Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır

img

27-02-2026 [13:18]


Rasim İsmayılov

***

Fevralın 25-də səhər bank kartının vaxtı bitdiyi üçün Azərbaycan Beynəlxalq Bankının (ABB)n Əhmədli filialına gedərək mənə köçürülmüş pulu şəxsiyyət vəsiqəsi ilə çıxartmaq istədim.

Məlum oldu ki, vergi orqanı tərəfindən borcum olduğu üçün karta blok qoyulub. Bankın əməkdaşı dedi ki, bunun üçün bir yazışma prosesi var. Onu etməliyəm. Sağ olsun, elədi və dedi ki, birigün pulunuzu götürə bilərsiniz. 

Bankdan çıxandan 15-20 dəqiqə sonra vergi bloku ləğv elədi və mənə ergiyə olan borcu dəqiq şəkildə hesabımdan özünə köçürdüyü barədə mesaj göndərdi. Və mənim heç kimə borcum qalmadı.

Bu gün səhər milyonlarımı çıxartmaq üçün yenə ABB-nin Əhmədli filialına müracət etdim. Məlum oldu ki, bəli, vergi ilə heç bir problemim qalmayıb. Amma ABB ilə qalıb. Məlum oldu ki, yenə pulu çıxarda bilmərəm. Çünki kartın vaxtı keçib və bankın daxilində mənim pulumu götürmək üçün hansısa proses keçirilir. İnsafən çox mədəni xidmət göstərən bank əməkdaşından soruşuram ki, necə olur ki, mənim hesabımdan vergi öz pulunu ala bilir, amma mən pulun sahibi olaraq halal pulumu ala bilmirəm? Bunun bir məntiqi varmı?

Əməkdaş spesifik mənalı cavab verir. Təbii ki, mən anlamıram. Anladığım odur ki, canlı olaraq, əlimdə şəxsiyyət vəsiqəmlə öz pulumu bankdan ala bilmirəm, amma başqası həmin hesaba girib ala bilir. (Vergi orqanına borcum dəqiq vardı. Və borcu belə pozması mənim üçün daha yaxşıdır. Daha harasa gedib pul ödəmə əməliyyatı eləmirəm.) Amma, amma, amma bir şeyi qana bilmirəm ki, niyə mənim hesabımdan başqası pul çıxarda bilir, mən çıxarda bilmirəm?

Kimsə spesifik nağıllar danışa bilər ki, ay bankın öz qaydası, filan sənədləşməsi və s. Mən müştəriyəm və banka mənim pulum köçürülür. Dövriyyə qazançı bir tərəfə, üstəlik 1.5 faiz ödəniş də eləyirəm hər nağdlaşdırmada. Amma əziyyət çəkirəm, problemlə qarşılaşıram. Banka gedirəm və oradakı halal pulumu ala bilmirəm. Həm də 21-ci əsrdə. Həm internetin yazışma proseslərini saniyədə ünvanına çatdırdığı bir dövrdə. Həm də bankların "müştəri məmnuniyyəti" sloqanlarının birini bir qəpiyə satdığı dövrdə. Amma bu saat ABB-ni dindir, deyəcək ki, mən dünyanın ən müasir sistemi ilə işləyirəm. O mütərəqqi dünya bankçılığında bunu da deyərsiniz ki, bizim müştəri canlı olaraq bankımıza gəlir və bank proseslərinə görə onun pulunu vermirik. Əminəm ki, bunu göydə götürəcəklər. Muzeylərinə qoymaq üçün.

P.S. Yazı müəlllifin Feysbuk-dakı hesabından götürülüb!

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA