Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - İlham Əliyev müraciət ünvanlayıb (Yenilənib)
22-09-2025 [10:12]
Prezident İlham Əliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciəti Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub.
Müraciətdə bildirilir:
"Hörmətli Forum iştirakçıları,
Sizi Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram.
Azərbaycanda ilk dəfə keçirilən bu Forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platforma olacağına inamımı ifadə edirəm.
Müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmışdır.
Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.
Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.
Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış "Əsrin Müqaviləsi" qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşmüş, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir.
Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilmişdir. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artmış və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlmişdir. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artmışdır. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.
Bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənmişdir: hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınmış, onların 98-i artıq istehsal fəaliyyətinə başlamışdır. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılmış, burada 11 minə yaxın daimi iş yeri yaradılmışdır.
Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsində qorunmuşdur İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəltmiş və ölkənin maliyyə gücünü artırmışdır. 2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artmış, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6,5%-ə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilmişdir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.
Enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır. Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də "ağıllı infrastruktur" konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bugünün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur.
Ölkədə qanunun aliliyin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir.
Ənənəvi enerji sahəsindəki uğurlarımız bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır. Bulud texnologiyalarının genişləndirilməsi, rəqəmsal məlumat infrastrukturunun inkişafı və innovativ həllərin iqtisadiyyatın əsas sahələrinə inteqrasiyası Azərbaycanın gələcəkdə yüksək texnologiyalar və süni intellekt sahəsində strateji mərkəz rolunu oynamaq üçün mövqelərini daha da möhkəmləndirir.
Azərbaycan yaradıcı təşəbbüsləri, iş adamlarına daha mənfəətli fəaliyyət imkanları təqdim edən layihələri daim dəstəkləyir. Hesab edirəm ki, Azərbaycanın təqdim etdiyi üstünlüklərdən faydalanmaqla tərəfdaşlarımız ölkəmizin dayanıqlı inkişafına, texnoloji tərəqqisinə və bütövlükdə regionunun firavanlığına mühüm töhfələr verə bilər.
Bu gün keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıcdır. Bizim əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir. Mən hamınızı kapital, texnologiya və ideyalarınızı Azərbaycana gətirməyə dəvət edirəm.
Əminəm ki, sizin ideya və təşəbbüslərinizin Azərbaycanda real layihələrdə əksini tapması uğurlu əməkdaşlığa və ümumi rifaha möhkəm zəmin yaradacaqdır.
Forumun işinə uğurlar, bütün iştirakçılara isə yeni səmərəli tərəfdaşlıqlar arzulayıram".
***
Bu gün Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) işə başlayıb.
Mia.az xəbər verir ki, sabah başa çatacaq tədbir İqtisadiyyat Nazirliyinin, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentiyinin (AZPROMO) təşkilatçılığı ilə baş tutub.
Forumda dövlət və hökumət rəsmiləri, iş adamları və beynəlxalq investorlar iştirak edir. Tədbir çərçivəsində bir sıra anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur.
Forumda Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini səsləndirəcək.
Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal platforma təqdim edir. Tədbir iştirakçıları yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaqlar.
"İki dəfə dünya çempionu olmuşam, bir səhvdir, etmişik" - Mayora hücum edən idmançılar hakim qarşısında
İctimai yerdə futbol oynayan uşaqların valideynləri cərimələnb
ChatGPT-lə bağlı yeniliklər olacaq
İlham Əliyev prokurorların beynəlxalq konfransının iştirakçılarına müraciət göndərib
2600 manat birdəfəlik müavinət necə veriləcək? - Deputatdan açıqlama
Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - İlham Əliyev müraciət ünvanlayıb (Yenilənib)
Bakının əsas mərkəzi yolları yenidən açıldı
ABŞ-da silahlı insident: 2 nəfər ölüb, 5 yaralı var
50 yaşlı keçmiş məhkum 64 yaşlı həmkəndlisini döyə-döyə öldürüb
Türkiyədə yenə zəlzələ olub
Oğuzda əməliyyat: ər, arvad, gəlin və oğul qandallandı - FOTO
Ali Koç getdi, yeni prezident seçildi - Komanda 10 nəfər qalan rəqibə qalib gələ bilmədi
Ərdoğan ABŞ-da: "Trampla regional müzakirələr aparacağıq" - FOTO
Qəzzada qida çatışmazlığı: son 24 saatda daha 5 nəfər acından ölüb
Fələstin XİN: "Oxşar addımı ABŞ-dan da gözləyirk"
Dünyanın estetik cərrahları Bakıya toplaşır - Məşhur hipnozçu Korzay Koçak onların arasındadır (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlin son Günəş tutulması başlayıb
ADPU-nun Şamaxı filialında “Suverenliyimiz – Gücümüz və Qürurumuzdur!” mövzusunda tədbir keçirilib
Kanada Fələstini dövlət kimi rəsmən tanıyıb
Hakim olmaq istəyənlər imtahan verdi
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyev Malta prezidentinə məktub ünvanlayıb - MƏTN
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə Şəhər Günü münasibətilə konsert proqramı keçirilib
Goranboyda ər arvadını öldürülüb
Ruandanın prezidenti Azərbaycana niyə gəlib? - TƏHLİL
Keçmiş səfir XİN-də yüksək vəzifəyə təyinat aldı
Azərbaycan prezidenti Ruanda lideri ilə görüşüb, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (YENİLƏNİB)
Kəlbəcər şəhərinə növbəti köç olub
Ruanda Prezidenti "ASAN xidmət" mərkəzində olub
Kənan Şakirin şeirləri...
Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
Yoxa çıxan məktublar, yaşayan ünsiyyət və ya rəqəmsal dünyaya açılan poçt xidmətləri...
Jurnalist Şəmistan Nəzirli vəfat edib
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
"Azərbaycan Dəmir Yolları"nda növbəti skandal: bütün kasssirlər vəzifədən azad edilib