"Match TV" kanalının yayımı niyə dayandırılıb? - Açıqlama (Yenilənib)

img

02-06-2025 [17:06]


Audiovizual Şura "Matç Tv"nin ölkəyə yayımının dayandırılması barədə açıqlama yayıb.

Mia.az xəbər verir ki, açıqlamada Şuraya multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən bir sıra idman televiziya kanallarının ("МАТЧ! ФУТБОЛ 1", "МАТЧ! ФУТБОЛ 2", "МАТЧ! ФУТБОЛ 3", "МАТЧ! ПРЕМЬЕРА", "МАТЧ! ИГРА", "МАТЧ! АРЕНА", "МАТЧ! СТРАНА", "МАТЧ!") çıxarılması ilə bağlı müraciətlər daxil olub:

""Media haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər. Qanunvericiliyin bu tələbinə riayət olunmasının təmin edilməsi üçün Audiovizual Şura tərəfindən son illərdə müvafiq işlər həyata keçilir. Bu məqsədlə operatorlarla çoxsaylı görüşlər keçirilmiş, onlara həm şifahi, həm də yazılı olaraq müvafiq tövsiyələr verilmişdir. 2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək retranslyasiya paketlərinin monitorinqləri nəticəsində qeydə alınmış pozuntulara görə 20-dən çox operator barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və müvafiq məhkəmələrə göndərilmişdir. Məhkəmə qərarlarına əsasən həmin operatorların hərəsi 5000 manat cərimə olunmuşdur.

Bundan başqa, Audiovizual Şuranın apardığı araşdırmalardan məlum olmuşdur ki, yuxarıda adları qeyd olunan idman kanallarının Azərbaycan Respublikası ərazisində yayım hüququ yoxdur. Həmçinin, həmin kanallarda yayımlananan bir sıra beynəlxalq idman yarışlarının ölkəmizdə müstəsna yayım hüququ bir sıra yerli yerüstü və platforma yayımçıları tərəfindən alınmış və onların televiziya kanallarında həmin yarışlar təqdim olunur. Müstəsna və qeyri-müstəsna yayım hüququ əldə etmiş yayımçıların Audiovizual Şuraya etdikləri müraciətlərdən, habelə hazırda davam edən məhkəmə proseslərindən də aydın olur ki, "МАТЧ ТВ" kanallarının ölkəmizdə faktiki olaraq "pirat" yayımı onların qanunla qorunan mənafelərinə və iqtisadi potensialına ciddi ziyan vurur. Ümumiyyətlə, xarici televiziya kanallarının Azərbaycan Respublikası ərazisində operatorlar tərəfindən qanunsuz (icazə və ya razılaşma olmadan) retranslyasiyası ölkəmizin də bu sahədə imicinə ciddi xələl gətirir.

Qeyd olunan məsələləri nəzərə alaraq, Audiovizual Şura 13 may 2025-ci il tarixində bir daha multipleks və platforma operatorlarına rəsmi müraciət edərək retranslyasiya paketlərində "pirat" kanalların (o cümlədən, yuxarıda adları çəkilən idman kanallarının) yayımını dayandırmağı tələb etmiş və 01 iyun 2025-ci il tarixindən bu tələbə riayət etməyən operatorlara qarşı qanuna uyğun tədbirlərin görüləcəyini bildirmişdir.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu və həmin sənədin Audiovizual Şuraya təqdim edilməsi halında retranslyasiya oluna bilər. Bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçiriləcək və nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcəkdir".

***

Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.

Mia.az bildirir ki, bu barədə izləyicilərə müvafiq bildiriş təqdim olunub.

Məlumata görə, "Match TV" kanallarının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında" qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.

Qeyd edək ki, "Match TV" 2015-ci ildən yayımlanan Rusiya federal idman televiziya kanalıdır(axar.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 03.06.2025

Sabah yağış yağacaq