Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi

img

10-02-2026 [12:53]


Abşeron Rayon Məhkəməsində dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Rüfət Fətullayev və Dadaş Hacıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onlara qarşı verilmiş ittihamdan Cinayət Məcəlləsinin 308.2-ci maddəsi xaric olunub. Rüfət Fətullayev barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1, 1.16 və 5.1-cı bəndləri tətbiq edilməklə o, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Dadaş Hacıyevə isə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib və dərhal məhkəmə iclas zalından həbs olunub.

İttiham aktına əsasən, Rüfət Fətullayev Abşeron rayonunun Masazır bələdiyyəsinin sabiq sədri, Dadaş Hacıyev isə sözügedən bələdiyyənin hüquq sektorunun müdiri vəzifəsində çalışıb.

Məlumata görə, Abşeron rayonunun Masazır bələdiyyəsinin sabiq sədri olmuş Rüfət Fətullayev vəzifəli şəxs kimi qulluq mövqeyindən istifadə edərək bir neçə şəxs ilə qabaqcadan əlbir olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və təkrarən dələduzluq cinayətləri törətməkdə ittiham olunur.

İstintaq materiallarında qeyd olunur ki, o, Masazır bələdiyyəsinin sədri vəzifəsində çalışdığı dövrdə qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq bələdiyyənin kollegial idarəetmə prinsiplərinə əməl etməyib, iclaslar keçirmədən təkbaşına qərarlar qəbul edib və bu yolla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlüklər əldə edib. Onun bu hərəkətləri nəticəsində həm Masazır bələdiyyəsinin, həm də çoxsaylı vətəndaşların hüquq və qanuni mənafelərinə ağır zərər vurulub, bələdiyyə institutunun nüfuzuna ciddi xələl gətirilib.

İttihama görə, Rüfət Fətullayev bələdiyyənin hüquq sektorunun müdiri olmuş Dadaş Hacıyev və digər şəxslərlə qabaqcadan əlbir olaraq müxtəlif vətəndaşlara torpaq sahələrinin və yaşayış evlərinin sənədləşdirilməsi, çıxarışların alınması və torpaq satışı ilə bağlı səlahiyyəti olmadığı halda yalan vədlər verib. Bu vədlərlə vətəndaşlarda inam yaradaraq onların etibarından sui-istifadə edib və müxtəlif vaxtlarda onlardan pul vəsaitləri alıb.

Belə ki, ayrı-ayrı epizodlar üzrə vətəndaşlardan “rüsum”, “sənədləşmə xərci” və digər adlar altında 7 min manat, 5 min manat, 15 min manat, 25 min manat, 8 min 500 manat, eləcə də müxtəlif mərhələlərdə 32 min və 32 min manat məbləğində pul vəsaitləri ələ keçirilib. Pulların bir qismi bələdiyyənin inzibati binasında, bir qismi isə digər ünvanlarda şəxsən alınmaqla dələduzluq yolu ilə mənimsənilib.

İstintaqın gəldiyi nəticəyə əsasən, Rüfət Fətullayev və onunla əlbir olan şəxslər tərəfindən törədilən bu əməllər nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə azı 120 000 manat məbləğində maddi ziyan vurulub.

İstintaq dövründə Rüfət Fətullayev barəsində polisin nəzarəti altına vermə və Dadaş Hacıyevin barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA