İŞİD İraq ordusunu rəzil etdi

img

29-09-2014 [11:16]


İsrailin rusdilli "mignews.com” saytı İraqın Əl-Ənbar vilayətindəki Felluca qəsəbəsində baş verən hadisələr haqqında geniş yazı hazırlayıb. Bağdaddan 70 km. qərbdə yerləşən bu qəsəbədə İraq ordusu İŞİD tərəfindən biabırçı məğlubiyyətə məruz qalıb. 

Yazıda deyilir ki, ötən həftənin əvvəlində Fellucada hərbi bazada yerləşən İraq Ordu bölümü ilə mərkəzin əlaqəsi kəsilib. İŞİD döyüşçüləri yola nəzarət edən iki tankdan birinin yanacaq doldurmaq məqsədi ilə yerini tərk etməsindən istifadə edərək yolu nəzarətə keçirib. Nəticədə hərbi hissə ilə mərkəz arasında əlaqə kəsilib. Yüzlərlə hərbçi faktiki mühasirəyə düşüb. 

Mühasirəyə düşənlərdən biri Heydər Məcid xilas olduqdan sonra deyib: "Bizə kömək gəlmədi. Su və yemək yox idi. Daha sonra mərmilərimiz sona çatmağa başladı. Generallarımıza, komandirlərimizə, parlamentdəki deputatlarımıza dönə-dönə zəng vurduq. Ancaq onlar bizi ölümün ağzına qurban kimi atmışdılar”.

Mühasirəyə düşənlər general Rəşid Fleyha müraciət ediblər. O, əl-Ənbar vilayətində İraq ordusuna rəhbərlik edir. General bu məsələ ilə bağlı deyib: "Bilirsiz, əsgərlər niyə şikayət edirlər? Çünki onlara mühasirəyə alınmış bazada qulluq etmək darıxdırıcı görünür”. General həmçinin bildirmişdi ki, sözügedən hərbi bazaya lazım olan yüklər çatdırılır. Ancaq həmin vaxtı əsgərlər düzlü su içmək zorunda qalmışdı. 

Mühasirədə olan bazaya hücum ötən həftə həyata keçirildi. Əsgərlərə radio vasitəsi ilə daxil olan xəbərdə deyilirdi ki, onları mühasirədən çıxarmaq üçün zirehli texnika bazaya doğru hərəkət edir. 

Bu xəbərdən sonra hərbi bazanın qarşısında İraq ordusuna məxsus hərbi texnika göründü. Maşınlarda isə İraq ordusuna məxsus paltar geyinmiş şəxslər oturmuşdu. 

Kapitan Əhməd Hüseyn deyir: "Biz elə düşündük ki, bu, bizə vəd olunan hərbi dəstədir. Hərbi karvanın önündə isə 3 ədəd "Hammer” markalı maşın gəlirdi. Biz onları içəri buraxdıq”.

Həmin maşınlardan biri hərbi bazanın ortasında partladı. İkisi isə bazanın girişində göyə sovruldu. Ancaq əsas texnikanın bazaya girişinin qarşısını ala bildik. Maşınları intiharçı İŞİD döyüşçüləri özləri partlatdı. Bu vaxt intensiv atışma başladı. 

Hüseyn öz əsgərlərinə belə deyib: "Biz onsuz da burada öləcəyik. Mühasirədən çıxmağa ən azı cəhd göstərməliyik”. Nəticədə 400 əsgər od-alovun içindən sıyrılıb çıxa biliblər. Sonra onlar 3 qrupa bölünərək Salakviyaya özlərini çatdırıblar. Düzdür, geriyə yalnız hərbçilərin yarısı dönə bilmişdi. 

Əsgərlər mühasirəni yarıb keçdikdən sonra İraq ordusu tərəfindən onlara yardım üçün göndərilən hərbi karvanın qalıqları ilə qarşılaşıblar. Həmin karvan İŞİD tərəfindən məhv edilibmiş. 

Hadisədən az sonra deyilirdi ki, Salakviyada 200 əsgər qurban gedib, 400 əsgər isə itkin düşüb. Ancaq general Rəşid Fleyha bununla razılaşmayıb, "ölənlərin sayı bir əldəki barmaqların sayından çox deyil”, söyləyib. 

Az sonra isə beynəlxalq mediada yayılan xəbərlərdən məlum oldu ki, Salakviyada 300 nəfər İraq əsgəri İŞİD tərəfindən məhv edilib(musavat.com) 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA