8 MİLYONLUQ YEYİNTİ İDDİASI: Palata yoxlamanı təsdiqlədi, mətbuat katibi "qaynaq" axtarır, bəs nazir?

img

11-10-2025 [11:46]


Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlama aparılması xəbərini təsdiqləyib.

Mia.az xəbər verir ki, bu barədə qurumdan Gununsesi.info-nun sorğusuna cavabda bildirilib.

Hesablama Palatasından həmin saytın sorğusuna cavabda deyilir: “Azərbaycan Respublikası Hesablama Palatasına 2025-ci il 9 oktyabr tarixində elektron qaydada daxil olmuş Mədəniyyət Nazirliyində aparılan yoxlamalar zamanı korrupsiya faktlarının aşkarlanması haqqında məlumat əldə etmək barədə sorğunuza “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aidiyyəti qaydada baxılmışdır.

Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025 ci ilin İş Planına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirilir və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi davam edir.

Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir. Hesablama Palatasının cari il və əvvəlki illərdə keçirdiyi nəzarət tədbirlərinin siyahısı, eləcə də nəticələri barədə məlumatlarla Hesablama Palatasının “Dövlət auditi” rəsmi rüblük məlumat bülleteni, rəsmi internet səhifəsinin (www.sai.gov.az) “Fəaliyyət” bölməsinin “Dövlət auditinin nəticələri” alt bölməsi, eləcə də Hesablama Palatasının yarımillik və illik fəaliyyəti haqqında Hesabatı vasitəsilə tanış ola bilərsiniz.
“Dövlət auditi” rəsmi rüblük məlumat bülleteni Hesablama Palatasının rəsmi internet səhifəsinin “Fəaliyyət” bölməsinin “Dövlət auditi jurnalı” altbölməsində, yarımillik və illik fəaliyyət haqqında Hesabat isə “Hesabatlarımız” altbölməsində yerləşdirilir”.

Xatırladaq ki, sayt Hesablama Palatasının Mədəniyyət Nazirliyində apardığı yoxlamalar zamanı çoxsaylı maliyyə pozuntuları aşkarladığını yazıb.

Məlumata görə, yoxlamalar zamanı 8 milyon manata yaxın büdcə vəsaiti müxtəlif MMC-lər vasitəsilə silinib.

Bildirilir ki, ölkənin siyasi rəhbərliyinin qərarına uyğun olaraq, bu faktlar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək: "Bu isə nazir Adil Kərimlinin “vurulması” deməkdir. Çünki söhbət bir neçə yüz min manatın yox, 8 milyona yaxın vəsaitin talan olunmasından gedir".
 
“Gününsəsi”ni bilgiləndirən mənbə onu da vurğulayıb ki, nazir Adil Kərimli məsuliyyətdən qurtulmaq üçün komandasından bir neçə nəfəri qurban verməyə hazırlaşır.

Onu da xatırladaq ki, dünən saytımızda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəylinin vəzifəsindən kənarlaşdırılacağına dair xəbər yayılıb. Bildirilir ki, nazir büdcə talanmasına görə daha iki nəfəri günahkar görür.

Mədəniyyət Nazirliyinin mətbuat xidməti isə sualımızı şərh etməkdən imtina edib.

Qurumun sözçüsü Aynur Kərimova saulımızı cavablandırmaq əvəzinə informsiyanın qaynağını bizdən soruşub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA