Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
04-11-2025 [22:52]
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 4-də davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra təqsirləndirilən Ruben Vardanyanın hüquqlarını müdafiə edən yeni vəkili Emil Babışov məhkəməyə vəsatət təqdim edib.
Qeyd edib ki, ötən iclaslarda Ruben Vardanyan və həmin vaxt onun hüquqlarını müdafiə edən vəkili məhkəməyə bir sıra vəsatətlər təqdim ediblər. Məhkəmədə həmin vəsatətlərlə bağlı qəbul olunmuş qərarların çıxarışları tam şəkildə müdafiə tərəfinə təqdim edilməyib. Müdafiəçi sözügedən qərarların çıxarışlarının tam şəkildə müdafiə tərəfinə təqdim olunmasını məhkəmədən xahiş edib.
Qeyd edək ki, ötən iclasda Ruben Vardanyana dövlət hesabına yeni vəkil təyin olunub. Həmin vaxtadək isə onun hüquqlarını özünün seçdiyi vəkil müdafiə edirdi. İki iclas əvvəl Ruben Vardanyan özünün seçdiyi vəkilindən imtina edib.
Hakim Zeynal Ağayev deyib ki, müdafiə tərəfinə indiyədək həmin çıxarışlar təqdim olunub və bundan sonra da onlar bu hüquqlarından istifadə edə biləcəklər.
Sonra Ruben Vardanyan növbəti vəsatətini təqdim edərək məhkəmə iclasına Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin dəvət olunmasını xahiş edib. Deyib ki, bu, ona qarşı irəli sürülən ittiham üzrə maddələrdən biri - Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə ilə bağlıdır.
Ruben Vardanyanın müdafiəçisi Emil Babışov da təqsirləndirilən şəxsin mövqeyini və vəsatətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş edib.
Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev müdafiə tərəfinin vəsatətində kimin hansı səbəbdən dindirilməsini, həmin şəxsin şahid qismində hansı ifadəni verə biləcəyinin və bunun ifadənin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama nə kimi aidiyyətinin olmasını aydın göstərmədiyini, həmçinin Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının hazırkı iş üzrə qanunsuz sərhəd keçməyə dair ifadələrinə zərurət olmadığını deyib.
Bildirib ki, əgər təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini ittihamın əksinə olaraq qanuni şəkildə keçdiyini iddia edirsə və bunu sübut etmək istəyirsə, buna dair qanunlarda nəzərdə tutulmuş qaydalar var. Təqsirləndirilən şəxs Azərbaycanın ərazisinə qanuni şəkildə daxil olubsa, onun ümumvətəndaş pasportunda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin möhürü olmalıdır. Pasportunda həmin möhürü göstərməklə sübut edə bilər.
Vüsal Əliyev vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.
Məhkəmə tərəfləri dinləyərək qərar qəbul edib. Qərara əsasən vəsatət baxılmamış saxlanılıb.
Hakim Zeynal Ağayev, həmçinin deyib ki, həmin şəxsin barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumatlar təqdim edilərsə, bu məsələ müzakirəyə çıxarıla bilər.
Daha sonra hakim Z.Ağayev bildirib ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs məhkəməyə müraciət ünvanlayaraq üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər.
Tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etmədiklərini bildiriblər.
Ardınca Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət zamanı zərər çəkənlər ifadə veriblər.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Saqif Mikayılov bildirib ki, Xocalı rayonunun Əsgəran qəsəbəsi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində xəsarət alıb.
Zərərçəkmiş şəxs Aydın Qəribov ifadəsində qeyd edib ki, Şuşa rayonunun Xəlfəli kəndində düşmən tərəfindən açılmış atəşlər nəticəsində o, Ceyhun Şahnamazlı və Tərlan Cabbarov yaralanıblar.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Kənan Əbilov Xankəndi rayonunun adsız yüksəkliyində düşmənin odlu silahlardan açdığı atəşlər nəticəsində sol qolundan güllə yarası aldığını deyib.
Zərərçəkmiş şəxs Yusif Veysov ifadəsində bildirib ki, Xocalı rayonunun Çanaqçı kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin minaatandan atdıqları mərmilərdən birinin yaxınlığına düşərək partlaması nəticəsində diz qapağından qəlpə yarası xəsarəti alıb.
Zərərçəkmiş şəxs Rahib Məmmədov dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıraraq, Zəngilan rayonu ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Fərid Mehbalının, Təbriz Rəhimovun həlak olduğunu, özünün, İbrahim Mayıllı, Seymur Həsənli və adlarını hazırda xatırlamadığı daha bir neçə nəfərin yaralandığını deyib.
Toğrul Nəcəfli ifadəsində vurğulayıb ki, Zəngilan rayonu ərazisində düşmənin təxribatı nəticəsində o və daha bir neçə nəfər yaralanıb. Fərid Rüstəmov, Fərid Mehbalı, Təbriz Rəhimov isə həlak olublar.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Faiq Cəfərov qeyd edib ki, Laçın rayonu ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində özü və bir neçə nəfər yaralanıb, daha bir neçə şəxs isə həlak olub.
Zərərçəkmiş şəxs Emin Məmmədov Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında bildirib ki, Laçın rayonu ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Əli Əliyev həlak olub, eyni zamanda o, Tural Ağcabəyov, Qabil Məmmədov və adlarını xatırlamadığı daha bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıblar.
Ramazan Məhəmmədov ifadəsində qeyd edib ki, Xocavənd rayonu ərazisində düşmən tərəfindən atılan top mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində o və daha bir neçə nəfər yaralanıb.
İfadə verən zərərçəkmiş şəxslər Seyran Eminov, Vüqar Məmmədov, Tural Bağırov, Nərməddin Quliyev, Əli Rüstəmov, Əhməd İbrahimov, Tural İmamquliyev, Saleh İsmayılov, Asif Məmmədov, Ariz Haşımov, Vidadi Xaniyev, Nazir Güləliyev Kəlbəcər rayonu ərazisində düşmənin təxribatı nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar.
Qulu Quliyev, Böyükağa Həsənov, Səxavət Quliyev ifadələrində Laçın rayonu ərazisində, Seymur Həsənli, Asif Məmmədov, Uğur Şükürlü isə Zəngilan rayonu ərazisində düşmən təxribatları nəticəsində yaralandıqlarını bildiriblər.
Daha sonra ifadə verən İbad İsmayılov, İlkin Rəhimov və Elmir Beydullayev Xocavənd rayonu, Ayxan Abdullayev Şuşa şəhərində İsa bulağı, Gündüz Qurbanov Şuşa rayonunun Xəlfəli kəndi, Rəfael Səlimov Ağdam rayonu, Hicran Sultanov isə Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatları zamanı yaralandıqlarını vurğulayıblar.
Məhkəmədə, həmçinin cinayət işi materiallarında olan və ibtidai istintaq zamanı toplanmış sənədlər elan olunub, sübutlar tədqiq edilib.
Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur/Azərtac
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Fəzail Ağamalı ilə bu tarixdə vida mərasimi keçiriləcək
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə
ABŞ-ın vitse-prezidenti Bakı və İrəvana niyə gəlir? - TƏHLİL
Yeni Baş nazir kollektivə təqdim edilib - Prezidentin səlahiyyətli nümayəndəsi tərəfindən
Azərbaycan millisi yoxlama oyununu keçirib
Nazir onu rəis müavini təyin etdi
Tacikistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN