Polkovnikin 21 yaşlı oğlunu Binəqədidə kimlər öldürdü? - Türk qəzetindən şok iddia

img

20-09-2014 [09:34]


Türkiyədə 2009-cu ildə "Ergenekon” əməliyyatı çərçivəsində həbs edilmiş xüsusi təyinatlı qüvvələr polkovniki, PKK-ya qarşı uzun müddət döyüşmüş Mustafa Dönməzin oğlunun Bakıda müəmmalı ölümü ilə bağlı sensasion iddia yayılıb.

Virtualaz.org xəbər verir ki, bir neçə ay əvvəl, Fətullah Gülənlə indiki prezident Rəcəb Tayyib Ərdoğan arasında münasibətlərin korlanmasından sonra azadlığa çıxan polkovnikin 21 yaşlı oğlunun Bakıdakı ölümünün adi qəza yox, planlaşdırılmış sui-qəsd olduğu iddia edilir.

Bu iddiaya Türkiyənin "Yeni Çağ” qəzetinin yazarı Yavuz Selim Demirağ öz köşə yazısında yer verib (yazının orijinalını bu linkdən oxumaq olar: http://www.yenicaggazetesi.com.tr/askerin-de-niyeti-yok-32040yy.htm).

Müəllif yazır ki, Mustafa Dönməzin və digər ordu zabitlərinin kütləvi şəkildə həbs olunduğu polis əməliyyatları saxta dəlillər əsasında həyata keçirilib. Bu dəlillərdən biri də Mustafa Dönməzin evində guya "Ergenekon” silahlı terror təşkilatına aid olan silahların basdırıldığı yerin sxeminin aşkar edilməsi olmuşdu.

Əslində isə əməliyyatı həyata keçirən fətullahçı polislər ("Ergenekon” həbslərinə sanksiyaları Fətullah Gülənə sadiq prokuror Zəkəriyyə Öz verirdi və bu həbsləri "İmamın ordusu”nun əsgərləri, yəni fətullahçı polislər həyata keçirirdi) əvvəlcə Ankara Gölbaşı səmtində "aşkar edilmiş” silah-sursatı İstanbul Poyrazköydə təkrar basdırıblar və "aşkar ediblər”. Hər iki axtarışda "aşkar edilən” silah-sursatın seriya nömrələri eyni olub.

Qaydalara görə, axtarış əməliyyatları videokameralara çəkilib və bu kadrlarda da Ankarada "tapılan” silahlarla İstanbulda "tapılan” silahların seriya nömrələrinin, hətta üzərlərindəki cızığın eyni olduğu əksini tapıb. Ancaq polislər kadrları montaj edərək bu məqamları siliblər.

Yavuz Selim Demirdağın yazdığına görə, əməliyyatda iştirak edən polislərdən biri vicdanını itirməyib və videokadrların orijinalını gizlicə Mustafa Dönməzin oğlu Alpa ötürüb.

Sitat: "Atası içəridə ikən çöldə onun hüquqları uğrunda mübarizə aparan gənc universitet tələbəsi Alpın arxasınca düşən kumpasçılar (tələ quranlar) ona qarşı bir neçə dəfə sui-qəsd təşkil etsələr də nəticə əldə edə bilməyiblər. Nəhayət, Azərbaycanın paytaxtı Bakıda yol-nəqliyyat qəzası görüntüsü verərək Alpı öldürdülər”.

Müəllifin yazdığına görə, azadlığa çıxdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinə tələ qurmuş prokurorların, polislərin, hakimlərin üzə çıxarılıb cəzalandırılması üçün mübarizə aparan Mustafa Dönməz "mənim əlimdə videoçəkilişin orijinalı var, dürüst hakimlər istəsə, onlara verə bilərəm” deyir. Ancaq hələ heç kim ondan bu görüntüləri istəməyib.

Virtualaz.org saytı xatırladır ki, polkovnik Mustafa Dönməzin oğlu, 21 yaşlı Alp Kaan Dönməz 2012-ci il, sentyabrın 1-də Bakının Binəqədi rayonu ərazisində avtomobillə vurulub. O, hadisə yerində ölüb.

DİN-in yaydığı məlumatda deyilirdi ki, naməlum avtomobil yolu keçmək istəyən Türkiyə vətəndaşı Alp Kaan Dönməzi vuraraq hadisə yerindən qaçıb. Onu vuran avtomobil və sürücüsü bir neçə gün sonra müəyyən edilib. Məlum olub ki, hadisəni törədən sürücü 1967-ci il təvəllüdlü Hafiz Adıgözəl oğlu Vəliyevdir. O, Türkiyə vətəndaşını idarə etdiyi "Mercedes” markalı avtomobillə vurub. Həmin şəxs 2012-ci il, sentyabrın 12-də həbs olunub.

İndi belə görünür ki, polkovnik M.Dönməz oğlunun Bakıda təsadüfi qəza nəticəsində yox, planlaşdırılmış sui-qəsd nəticəsində öldüyünə inanır. Üstəlik ortada "Ergenekon” işinə dair istintaq çəkilişlərinin orijinalının olduğuna dair ciddi iddia var.

Virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA