Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"

img

05-02-2026 [11:48]


"Son dövrlərdə prokurorluq orqanlarında qulluğa qəbul olmuş gənclərin bir çoxunun kriminalistika sahəsində bilik və bacarıqların çox aşağı və ya ümumiyyətlə, olmadığının şahidi oluruq".

Mia.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "LEGIS" Beynəlxalq Hüquq Forumundakı çıxışında deyib.

O bildirib ki, ali təhsil müəssisələrində kriminalistika seçmə fənn kimi tədris olunur və tələbələrin bir çoxu həmin fənni seçmir:

"Sonradan həmin tələbələr prokurorluq orqanlarında işə qəbul olunduqda, işləməkdə çətinlik çəkirlər. Çünki kriminalistik taktika və texnika barədə məlumatı olmayan şəxsin hər hansı fakt üzrə səmərəli araşdırma aparması mümkün deyil".

K.Əliyev deyib ki, rəqəmsallaşma sahəsində çox sürətli inkişafın getdiyi bir dövrdə hüquq fakültəsinin tələbələrinin rəqəmsal savadlılığının artırılmasına da xüsusi diqqət yetirmək lazımdır:

"Bu gün şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə prokurorluq orqanlarında işləmək hüququ əldə etmiş gənclərin qazandığı uğurlar məhz Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasəti nəticəsində mümkün olub".

O qeyd edib ki, prokurorluq orqanlarında fəaliyyətə başlamaq üçün hər hansı hüquq stajı tələb olunmur: "Bu baxımdan, hüquq fakültəsini bitirəndən sonra qanunvericilikdə nəzərdə tutulan şərtlərə cavab verən hüquqşünaslar keçirilən imtahanlarda iştirak etməklə prokurorluqda qulluğa qəbul oluna bilərlər.

2025-ci ildə keçirilmiş imtahanlarda 259-u oğlan, 90-ı qız olmaqla ümumilikdə 349 namizəd iştirak etmiş və onlardan 51-i müvəffəqiyyət əldə edərək prokurorluq orqanlarına işə qəbul edilib. Bir nəfər istisna edilməklə, qalan namizədlər ölkədəki ali təhsil müəssisələrinin hüquq fakültələrinin məzunları olub"(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA