Masallıda polisi bıçaqla qovan gənc həbs edildi

img

21-07-2014 [13:45]


Masallıda bir neçə gün öncə polis əməkdaşını söyərək bıçaqla qovan şəxs saxlanılıb. cenubnews.com-un məlumatına görə, bu, rayonun Həsənli kənd sakini, I qrup Qarabağ əlili Vüqar Eynullayevin oğlu İlqar Eynullayevdir.

Ötən gün maskalılar əməliyyat keçirərək onu yaxalayıblar. Əməliyyat zamanı onun başına torba keçirilərək aparılıb. Vüqar Eynullayevin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatçıları tərəfindən aparıldığı güman olunur.

Polislə saxlanılan şəxs arasında insident barədə bir neçə gün öncə məlumat vermişdik. Olay rayon mərkəzindəki Heydər Əliyev parkının yaxınlığında qeydə alınıb. Şahidlərin dediyinə görə, parkın yaxınlığında "VAZ 21074” markalı, 10 LU 037 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən avtomobilin ön tərəfindəki "şaravoy” çıxıb və sürücü avtomobili yolun kənarına verərək saxlayıb. Bu zaman ərazidə növbə çəkən Post Patrul Xidmətinin (PPX) əməkdaşları rayon DYP-nə zəng edərək sürücünün qəza törətdiyini xəbər veriblər.

Bir neçə dəqiqə sonra Masallı Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin əməkdaşları - polis leytenantı Mirxas Təhməzov və serjant Kənan Mövsümov əraziyə gəliblər. Yol polisi sürücü ilə danışdığı zaman yoldan keçən "Prirora” markalı minik avtomobilinin qarşısını PPX əməkdaşı Vüqar Həsənov kəsib. "Prirora”da olan Masallı rayonunun Həsənli kənd sakini I qrup Qarabağ əlili Vüqar Eynullayevin oğlu İlqar Eynullayev polisi söyərək yoluna davam edib. Vəziyyətin qəlizləşdiyini, insanların onlara güldüyünü görən polis qayıdaraq xidməti avtomobilə oturub.

Çox keçmədən "Prirora” parkın qarşısında peyda olub və avtomobildən düşən həmin gənc onun yolunu kəsən PPX əməkdaşını axtarmağa başlayıb. Və gözü həmən serjanta sataşıb. Gənc oğlan polis avtomobilinə yaxınlaşaraq "Sən idinmi mənim yolumu kəsən, ay səni belə-belə olasan...” – deyə polisi söyüb. Cavabında polis serjantı əlindəki rezin dəyənəklə Vüqar Eynullayevi iki dəfə vurub. Oğlan yerə yıxılıb. Serjant yanındakı yoldaşlarına "götürün qandallayın, basın maşına” deyib. Amma polis əməkdaşları gəncin əllərini qandallaya bilməyiblər.

Vüqar Eynullayev yerdən qalxan kimi avtomobilinə doğru qaçıb və bıçaq götürüb. Daha sonra polisin üstünə hücum çəkib və əlindəki bıçaqla dəyənəkli serjantı qovalamağa başlayıb. Təqib zamanı polis serjantı əlindəki rezin dəyənəyi də tullayaraq başqa bir polis postuna sığınıb. Bir qədər keçmiş həmin polis əməkdaşı və daha bir neçə polis zabiti RPŞ-nin növbətçi hissəsinin avtomobili ilə hadisə baş verən əraziyə gələrək həmən gəncin axtarışına başlamışdılar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA