Azərbaycan-ABŞ strateji tərəfdaşlığı və Ermənistanla saziş... - TƏHLİL
08-08-2025 [15:20]
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Donald Trampın dəvəti əsasında ABŞ-da səfərdədir. Səfər çərçivəsində ilkin təmaslar baş tutub və pozitiv mesajlar ictimaiyyətə açıqlanıb.
Bununla belə, məsələyə aydın nəzər yetirmək və praqmatik yanaşma sərgiləmək üçün iki əsas aspektə baxmaq lazımdır:
1. Azərbaycan-Ermənistan sülh gündəliyi
Azərbaycan-Ermənistan sülh gündəliyi aydın məsələdir ki, səfərin və dəvətin əsasını təşkil edir. Bu baxımdan daha çox bu istiqamətdə razılıqların olması gözlənilirdi. İctimaiyyətə yansıdılan məlumatlardan da bu qənaətə gəlmək olar ki, İrəvan və Bakı ilkin razılıq əldə edib.
Birincisi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflandığı deyilir. Bu mühüm nailiyyətdir. Ümumiyyətlə, paraflama sülh müqaviləsinin artıq əsas mətninin tərəflər tərəfindən razılaşdırıldığını və heç bir ciddi fikir ayrılığının qalmadığını göstərir. Bu mərhələ tərəflərin yekun imza mərhələsinə keçməyə hazır olduğunu bildirir.
Onu da deyim ki, indiki məqamda hüquqi baxımdan sənəd tam qüvvəyə minmir, amma siyasi baxımdan bu çox vacib irəliləyiş sayılır. Çünki artıq tərəflər açıq şəkildə elan edirlər ki, onlar həmin razılaşmanı qəbul edirlər və imzalamağa gedirlər. Yəni Azərbaycan və Ermənistan sülhün şərtlərini mətn şəklində razılaşdırıblar, sadəcə bundan sonra daxili təsdiqləmə prosedurları və rəsmi imza mərasimi qalır.
Bakı və İrəvan sülh müqaviləsinin paraflanmasına razılıq veriblərsə, bu həm də onu deməyə əsas verir ki, Ermənistan Konstitusiyasına da dəyişikliklər ediləcək. Bu, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması deməkdir və Bakının mühüm şərtlərindən biri idi.
İkincisi, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunması razılaşdırılıb. Məlum olduğu kimi, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Ermənistan Bakının bu tələbini qəbul edir.
Burada diqqət çəkən məqam Prezident D.Trampın Zəngəzur dəhlizinin qarantı rolunu oynayacaq olmasıdır. Bir müddət öncə Vaşinqtonda bu məsələ ilə bağlı ABŞ ilə Ermənistan arasında saziş imzalanmışdı.
Təbii ki, bu, müsbət hadisədir, amma effektivliyinə dair narahatlıqlar yox deyil. Çünki İrəvanın xarici təsirə açıq olması təxribat risklərini hər zaman aktual edir. Vaşinqtonun təhlükəsiz və maneəsiz hərəkəti davamlı və uğurla təmin etməsi zamandan və qlobal vəziyyətdən asılı olacaq. Xüsusilə Kremlin Ermənistandakı təsirini nəzərə aldıqda, təxribat riskləri aktual olaraq qalacaq.
Üçüncüsü, Azərbaycan və Ermənistan liderləri Minsk Qrupunun ləğv edilməsi üçün ATƏT-in Baş Katibinə birgə müraciət edəcək. ATƏT-in Minsk Qrupu onsuz da uzun müddətdir ki, fəaliyyət göstərmir. Onun əsas missiyası münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik etmək idi. Tərəflər öz aralarında sülh müqaviləsinin əsas şərtlərini razılaşdırdıqlarını və münaqişəni bağlamağa qərar verdiklərini açıq şəkildə bəyan edirlərsə, Minsk Qrupunun legitim əsasları və əhəmiyyəti avtomatik olaraq itmiş olur. Digər tərəfdən Minsk Qrupu Azərbaycan və Ermənistanın razılığı əsasında formalaşmışdı.
Bu məsələdə ehtimal olunan risk vasitəçilərdən birinin, konkret desək Rusiyanın, bu müraciətə razılıq verməməsidir. Bu, vəziyyəti mürəkkəbləşdirə bilər. Düzdür, bu məsələdə əsas qərar hər iki tərəfin ortaq qərarıdır. Yəni Rusiyanın etirazı prosesi dayandırmayacaq, amma bürokratik uzanmalara səbəb ola bilər.
Daha ətraflı və dəqiq məlumat ABŞ Prezidenti D.Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir N.Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması ilə təsdiqlənəcək.
Ümumiyyətlə, ictimaiyyətə açıqlanan detallara baxdıqda prosesin müsbət dinamikası aydın görünür. Risk faktorları da var, amma İrəvan və Bakının razılaşa bilməsi özlüyündə prosesin gələcəyinə nikbin baxmağa əsas verir. D.Trampın səyləri də təqdirəlayiqdir. Hətta deyərdim ki, onun Azərbaycan-Ermənistan normallaşma prosesində belə yaxından iştirakı C.Karterin 1978-ci il Kemp-Deviddə Misir ilə İsrail arasında imzalanmış müqavilə ilə müqayisə oluna bilər.
2. Azərbaycan-ABŞ ikitərəfli əlaqələri
Prezident İlham Əliyevin ABŞ-a səfərinin ikinci mühüm aspekti Azərbaycan-ABŞ ikitərəfli əlaqələridir. Artıq heç kəs üçün sirr deyil ki, Bakı D.Trampın hakimiyyətə gəlməsində maraqlı olub. 2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə, Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdi.
Prezident İlham Əliyev bir neçə dəfə açıqlamalarında D.Trampın prezidentliyi dövründə ABŞ-ın heç bir müharibə başlatmadığını, onun ailə dəyərlərinə, ənənəvi dəyərlərə xüsusi önəm verdiyini bildirib.
D.Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı. Hər iki lider arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi baş tutdu. Yeri gəlmişkən, Prezidentin ABŞ-a səfəri də əsasən D.Trampın dəvəti əsasında baş tutub.
Səfər çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə dair iki mühüm razılıq əldə edilib:
Birincisi, Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq, bu səfər çərçivəsində Prezident Tramp tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanacaq. 907-ci düzəliş ümumiyyətlə Bakı ilə Vaşinqton arasında münasibətlərin ən əsas və həlli vacib problemi sayılır. Belə ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana “blokada” tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdi. Bu düzəliş bir müddət dayandırılsa da Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi 907 saylı düzəlişi yenidən canlandırmış, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdı.
907 saylı düzəlişin icrasının dayandırılması müsbət hadisədir. Lakin bu, həmin sənədin birdəfəlik ləğvi demək deyil. Yəni Trampdan sonra hakimiyyətə gələcək yeni prezident bunu bərpa edə bilər. Bu mənada prosesin ardı kimi Bakı təmaslarını davam etdirməli, gələcəkdə 907 saylı düzəlişin tam ləğvinə çalışmalıdır. Təəssüf ki, bu da elə asan və tez başa gələcək proses deyil. Çünki qanunvericilikdə belə bir dəyişiklik, xüsusən də bu qədər strateji və diplomatik əhəmiyyətə malik bir məsələ, təkcə ABŞ prezidenti tərəfindən təkbaşına həyata keçirilə bilməz. Prezident, əlbəttə, müəyyən icazələr və ya müvəqqəti “dayandırma” tətbiq edə bilər ki, bu da keçici məhdudiyyətlərin aradan qaldırılması deməkdir. Lakin qanunun tamamilə ləğvi üçün Konqresin razılığı zəruridir.
İkincisi, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edəcək:
- Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;
- Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;
- Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.
ABŞ-Azərbaycan strateji tərəfdaşlığı hər şeydən öncə balans siyasətinin növbəti təzahürüdür. Çünki Bakı bundan öncə Rusiya və Çin ilə də strateji tərəfdaşlıq sazişi imzalayıb. Düzdür, bu üç ölkə ilə imzalanan sazişlərdə fərqliliklər olsa da, tətbiq edilən və ediləcək balans siyasətinə eyhamdır.
Digər tərəfdən, Bakı gələcəkdə ABŞ-la münasibətlərin pozulmasını istəmədiyi üçün münasibətlərə və əməkdaşlıqlara rəsmiyyət qazandırır. Bu həm də ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi deməkdir.
Prezident İlham Əliyevin ABŞ-a səfəri davam edir. Mühüm görüşlər hələ öndədir. Lakin indiyə qədər ictimaiyyətə yansıdılanlar və ehtimalları nəzərə aldıqda deyə bilərik ki, Prezident mühüm razılaşmaların əldə edilməsinə nail olub. Düzdür, eyforiyaya qapılmaq lazım deyil. Risk faktorlarını hər zaman diqqətdə saxlamalıyıq. Amma indiyə qədər olanlar mühüm nəticələrdir və təqdirəlayiqdir.
Turan Rzayev
MİA.AZ
DONALD TRAMP İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ - MƏTN + SƏNƏD
Ramiz Mehdiyevlə bağlı videosu yayılan PA-nın sabiq şöbə müdiri: "Necə olur ki, mənim saçıma düşən dən orda görünmür?" - MÜSAHİBƏ
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
Müseyib bəy Axıcanov kim olub? - Tarixi faktlar...
Sabah yağış yağacaq
Əbülfəs Qarayevin “qara siyahısı”: hotel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə müzakirə aparıb
İlham Əliyev Finlandiya prezidentinə məktub ünvanlayıb - MƏTN
Azərbaycan nefti 67 dollara qalxdı
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: "300 min pul qazananda deyirdilər ki..."
Problemləri ilə baş-başa qalan Salyan: "Baxan yoxdur" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: PÜŞK ATILDI, RƏQİBLƏR BƏLLİ OLDU
"Xəyalların rəngi" kitabının təqdimatı keçirilib - FOTOLAR
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
"Qalatasaray" - "Samsunspor" matçı: heyətlər bəlli oldu
UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb
16 həkim barədə şok iddia yayıldı - Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı istintaq altında...
Bakıda "Yelobank"ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış...
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
Messidən DÇ-2026 ilə bağlı açıqlama: "Yenə qazanmaq istəyirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyə kuboku: püşk atıldı - Qarşılaşmalar
Prezident daha bir sərəncam imzaladı, mərkəzə tapşırıq verildi
"Temu 1106" vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq
Salyanda məktəbdə zəhərlənmə olub (YENİLƏNİB)
Məhkəmə Əli Kərimlinin şikayətinə "yox" dedi
DİN və AQTA-dan birgə əməliyyat: yararsız at əti aşkarlanıb
Elçin Əmirbəyov İsveçrədə növbəti görüş keçirib - Açıqlama
Beynəlxalq Bank sədrinin birinci müavini niyə vəzifədən getdi?
Putin Hindistanda: "Sizə fasiləsiz enerji ötürməyə hazırıq"
Saytlarda yaranan problemlərlə bağlı rəsmi - Açıqlama
"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
Deputatlar toplanır: daha hansı qanunlar dəyişir? - SİYAHI
Nizami rayonunda küçələr su altında: qurumlar isə yoxa çıxıb