Baş həkimin oğlu üç nəfəri bıçaqladı - DİN reaksiya verdi

img

14-08-2014 [18:29]


Bakı şəhəri Xətai rayonu, Nəsrəddin Tusi küçəsində avqustun 6-da günorta saatlarında qanlı cinayət hadisəsi törədilib. Zərərçəkən Samir Cəfərov musavat.com-a etdiyi şikayətində iddia irəli sürür ki, "City Hospital”ın direktoru Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyevin rəhbərlik etdiyi peşəkar idmançılardan ibarət "qoçu” dəstəsi Azər və Aslan Cəfərov qardaşlarını, eləcə də, onların qonşusu Telman Nuriyevi bıçaqlayıblar. 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl saytlarda "Bakıda peşəkar idmançılar arasında kütləvi dava” başlıqlı yazı getmişdi. Yazının mahiyyəti bu cinayət hadisəsinin təfərrüatları məlum olandan sonra bilinib. Zərərçəkən deyir ki, əslinə qalsa, cinayət işinin yolunu azdırmaq üçün qəsdən mətbuata belə bir məlumat ötürülüb. 

Baş verən hadisəni zərərçəkmiş ailənin üzvü Samir Cəfərov təfsilatı ilə musavat.com - a danışıb. O, qardaşlarının bıçaqlanması ilə bağlı şok faktlar açıqlayıb: "Hadisə avqustun 6-da baş verib ...  Biz özümüz Şahbuz rayonunun Badamlı kəndindənik. Ailədə 3 qardaşıq. Kiçik qardaşım Aslan "City Hospital”da həkim işləyirdi. Böyük qardaşım Azər ixtisasca müəllimdir, hazırda Neft Şirkətində işləyir. Atam da müəllimdir. Yəni ziyalı ailəsiyik. Heç vaxt münaqişədə olmamışıq.

Polis idarəsinin yolunu belə tanımamışıq... Qardaşım Aslan "City Hospital”da həkim-rentgeneloq işləyirdi. Orada işlədiyi vaxt onun yanında çalışan tibb bacısı məzuniyyətə çıxıb. Qardaşım isə xəstəxananın direktoru Bayram Qorçuyevə bildirib ki, ona başqa bir tibb bacısı təyin etsin. O da işlərin hamısını qardaşımın görməsini tələb edib. Bu zəmində aralarında mübahisə yaranıb. Direktor qardaşımı küçə söyüşləri ilə təhqir edib. Məcburiyyət qarşısında qalan qardaşım onun cavabını verərək, işdən çıxması ilə bağlı ərizə yazıb”.

Şikayətçi qardaşlarının bu mübahisədən sonra bıçaqlandığını bildirib: "Bayram Qorçuyevlə yaranan narazılıqdan sonra onun oğlu Cavidan Aslana zəng vuraraq, ona qarşı nalayiq söyüşlər işlədib. Daha sonra Əhmədli qəsəbəsində görüş təyin olunub. Cavidan Qorçuyev özü də daxil olmaqla 6 nəfərdən ibarət dəstə yığaraq, Əhmədli qəsəbəsinə gəlib. Dəstə üzvləri  idmançılardan ibarət olub. Azər və Aslan həmin vaxt qonşumuz Telman Nuriyevlə birlikdə çayçıya gələrək, stol düzəldiblər. İstəyiblər ki, sakit şəkildə narazılıq aradan qalxsın. 

Onlar gəldikləri zaman Aslana zəng vuraraq, yolu göstərmələrini tələb ediblər. Aslan onları qarşılamağa çıxan zaman qonşusu Telman da onunla çıxıb. Aslan və Telman ora çatan kimi, maşından düşən idmançılar onları vurublar. Daha sonra hər ikisini yerdə bıçaqlayıblar. Həmin vaxt hadisə yerinə çatan digər qardaşım Azər Aslana vurulan zərbələrə mane olmaq üçün bıçağı tutmağa çalışıb. Lakin onu da bıçaqlayaraq, yerə yıxıblar. Daha sonra onları qan içərisində qoyaraq, uzaqlaşıblar. Heç bir xəstəxana qardaşlarımı müalicəyə götürmək istəmirdi. Sonda birində mümkün oldu. 4 gün ölü vəziyyətində qaldılar. Hazırda həyatlarına olan təhlükə davam edir”.

Şikayətçi hadisədən keçən müddət ərzində cinayəti törədənlərin həbs olunmadığını, əksinə, zərərçəkən olaraq, özlərinin hədələndiklərini diqqətimizə çatdırdı. Onun bundan sonra dedikləri isə, olduqca ciddi iddialardır: "Qardaşlarımı öldürmək istəyən birbaşa Bayram Qorçuyevin özüdür. Oğluna tapşırıq verib, göndərib. Pulunun gücünə güvənir. İndiyə qədər neçə dəfə bu şəxsin özü bu cür hadisələr törədib. Lakin pul gücünə cinayətlərini ört-basdır edib. Qardaşlarımı birinci vuran  kik -  boksinq üzrə 5 qat dünya çempionu Ehram Məcidovdur. Hazırda yığmada məşqçi işləyir. Ona kömək edənlər Cavidan, Abbas və Sənan olub. Qalan bir nəfəri isə guya ki, hələ istintaq tapa bilmir. İndiyə qədər Bayram Qorçuyevin oğlunun başçılıq etdiyi bu 5 nəfərlik dəstədən heç kəs tutulmayıb. Hamısı azadlıqdadır. Qardaşlarım isə ölümlə çarpışır. Hadisə yeri və işləri belə bəllidir. Nə vaxt müraciət ediriksə, deyirlər ki axtarırıq. Necə olur ki, onların yaşadığı ünvanı, iş yerlərini biz bilirik, amma onlar yox. İstəsələr bir dəqiqənin içərisində tapa bilərlər. Sadəcə pula görə işi bağlamaq istəyirlər”.

Cəfərovlar ailəsi üzləşdikləri özbaşınalıqlarla bağlı Prezident Administrasiyasının qarşısına gedəcəklərini bildirdilər: "Cəfərovlar ailəsi olaraq prezidentə, Mehriban xanıma, DİN-ə, prokurorluğa kömək istəyirik. Artıq bu insanlıqdan kənar bir hadisədir. Düşmən bizimlə bəlkə də belə davranmazdı. Qardaşımın azyaşlı uşaqlarının gözlərinə baxa bilmirik. Əgər bir xəstəxana rəhbərinin oğlu rahat 3 nəfər gənci şəhərin ortasında, hamının gözü qarşısında belə rahat bıçaqlayırsa, deməli hansısa məmurun övladı 100 nəfər insanı öldürüb, qanını bu ölkədə batıra bilər.

 Yalandan bizə şər atırlar ki, qardaşlarım guya ki, onların övladını döyüblər. Bunlar azmış kimi, hətta bizi hədələyirlər. Bayram Qorçuyev qardaşıma zəng vursa da, onun telefonuna cavab vermirik. İşçisinə deyib ki, onlara deyin ki, bu məsələni ağartmasınlar. Özlərinə ziyan olacaq. Hamısını tutduracam. Amma bu hədələr bizi qorxutmur. Sona qədər qardaşlarımızı bu günə salanlarla mübarizə aparacağıq. Qanunla onlar cəzalarını çəkməlidirlər. Sizlərdən xahiş edirik, bizə yardımçı olun”.

Baş vermiş olayla bağlı cinayətdə adı hallanan "City Hospital”ın direktoru Bayram Qorçiyevin özü ilə əlaqə saxladıq. Lakin o, bu barədə danışmaq istəmədi. 

İşi aparan Bakı Şəhər Baş Polis İdarəsinin Vüsal adlı müstəntiqi ilə də əlaqə yaratdıq. Ancaq o, jurnalist olduğumuzu biləndən sonra telefonu qapatdı.

Baş vermiş hadisə ilə bağlı DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov baş vermiş dəhşətli hadisə ilə bağlı cinayət işi açıldığını bildirdi: "Hadisə avqustun 5-də günorta saatlarında Xətai rayonu ərazisində Cavidan Qorçuyev, Telman Nuriyev, Azər Cəfərov və onun qardaşı Aslan arasında baş verib. Münaqişə nəticəsində Cavidan bıçaqla qeyd etdiyim vətəndaşlara xəsarət yetirib.


Hazırda bununla bağlı 126 (qəsdən xəsarət yetirmə) və 221 (xuliqanlıq) maddələrlə cinayət işi qaldırılıb. İstintaq başa çatandan sonra, hadisəyə hüquqi qiymət veriləcək. Əgər hadisə ört-basdır edilsəydi, iki maddə irəli sürülməzdi. Mən bilən Cavidan özü də hazırda xəstəxanadadır. Peşəkar müstəntiqlər bu işi aparır. Cinayət törədən və zərərçəkmişlərin ifadələrin alınıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA