Kobanidəki İŞİD hücumlarına etiraz aksiyalarında ölənlərin sayı 18-ə çatıb. Van və Diyarbəkirdə 2 gündür iğtişaşlar ara vermir. Şəhərdə onlarla yaralı olduğu bildirilir.
İŞİD-in Suriya-Türkiyə sərhədindəki Kobani kürd kəndinə hücumuna etiraz olaraq Türkiyənin güney-doğu əyalətlərində oktyabrın 7-dən başlayaraq etiraz aksiyaları keçirilir. Küçələrə çıxan PKK-lılarla Hizbullah tərəfdarları arasında qarşıdurmalar səngimir. Tərəflər şəhərdə yanğınlar tərədir, yaşayış, hökumət binalarına, iş yerlərinə hücumlar təşkil edirlər.
Van şəhərinin valisi Nezih Doğan şəhərdəki iğtişaşların yatırılması üçün vətəndaşlara müraciət edilsə də, bəlli qrupların provokasiyaları səngimir. Vali bələdiyyələri məhəllələrdəki yanğınlara müdaxilə etməməkdə suçlayıb. Yada salaq ki, Van valisi AKP-dən olsa da, şəhərdəki bir çox bələdiyyələrin sədrləri kürdlərin siyasi partiyası HDP-nin təmsilçiləridir.
Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı son açıqlamada bildirilir ki, hökumət qüvvələri ilə təxribatçılar arasındakı toqquşmalarda Diyarbəkirdən 10, Mardindən 3, Siirtdən 2, Batman, Muş və Van şəhərlərinin hər birindən bir nəfər ölüb. Onların hamısı odlu silahdan açılan atəş nəticəsində həyatlarını itirib. Ölüm faktları ilə bağlı cinayət işləri açılıb, meyitlər autopsiya üçün dövlət xəstəxanalarına göndərilib.
Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada o da deyilir ki, 15 şəhərə tətbiq edilən komendant saatının nə zamana qədər davam edəcəyi olayların gedişindən asılı olacaq. Polislər məhəllə-məhəllə gəzərək səsgücləndiricilərlə vətəndaşlara komendant saatı ilə bağlı xəbər verir.
Bölgədə durum o qədər gərginləşib ki, Türk Hava Yolları yaxın tarixlərə bu istiqamətə uçaq reyslərini ləğv edib. Gecə boyu davam edən etirazlarda küçələrdəki nəzarət kameraları sındırılıb, kamera olan dirəklər uçurulub. Odlu silahla yanaşı dəmir və beton parçaları ilə silahlanan kürdlər şəhərdə çoxsaylı dağıntılar törədib.
Olay yerindən çəkilən videolarda polisin gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə etdiyi görünür. Qarşıdurma yaşanan şəhərlərin küçələrində uzunmüddətli atışma səsləri gəlir.
"Diyarbəkir və çevrəsində komendant saatı hələ bir neçə gün davam edəcək”. Bu sözləri Türkiyənin kənd təsərrüfatı naziri Mehdi Eker oktyabrın 7-də yaşanan olaylarla bağlı açıqlama verərkən deyib. Nazir deyib ki, iğtişaşlarına qarşısını almaq üçün hökumət bütün qanuni vasitələrdən yararlanacaq: "Diyarbəkirdə 10 nəfər həlak olub. Onların yazınlarına başsağlığı verirəm. Çox sayda iş yerinə hücum edilib, yandırılıb, yağmalanıb. Xırda və orta sahibkarlara böyük ziyan dəyib. ”
Şəhərin daxili işlər orqanları da saat 22-dən başlayaraq komendant saatı tətbiq ediləcəyi, insanların küçəyə çıxmasının yasaqlandığı haqqında informasiya yayıb. Polisin bildirişində vurğulanır ki, qərarın məqsədi 1 milyon insan yaşayan bölgədə insanların can və mal varlıqlarının təhlükəsizliyini təmin etməkdir.
Nazir iğtişaş törədənlərin təcili tibbi yardım maşınlarına, həkim briqadalarına, xəstəxanalara hücumunu da kəskin pisləyib:"Diyarbəkirdə 3 təcili tibbi yardım maşını yandırılıb, 2-si aşırılaraq yararsız hala salınıb. Açıq - aydın görünür ki, söhbət etiraz etmək yox, təxribat törədərək sabitliyə uzunmüddətli təhlükə yaratmaqdır”.
Oktyabrın 8-də adı çəkilən şəhərlərdə dükanlar işləməyib. Dağıdılan iş yerlərinin sahibləri əmlakları ilə bağlı problemləri çözmək üçün rəsmi qurumlara üz tutub.
Şəhərlərdə gün boyu yanan avtomobillərdən barrikadalar qurulması davam edib. Polislər olaya müdaxilə edərkən çoxsaylı qarşıdurmalar yaşanıb. Pozuculuq təşəbbüsündə bulunan onlarla insan müvəqqəti saxlama yerlərinə aparılıb.
Bu arada ABŞ-ın Kobani yaxınlığındakı İŞİD qüvvələrinə hava müdaxiləsi də gün boyu ara verməyib. ABŞ MN-in açıqlamasında İŞİD qüvvələrinin böyük itki ilə geri çəkildiyi bildirilir. Onu da vurğulayaq ki, İŞİD Kobaniyə üç həftədir hücum əməliyyatları həyata keçirir. Son 2 gündə isə Kobanidə İŞİD bayraqları dalğalanırdı. "Reuters” agentliyinin ərazidə olan müxbiri xəbər verir ki, oktyabrın 8-də İŞİD şəhərin girişindən geri çəkilib: "İŞİD son günlər bu qədər ağır itki verməyib. Qüvvələr tamamilə pərən-pərəndir. Bu əməliyyat İŞİD-ə vurulan ən ağır zərbələrdəndir”.
Suriyadan isə fərqi xəbərlər gəlməkdədir. Suriya insan haqları müdafiəçilərindən Rami Abdilrahmanın sözlərinə görə, ABŞ-ın hava hücumlarından sonra geri çəkilən İŞİD yeni qüvvələr cəlb edərək Kobaniyə yeni hücum əməliyyatı hazırlayır. Onun sözlərinə görə, şəhərə (bəzi mənbələr kənd, qəsəbə də yazır) İŞİD-çilər qalmasa da, onların uzaq ərazilərə çəkildiyini söyləmək olmaz. Gün boyu davam edən bombardman Şanlıurfanın kəndlərindən aydın müşahidə edilib.
Türkiyədəki iç durumu gərginləşdirən etirazçı kürdlərin Atatürkün heykəlləri ilə insanlığa yaraşmayan davranışları olub. Güneydoğuda Atatürkün heykəlinə od vurulub, heykəlin kəllə hissəsi ilə "futbol oynanılıb”. Atatürkün heykəllərinə hücum təkcə kürdlərin kompakt yaşadıqları ərazilərdə baş verməyib. İstanbulda yaşayan kürdlər də Atatürkün büstünü uçurub. Onu da vurğulayaq ki, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkə sayğı qanuniləşdirilib. Dövlətin banisinə həqarət cinayət məsuliyyəti yaradır. Ancaq AKP iqtidarı dönəmindən bu qanun faktiki olaraq işləmir.
PKK tərəfdarları ilə Hizbullahçılar arasındakı atışmalarda 10 nəfər öldürülüb. Polis bölmələrinə silahlı hücum zamanı hücum zamanı 32-si ağır olmaqla 47 polis yaralanıb. Siirtdə əhali AKP-nin yerli qərargahına hücum edib. Çox sayda Molotov kokteyli atılan binada yanğın başlayıb. Partiya binasına ciddi ziyan dəyib.
Əhali təhlükəsizlik qüvvələrinin əraziyə girişini əngəlləmək üçün magistral yollarda barrikadalar qurub. Oktyabrın 8-də Diyarbəkir, Siirt, Van, Mardinə gəlmək istəyən təhlükəsizlik qüvvələri yerli kürdlərin hücumu ilə üzləşib. Hökumət qüvvələri etirazçıları zərərsizləşdirdikdən sonra əraziyə daxil ola bilib.
Şırnakda isə PKK-lılar etiraz olaraq məktəbləri yandırıb. 300 nəfərlik qrup orta məktəb binasına hücum edərək binaya alışdırıcı maddələr atıb. Ərazidə çəkiliş aparan jurnalistlər yaralanıb. Qızıl Ayın yardımı ilə vəzifə başındakı jurnalistlər olay yerindən uzaqlaşdırılıb. PKK-lılar təcili tibbi yardım maşınlarına da hücum edim, tibb personalını döyüb, maşınları aşırıblar.
Türkiyədəki qarşıdurmalar Avropaya da sıçrayıb. Oktyabrın 8-də Almaniyanın Hamburq şəhərində PKK tərəfdarları ilə İŞİD dəstəkçiləri arasında qarşıdurma yaşanıb. Məscidə toplanan PKK-lılar İŞİD hücumlarına qarşı etiraz aksiyası keçirmək qərarına gəlib. Onlar camenin önünə çıxarkən ərazidə 300-ə yazın İŞİD tərəfdarı olduğunu görüb. Hər iki qrupun əlində zopalar, kəsici alətlər olub. Tərəflər arasında qısamüddətli toqquşmalar Almaniya polisinin müdaxiləsi ilə yatırılıb. Təşkilatçılar arasından bir neçə nəfərin saxlandığı bildirilir.
Bu arada MHP İstanbul il başqanı Bülent Karataş Twitter hesabından ülküçü cameəyə səslənərək, olaylara müdaxilə etməməyə çağırıb. Karataş bildirib ki, MHP-nin İstanbul bölmələrinə kürdlərin hücumu ilə bağlı yayılan xəbərlər provokasiyadır.
Aygün Muradxanlı,
Musavat.com