Poroşenko bəyanat verdi, Rasmussen çağırış etdi - VİDEOLAR

img

04-09-2014 [22:45]


Uelsin Nyuport şəhərində NATO-nun sammiti öz işə başlayıb.

ANS TV-nin məlumatına görə, bu sammitə İraq, Suriya və Əfqanıstandakı vəziyyətin birbaşa və dolayı yolla təsir etdiyi bölgə ölkələrinin liderləri daha böyük ümidlərlə gəlib. Sammitin gündəliyinə həmçinin aprel ayından bəri rusyönümlü qüvvələrlə hərbi əməliyyatların aparıldığı Ukraynadakı vəziyyətin çözülməsi də daxildir. Bu sammitdə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prezident qismində ilk dəfə çıxış edir.

Toplantının ilk günü Əfqanıstanla bağlı müzakirələrdə əsas məqam orada sabitliyin qorunmasının ilin sonunadək yerli təhlükəsizlik qüvvələrinə təhvil veriləcəyi barədə yekdil rəy olub.

Sammitin birinci günündə öz ölkəsinin problemlərilə Uelsə gələn Ukrayna prezidenti Petro Poroşenkonun bəyanatı da yaddaqalan oldu. Birləşmiş Ştatlar, Böyük Birtaniya, Fransa və Almaniya liderlərilə görüşən Ukraynalı prezident Minsk görüşü təsdiqlənəcəyi halda sabah saat 14-də atəşin dayandırılması əmrini verəcəyini bəyan edib.

Sabahkı müzakirələrdə əsas vurğunun Yaxın Şərqdəki hadisələr üzərində olacağı planlaşdırılır. Özlərini mücahid elan etmiş silahlıların son zamanlarda amerikalı jurnalistləri qətlə yetirməsi və Amerikanın avqust ayında İraq ərazisinə aviazərbələr endirməsi bu mövzunu əsas gündəmə çevirib.

"Əvvəlcə, mən İraqa yardım üçün atılan hər bir addımı, eləcə Amerikan ordusunun terrorçu təşkilatın irəliləməsinə mane olan addımlarını alqışlayıram. Mən inanıram ki, beynəlxalq ictimaiyyətin bu təşkilatın qarşısının alınması ilə bağlı böyük öhdəliyi var”, - deyə NATO-nun baş katibi Anders Foq Rasmussen qeyd edib.

Sammitin keçirildiyi Nyuport şəhərində təhlükəsizlik ən yüksək səviyyədə qorunur. Bir gün əvvəl qədim qalalardan ibarət olan bu şəhərə Böyük Britaniya da daxil olmaqla 10-dan çox ölkənin hərbi polis qüvvələri cəlb olunub.

Turizm mərkəzi olan Nyuportda sammitin davam etdiyi bir vaxtda müharibə əleyhdarları etiraz aksiyası da keçirib. Aksiya iştirakçıları davam edən müharibələrdə siyasətçiləri təqsirləndirib və onları bu müharibələri dayandırmaq üçün səylərini gücləndirməyə çağırıb. 









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA