İnternetdə ədalətsizlik... - İctimai Şura üzvü yazır

img

25-09-2025 [13:49]


Osman GÜNDÜZ,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvü, 

***

İnternetdə ədalətsizlik: 5-10 min maaş alan da, 320 manat pensiya alan da eyni 25 manatı ödəyir.

“Kartel” deyilirdi, bəs sonra nə oldu?

2024-cü ilin 15 avqust tarixində dövlət provayderi Aztelekom-un təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən bütün internet provayderləri eyni gündə və eyni qərarla minimal tarifləri 50% artıraraq 25 manat səviyyəsində müəyyən etdilər.

Antiinhisar həmin vaxt bu qərarı "kartel sövdələşməsi və seçim hüququnun məhdudlaşdırılması" kimi qiymətləndirərək araşdırma başladığını açıqlamışdı.

Amma indiyədək bu araşdırmanın nəticəsi ictimaiyyətə açıqlanmayıb.

Bu gün də vəziyyət dəyişməyib.

İstər pensiya alan, istərsə də özəldə və dövlət qurumunda yüksək maaşla çalışanlar – hər kəs eyni tariflə, 25 manatla internetə çıxış əldə edir. Heç bir alternativ seçim imkanı təqdim olunmur.

Təsəvvür edin ki, regionlarda 320-400 manat minimal əməkhaqqı və minimal pensiya alan vətəndaşlar gəlirlərinin 7–8%-ni internetə ödəyirlər. Dünyanın heç yerində belə göstərici yoxdur.

Dünyada bu göstərici 1–2% civarında məqbul hesab edilir.

Ən paradoksal məqam isə budur: bu qiymət artımına qərar verən şəxslər – 5-10 min manat maaş alanlar – gəlirlərinin cəmi 0.2–0.5%-ni internetə xərcləyirlər.

Bu vəziyyəti necə izah etmək olar?

İndi mən tənzimləyici olan İKTA-ya, Aztelekom-un yeni sahibi olan AZCON-a və nəhayət hökumətə müraciət edirəm, bu qədər açıq-aşkar ədalətsizliyə nə ad vermək olar ?

BMT-nin yeni tələblərinə əsasən, internetə çıxış insanların fundamental hüququ kimi tanınır. Bu, hansısa bir lüks deyil.

Əgər bölgələrə, sosial təbəqələrə və real tələbatlara uyğun tarif modelləri təqdim olunmazsa, rəqəmsal bərabərlikdən danışmaq mümkün olmayacaq.

Rəqəmsal transformasiyanı sürətləndirmək, rəqəmsal xidmətlərə əlçatanlığı artırmaq və xüsusilə regionlarda yaşayan vətəndaşlara yeni imkanlar yaratmaq üçün onlayn çıxışın genişləndirilməsi vacibdir.

Vəziyyətdən çıxış yolu nədir?

Bəli, Aztelekom böyük bir iş görərək ölkə üzrə internetə əlçatanlığı genişləndirib. Amma bu uğurun ardınca, ölkə bazarının 50%-dən çoxuna nəzarət edən nəhəng bir dövlət provayderinə çevrilib.

Əlavə olaraq, dövlətə məxsus magistral xətlərin əksəriyyəti də Aztelekom-un ixtiyarındadır. Son zamanalar isə bir neçə provayder və şirkətləri də özünə birləşdirə bilib.

Beləliklə də, bazarda dövlətə məxsus Aztelekom-un hökmran mövqeyi formalaşıb.

Bu gün AZCON Holdinq tərkibində aylıq 100 milyon manatdan çox gəlir əldə edən ən böyük oyunçu da məhz Aztelekom-dur.

Ona görə də, ilk addımı dövlət, AZCON tərkibində olan Aztelekom atmalıdır. İlk olaraq Aztelekom minimal tarifləri aşağı salmalı, bölgələr üçün fərqli, daha münasib seçim imkanları təqdim etməlidir.

Hazırda cəmiyyətin gözləntisi də məhz budur.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA