və
təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz
təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. ( İPM-in
12.1 və 12.2-ci maddələri).
İPM-in 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim
olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında
mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin
hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad
edilmişdir. Lakin İPM-in məhkəmənin proses iştirakçılarına yardım etmək
vəzifəsini nəzərdə tutan 13-cü maddəsinə toxunulmamışdır.
Qeyd edilənləri və qanunvericinin "məhkəmənin yardım etmək vəzifəsi”ni birinci
instansiya məhkəməsində işin hallarının obyektiv araşdırılması ilə bağlı
məhkəmənin vəzifələrini müəyyən edən İPM-in 48-ci maddəsinə aid etdiyini nəzərə
alaraq, belə nəticəyə gəlmək olar ki, İPM-in 13-cü maddəsinin "yanlış iddia
növlərinin münasibləri ilə əvəz olunması” müddəası apellyasiya icraatına aid
edilməməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu İPM-in 13-cü maddəsinin hansı instansiya
məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən
apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra
kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi
baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir.
Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik
xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan
məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan
qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam
faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və
qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması
ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların
inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin
"yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati
apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
Belə ki, İPM-in 13-cü maddəsinin "yanlış iddia növlərinin münasibləri ilə əvəz
olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması
və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin
dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının
vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər
tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər.
Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə
inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi
prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddia növünün
dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində
təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş
hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından
məhrum edər.
İPM-in 3.2-ci maddəsində bu Məcəllənin XV, XVI, XVII, XVIII fəsillərində
göstərilən mübahisələrə dair iddialara apellyasiya instansiyası məhkəmələrinin
inzibati-iqtisadi kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi kimi
baxılması nəzərdə tutulmuşdur. Bu, normativ xarakterli aktların
qanunauyğunluğunun mübahisələndirilməsinə dair, siyasi partiyalarla bağlı,
kütləvi informasiya vasitələri ilə bağlı və seçki (referendumda iştirak) hüquqlarının
müdafiəsi ilə bağlı işlər üzrə iddialardır ki, onlara Azərbaycan Respublikası
apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyalarında
birinci instansiya məhkəməsi kimi baxılır. İPM-in 13-cü maddəsinin "yanlış
iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası da qeyd olunan
mübahisələr üzrə işlərə apellyasiya məhkəmələri tərəfindən birinci instansiya
məhkəməsi qismində baxılarkən tətbiq oluna bilər.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən
məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində
inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses
iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı
qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya
məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri
tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü
maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.
Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə
gəlir ki, İPM-in 13-cü maddəsinin "yanlış iddia növlərinin münasibləri ilə əvəz
olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı
inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında
tətbiq edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini,
"Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D
I:
1. Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin "yanlış iddia
növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya
məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur
və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar "Azərbaycan”, "Respublika”, "Xalq qəzeti”, "Bakinski raboçi”
qəzetlərində, "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev"
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar